Dünya
688
05 Mar 2025 | 21:53

"ABŞ və İsrail Qəzzanın bərpası ilə bağlı ərəb planını rədd edib" - "The Washington Post"

"İsrail beynəlxalq hüququn bütün normalarını pozur, heç bir dövlətə beynəlxalq ictimaiyyətə öz iradəsini zorla qəbul etdirmək imkanı verilməməlidir...
 
Martın 4-də, çərşənbə axşamı ərəb dövlətlərinin liderləri Misirin Qəzza bölgəsinin müharibədən sonrakı bərpasına dair planını təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu plan, ABŞ Prezidenti Donald Trampın Qəzza əhalisini başqa yerlərə köçürmək və ərazini bir çimərlik kurortuna çevirmək layihəsinə alternativ olaraq hazırlanıb.
 
Ərəb liderləri bu planı təsdiqləməklə Trampın təklifini rədd etdib. Sammitin nəticələrini HƏMAS alqışlayıb, İsrail isə rədd edib, Tramp administrasiyası isə mənfi reaksiya verib. Siyasətçilərin ilk reaksiyalarını "The Washington Post" qəzeti toplayıb.
 
Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Brayan Hyuz Misirin təklifini "reallaşdırılması mümkün olmayan" bir plan kimi qiymətləndirib. "Hazırkı təklif mövcud reallıqları nəzərə almır: Qəzza hazırda yaşayış üçün yararsız vəziyyətdədir, ərazi dağıntılar və partlamamış sursatlarla doludur", - Hyuz bildirib.
 
"Prezident Tramp Qəzzanın HƏMAS-dan azad olunaraq bərpası ideyasına sadiqdir. Biz bu regiona sülh və rifah gətirmək üçün gələcək danışıqları səbirsizliklə gözləyirik", - Amerika rəsmisi əlavə edib.
 
İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Oren Marmorşteyn Misirin planının "mövcud vəziyyəti əks etdirmədiyini" söyləyib. O, ərəb sammitinin yekun bəyanatında 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumunun qeyd olunmadığını və bu qrupun pislənmədiyini vurğulayıb. Onun sözlərinə görə, plan "köhnəlmiş baxışlara əsaslanır".
 
Marmorşteyn təsdiqləyib ki, İsrail Trampın Qəzza əhalisinin başqa yerlərə köçürülməsi planını dəstəkləyir və bunu "Qəzza sakinlərinə öz azad iradələrinə əsasən seçim imkanı vermək" kimi dəyərləndirir.
 
İsrail Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, Misirin bərpa planı 7 oktyabr hadisələrindən sonra artıq aktual olmayan reallıqlara əsaslanır. "Plan hələ də Fələstin Administrasiyasına və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinə söykənir.
 
"77 il ərzində ərəb dövlətləri fələstinliləri İsrailə qarşı siyasi alət kimi istifadə edərək, onları daimi "qaçqın" statusunda saxlayıb", -  İsrailin diplomatik qurumu vurğulayıb.
 
"HƏMAS-ın İsrailə hücumu bütün regionu qeyri-sabit vəziyyətə salıb. Qəzzadakı terrorçu rejim İsrail və qonşular üçün təhlükəsizlik şanslarını sıfıra endirir. Buna görə də sülh və sabitlik naminə HƏMAS hakimiyyətdə qalmamalıdır", - nazirlik bəyan edib.
 
Misirin xarici işlər naziri Bədr Əbdül-Əti İsrailin bu mövqeyini "qəbuledilməz", "inadkar" və "ekstremist" adlandıraraq tənqid edib. 
 
"Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq müstəqil Fələstin dövləti yaradılmadan nə İsraildə, nə də regionda sülh olacaq", – o bildirib. "İsrail beynəlxalq hüququn bütün normalarını pozur, beynəlxalq hüquq İsrailə tətbiq edilməlidir". "Heç bir dövlətə beynəlxalq ictimaiyyətə öz iradəsini zorla qəbul etdirmək imkanı verilməməlidir", - Əbdül-Əti əlavə edib.
 
Ərəb Dövlətləri Liqası tərəfindən təsdiqlənən Misir planı beş il ərzində Qəzzanın bərpasına 53 milyard dollar sərmayə yatırılmasını nəzərdə tutur. Bu plana əsasən, Qəzzaya heç bir siyasi partiyaya aid olmayan, lakin Fələstin Administrasiyasının rəhbərliyi altında fəaliyyət göstərəcək müstəqil ekspertlərdən ibarət bir komitə nəzarət edəcək.
Link kopyalandı!
Son xəbərlər