Dünya
275
00:11, Bu gün

"Mən çox həvəsli bir insanam və öyrənməyi sevirəm..."

Amerikalı qız oxuyub-yazmağı bilmədən məktəbi fərqlənmə ilə bitirdiyinə görə məhkəməyə müraciət edib
 
ABŞ-ın Konnektikut ştatından olan 19 yaşlı qız keçmiş dövlət orta məktəbini məhkəməyə verib. O, məktəbin ona qarşı səhlənkarlıq etdiyini iddia edir, çünki ona oxuyub-yazmağı bilmədiyi halda fərqlənmə diplomu ilə məzun olmağa icazə verilib.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
Ötən ilin iyun ayında Alejşa Ortis Hartford Dövlət Orta Məktəbini fərqlənmə ilə bitirib və hətta kollec təhsili üçün təqaüd qazanıb. Lakin indi keçmiş məktəbini ona emosional əzab verməkdə ittiham edərək məhkəməyə verib.
 
19 yaşlı qız dövlət təhsil müəssisəsini onun təhsilinə laqeyd yanaşmaqda günahlandırır. O, bildirir ki, qələmi çətinliklə tuta bilir və oxuma bacarığı birinci sinif şagirdinin səviyyəsindədir.
 
Puerto-Rikoda anadan olan Alejşa uşaq yaşlarından təhsilində çətinliklər çəkib. Bu problemlər 5 yaşında ABŞ-a köçdükdən sonra da davam edib. Onun sözlərinə görə, məktəbi və ona təyin olunmuş xüsusi müəllim ona demək olar ki, heç bir kömək göstərməyib.
 
Yalnız məzuniyyətinə bir ay qalmış onun təkidi ilə əlavə testlər keçirilib və onda demək olar ki, savadsızlıq olduğu aşkar edilib. Məktəb rəhbərliyi ona attestatını almağı gecikdirib, əvəzində intensiv təhsil xidməti almağı təklif etsə də, Alejşa bundan imtina edib.
 
"Mən qərara gəldim ki, onların 12 ili vardı, indi isə mənim zamanımdır", - deyə Ortis müsahibəsində bildirib. O, əlavə edib ki, fərqlənmə diplomu şagirdin akademik nailiyyətlərini sübut etməlidir.
 
Alejşa məktəbi bitirib kollecə qəbul olunmasında müasir texnologiyaların mühüm rol oynadığını deyir. O, mətnləri tərcümə etmək və kollecə qəbul ərizəsini, esse yazmaq üçün smartfon tətbiqlərindən istifadə edib.
 
Lakin kollec mühiti onun üçün tamamilə fərqli olub. O, etiraf edir ki, təhsil almaq ona çox çətin gəlib və fevralın əvvəlində dərsləri tərk edib. O, psixi sağlamlığı üçün akademik məzuniyyət götürmək istəyib, lakin tezliklə təhsilinə davam etməyi planlaşdırır.
 
Alejşa bildirir ki, məktəb rəhbərliyinin onun yaşadıqlarına görə məsuliyyət daşımasını istəyir. O, məktəbin "nə etdiyini bilmədiyini və şagirdlərə laqeyd yanaşdığını" iddia edir. Gənc qız ümid edir ki, onun məhkəmə iddiası digər gənclərin də oxşar vəziyyətə düşməsinin qarşısını alacaq.
 
"Mən çox həvəsli bir insanam və öyrənməyi sevirəm", - Ortis vurğulayıb. "İnsanlar mənə təhsil almaq şansı verdilər və indi kollecə daxil olmuşam. Bu fürsətdən maksimum yararlanmaq istəyirəm, çünki bu, mənim təhsilimdir".
Link kopyalandı!
Son xəbərlər