"Türkiyənin Avropa İttifaqında tamhüquqlu üzvlüyü bloku dalandan çıxara bilər..."
Avropa və Qərb bloku ölkələri Donald Trampın planına alternativ olaraq Ukrayna-Rusiya münaqişəsinin həlli üçün yeni bir ssenari hazırlamağa çalışır. Bu ssenari Kiyevin və bütövlükdə Avropanın maraqlarını daha çox nəzərə almalıdır. Londonda keçirilən sammit isə gözlənilən irəliləyişi təmin etməyib və gələcək təklifin detalları hələ də işlənilir.
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşrində dərc edilmiş müəllif məqaləsində deyilir.
Bu kontekstdə həm Kiyevlə, həm də Moskva ilə işgüzar münasibətləri qoruyub saxlayan və Londonda keçirilən sammitdə iştirak edən Türkiyə gələcək sülh prosesində açar rol oynaya bilər.
Hər halda Ankara vasitəçilik ambisiyalarını dəfələrlə bəyan edib. London sammitindən əvvəl "Reuters" agentliyi xəbər verib ki, Türkiyənin xarici işlər naziri Avropa liderləri qarşısında Rusiya və Ukrayna arasında sülh danışıqları aparılması təklifini yenidən irəli sürmək niyyətindədir.
Xəbərdə bildirilib ki, 2022-ci ilin martında Rusiya və Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyə "gələcək dövrdə bu rolu öz üzərinə götürməyə hazırdır". Bununla yanaşı, bütün tərəflər danışıqlar zamanı uzunmüddətli regional təhlükəsizlik, sabitlik və iqtisadi rifaha diqqət yetirməlidir.
Daha öncə prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni "Rusiya, Ukrayna və ABŞ arasında mümkün danışıqlar üçün ideal platforma" kimi təqdim edib və Türkiyənin bütün tərəflərin "etibarlı vasitəçi" kimi qəbul etdiyini bildirib. Ukrayna prezidenti Vladimir Zelenski ötən ay Türkiyəyə səfər edib. Həmin gün ABŞ və Rusiya nümayəndələri isə Kiyevin iştirakı olmadan Ər-Riyadda danışıqlar aparıb.
Ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrov da Ankarada danışıqlar aparıb və Ukrayna-Rusiya müharibəsinin son durumu ilə bağlı türkiyəli həmkarı ilə telefon əlaqələri saxlayıb. Bundan əlavə, ABŞ və Rusiya nümayəndələri İstanbulda öz səfirliklərinin fəaliyyətinə dair məsələləri müzakirə etmək üçün görüş keçirib.
Rusiya Ukraynaya genişmiqyaslı müdaxilə etdikdən sonra Türkiyə hər iki tərəflə diplomatik kanalları açıq saxlamağa çalışıb. O, Kiyevə hərbi dəstək versə də, Moskvaya qarşı Qərb sanksiyalarına qoşulmayıb.
2024-cü ildən etibarən dəfələrlə atəşkəs çağırışı edən Ankara, ABŞ-ın müharibəni dayandırmaq təşəbbüsünü alqışlayıb. Lakin bu təşəbbüs Ukrayna və ABŞ prezidentləri arasında Vaşinqtonda baş verən ictimai mübahisə səbəbindən baş tutmayıb.
Bununla belə, Türkiyə dəfələrlə bildirib ki, gələcək sülh danışıqları hər iki ölkənin iştirakı ilə aparılmalıdır. Bu mövqe Türkiyəni Avropa ölkələrinə daha da yaxınlaşdırır. Bundan əlavə, "Bloomberg" nəşrinin məlumatına görə, Türkiyə Ukraynada sülhməramlı qüvvələrin tərkibinə qoşulmağa açıqdır və bu məsələ artıq həm Ukrayna, həm də Rusiya ilə müzakirə edilib.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, NATO-da ABŞ-dan sonra ikinci ən böyük orduya malik olan Türkiyəni Ukraynanın təhlükəsizliyinin əsas təminatçısı kimi görür. Türkiyənin potensial iştirakı Böyük Britaniya və Fransa da daxil olmaqla, Avropa müttəfiqlərinin yükünü azaltmaq baxımından kritik əhəmiyyət daşıya bilər. Bu ölkələr hazırda Ukrayna üçün Avropa qüvvələri yaratmaq planlarını inkişaf etdirir.
Avropada da Türkiyənin gələcək təhlükəsizlik arxitekturasındakı rolunun əhəmiyyəti başa düşülür. Məhz bu səbəbdən Ankara nümayəndələri London sammitinə dəvət olunub, halbuki bəzi Avropa ölkələri, xüsusən də Baltikyanı dövlətlər sammitdə iştirak etməyib.
Ərdoğan hətta Türkiyənin uzun illər davam edən, lakin reallaşması mümkün görünməyən Avropa İttifaqına üzvlük arzusunu da xatırladıb. "Türkiyənin Avropa İttifaqında tamhüquqlu üzvlüyü bloku dalandan xilas edə bilər- istər iqtisadiyyatdan tutmuş müdafiəyə, istərsə də siyasətdən beynəlxalq nüfuza qədər bloku dalandan çıxara bilər", - o, son hökumət iclasından sonra bildirib.
Lakin hər şey bu qədər sadə deyil
Buna baxmayaraq, Türkiyənin Rusiya-Ukrayna danışıqlarında daha böyük rol oynamaq istəyi bir sıra maneələrlə üzləşir. "Al-Monitor" nəşri yazır ki, Türkiyənin milli təhlükəsizlik dairələrində Ankaranın Ukrayna və Rusiya qüvvələrinin arasında qalacağı bir ssenarini qəbul edəcəyi ilə bağlı şübhələr var.
Nəşrin məlumatına görə, bu, yalnız o halda mümkün ola bilər ki, Türkiyənin missiyası sırf diplomatik xarakter daşısın və atəşkəsin güc tətbiq etməklə qorunmasını nəzərdə tutmasın. Moskvanın bu ideyaya münasibəti isə qeyri-müəyyəndir. KİV-lərin məlumatına görə, məsələ Türkiyə liderləri tərəfindən Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirə edilsə də, dəqiq cavab alınmayıb.
Bundan əlavə, Rusiya və Ukrayna arasında atəşkəsin əldə edilməsi hələ də qeyri-müəyyəndir və bunun hansı şərtlərlə baş tutacağı böyük sual altındadır. Rusiya hakimiyyəti ABŞ prezidenti Donald Trampın siyasətindən ruhlanmış kimi görünür və hələki maksimalist tələblərindən geri çəkilməyə hazır olduğunu bildirməyib.
Bu vəziyyətdə həm Avropa, həm də Türkiyə Vaşinqtonun Moskvanın şərtləri əsasında başlatdığı prosesin kənarında qalıb və bu dinamikaya qarşı necə strategiya formalaşdıracaqları hələ bəlli deyil.
Müəllif: Aleksandra Appelberq