Dünya
287
17:21, Bu gün

"Biz Vaşinqtonla sona qədər mübarizə aparmağa hazırıq": Pekindən Vaşinqtona sərt bəyanat

"Biz təhdidlərdən qorxmuruq, Çinlə ünsiyyətdə təzyiq, məcburiyyət və hədələr yanlış yoldur..."
 
Çinin ABŞ-dakı səfirliyi bəyan edib ki, Çin "əgər ABŞ bunu istəyirsə, müharibəyə hazırdır".
 
Moderator.az xəbər verir ki, bu barədə "Business Standard" nəşri məlumat verib. Məlumatı "informator.ua"  nəşri yayıb.
 
Məlumatda deyilir ki, bu açıqlama prezident Donald Trampın Çin mallarına tətbiq edilən rüsumları 10 faizdən 20 faizə qaldırmasından sonra gəlib. Tramp bu addımı "Çinin fentanil adlı qadağan olunmuş narkotiklə bağlı böhranı yumşaltmaq üçün yetərli addımlar atmaması" ilə əsaslandırıb.
 
Çin səfirliyinin bəyanatında vurğulanır ki, Vaşinqton Pekinə bərabər tərəfdaş kimi yanaşmalıdır.
 
"Əgər ABŞ həqiqətən də fentanil problemini həll etmək istəyirsə, doğru yol Çinlə məsləhətləşmək və qarşılıqlı hörmət çərçivəsində davranmaqdır. Əgər ABŞ-ın istədiyi müharibədirsə, - istər tarif müharibəsi, istərsə də ticarət müharibəsi və ya başqa bir müharibə olsun, - biz sona qədər mübarizə aparmağa hazırıq", - səfirliyin bəyanatında deyilir.
 
Bu arada Çin Xarici İşlər Nazirliyi fentanil məsələsini "ABŞ-ın Çin idxalına əlavə rüsumlar tətbiq etməsi üçün zəif bir bəhanə" adlandırıb. Nazirlik sözçüsü bildirib ki, Çinin milli maraqlarını qorumaq üçün atdığı cavab tədbirləri tamamilə qanuni və zəruri addımlardır.
 
"Fentanil böhranına görə məsuliyyət başqalarının deyil, məhz ABŞ-ın üzərinə düşür. Biz Amerika xalqını rifahını nəzərə alaraq və humanizm prinsiplərinə uyğun olaraq, ABŞ-a bu problemlə mübarizədə kömək etmək üçün qəti addımlar atmışıq", - bəyanatda deyilir. 
 
"Lakin ABŞ bizim səylərimizi qəbul etmək əvəzinə, Çini ləkələməyə, günahı üzərimizə atmağa və rüsumları artırmaqla təzyiq göstərməyə çalışır. Onlar bizə etdiyimiz yardıma görə bizi cəzalandırır. Bu yanaşma ABŞ-ın problemini həll etməyəcək və narkotiklərlə mübarizədə dialoqumuzun və əməkdaşlığımızın zəifləməsinə səbəb olacaq", - Çin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
 
"Biz təhdidlərdən qorxmuruq. Təhdidlər bizə təsir etmir. Çinlə ünsiyyətdə təzyiq, məcburiyyət və hədələr düzgün yol deyil. Çin üzərində maksimum təzyiq siyasətini yürüdən hər kəs ciddi səhv edir", - Çin diplomatı vurğulayıb.
 
Tramp administrasiyası artıq mövcud olan 10 faizlik rüsumlara əlavə olaraq, Çin mallarına əlavə 10 faizlik tarif tətbiq edib. Yeni tariflər çərşənbə axşamı, 4 martın 4-dən qüvvəyə minib və eyni səbəblə Kanada və Meksikaya qarşı da tətbiq olunub.
 
Buna cavab olaraq Çin Ticarət Nazirliyi ABŞ-dan idxal edilən kənd təsərrüfatı məhsullarına 15 faizlik əlavə rüsum tətbiq edəcəyini açıqlayıb. Bu qərar martın 10-dan etibarən qüvvəyə minəcək. Həmçinin Pekin ABŞ-ın 15 korporasiyasının Çin bazarına çıxışını məhdudlaşdırmaq niyyətindədir.
 
Bundan əlavə, Çin hökuməti Tayvanla hərbi əməkdaşlığına görə Amerikanın daha 10 şirkətini "etibarsız subyektlər" siyahısına daxil edib. Siyahıya düşən şirkətlərin Çinlə ticarət aparmasına qadağa qoyulub, rəhbərlərinin ölkəyə girişinə icazə verilməyib və onların əməkdaşlarının yaşayış icazələri ləğv edilib.
 
Çinin yeni tarifləri ABŞ-ın kənd təsərrüfatı məhsullarının geniş bir spektrini əhatə edir. Buraya ət məhsulları, dənli bitkilər, pambıq, meyvə, tərəvəz və süd məhsulları daxildir. Halbuki Çin ABŞ-dan hər il on milyardlarla dollar dəyərində kənd təsərrüfatı məhsulu idxal edən əsas alıcılardan biridir.
 
Son vaxtlar isə Çin Braziliya və Argentinadan, xüsusən də soya lobyası idxalını artırır. Çin Ticarət Nazirliyi vurğulayıb ki, ABŞ-ın tətbiq etdiyi rüsumlar Dünya Ticarət Təşkilatının qaydalarını pozur və "Çin-ABŞ iqtisadi və ticarət əməkdaşlığının əsaslarını sarsıdır".
Link kopyalandı!
Son xəbərlər