Dünya
361
04 Mar 2025 | 21:27

"Avropa Rusiyanın 200 milyard avroluq aktivlərinin müsadirəsinə doğru irəliləyir" - "Financial Times"

"Atəşkəs tərəfdarları bu addımı Rusiyanı hər hansı razılaşmaya məcbur etməyin yolu kimi görür..."
 
Fransa atəşkəsin gələcəkdə pozulacağı təqdirdə Kremlin qiymətli kağızlardan məhrum edilməsi təklifini müzakirə edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Avropanın aparıcı ölkələri Ukraynada atəşkəs razılaşmasını əldə etməklə bağlı planlar hazırlayaraq,
Rusiyanın dondurulmuş aktivlərindən 200 milyard avrodan çoxunun müsadirəsinə çalışır.
 
Nəşrin məlumatına görə, uzun müddət Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxan Fransa və Almaniya hazırda Böyük Britaniya və digər ölkələrlə bu vəsaitlərin istifadəsinin mümkün yollarını müzakirə edir.
 
Üç mənbəyə istinadən verilən məlumata görə, fransız rəsmilər Avropa paytaxtlarının Moskvanın Ukraynadakı atəşkəs razılaşmasını pozacağı halda aktivləri müsadirə etməsi təklifini irəli sürüb. Bu təşəbbüs Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi səyləri çərçivəsində nəzərdən keçirilir. Atəşkəsin tərəfdarları bu addımı Rusiyanı hər hansı razılaşmaya riayət etməyə məcbur etməyin yolu kimi görür.
 
Müzakirələr Avropa diplomatiyasının, xüsusən Fransa və Böyük Britaniyanın, Ukrayna üçün sülh planı hazırlamaq səyləri fonunda gedir. Buna səbəb ABŞ prezidenti Donald Trampın müharibəni dayandırmaq üçün Moskva ilə ikitərəfli danışıqlara başlamaq qərarı olub.
 
Moskvanın 2022-ci ildə Ukraynaya tammiqyaslı hücumundan sonra G7 müttəfiqləri Rusiya Mərkəzi Bankının təxminən 300 milyard avroluq aktivlərini dondurub. Bu vəsaitin böyük hissəsi, təxminən 190 milyard avro Belçikanın "Euroclear" mərkəzi depozitarisində saxlanılır. Daha kiçik məbləğlər isə Fransada, Böyük Britaniyada, Yaponiyada, İsveçrədə və ABŞ-da yerləşir.
 
Hazırda bu aktivlərdən əldə edilən gəlir, əsasən nağd pul və dövlət istiqrazları, G7 ölkələri tərəfindən Ukraynaya verilən 50 milyard dollarlıq kreditlərin ödənilməsi üçün istifadə olunur. Lakin əsas vəsaitlər toxunulmaz olaraq qalır.
 
Ukrayna, Polşa və Baltikyanı ölkələr bu vəsaitlərin müsadirəsini uzun müddətdir tələb etsələr də, Berlin, Paris və Brüssel də daxil olmaqla əsas Avropa paytaxtları beynəlxalq hüquq çərçivəsində dövlət mülkiyyətinin müsadirəsinin presedent yaradacağından ehtiyat edərək bu addıma qarşı çıxıb.
 
Avropa Mərkəzi Bankı da narahatdır ki, aktivlərin müsadirəsi avronun xarici valyuta ehtiyatları üçün təhlükəsiz seçim statusunu sarsıda bilər, çünki bu aktivlərin böyük hissəsi məhz avro ilə saxlanılır. Mənbələr bildirir ki, Fransanın təklifi digər Avropa müttəfiqləri tərəfindən müsbət qarşılanıb, lakin hələ tam razılaşdırılmayıb.
 
Rusiya aktivlərinin dondurulması - son xəbərlər
 
"Reuters" agentliyi yazır ki, Moskva dondurulmuş aktivləri müəyyən şərtlərlə Ukraynanın bərpasına yönəltməyi qəbul edə bilər. Bu cür razılaşma sülh müqaviləsinin bir hissəsi ola bilər.
 
Bundan əlavə, "Bloomberg" nəşri məlumat verir ki, Kiyev ABŞ prezidenti Donald Trampdan Rusiya aktivlərindən əldə edilən vəsait hesabına ona silah satmasını istəyir. Ukrayna rəsmilərinin fikrincə, belə bir qərar həm ABŞ-a, həm də onun müdafiə sənayesi şirkətlərinə fayda gətirə bilər.
Link kopyalandı!
Son xəbərlər