"'Bu plan Trampın fələstinlilərin Qəzzadan kütləvi şəkildə köçürülməsi planına alternativdir..."
Misirin Donald Trampın Qəzza bölgəsini "Yaxın Şərqin Rivyerası"na çevirmək planına alternativ olaraq hazırladığı bərpa layihəsi HƏMAS-ın hakimiyyətdən uzaqlaşdırılmasını nəzərdə tutur.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Qahirənin planında qruplaşmanın yerini ərəb, müsəlman və Qərb dövlətlərinin nəzarətində olacaq müvəqqəti hökumət qurumları tutacaq.
Misirin Qəzzanın gələcəyi ilə bağlı baxışı martın 4-də Ərəb Dövlətləri Liqasının sammitində təqdim olunmalıdır. Bu planın İsraillə HƏMAS arasında daimi sülh sazişindən əvvəl və ya sonra həyata keçiriləcəyini dəqiqləşdirmir.
"Reuters" yazır ki, "Qahirə planı" Qəzzanın bərpası üçün kimlərin maliyyə təminatı verəcəyini açıqlamır və anklavın idarə olunmasının necə təşkil ediləcəyi, eləcə də HƏMAS kimi güclü silahlı qruplaşmanın necə kənarlaşdırılacağı barədə konkret detallar ehtiva etmir.
Misirin planına əsasən, Qəzzanın bərpası müvəqqəti əsasda xüsusi bir komitənin nəzarətinə veriləcək. Bu qurum humanitar yardımlara və yenidənqurma işlərinin başlanmasına cavabdeh olacaq. Planda komitəyə kimin rəhbərlik edəcəyi göstərilmir, lakin vurğulanır ki, bu müvəqqəti hökumət orqanına HƏMAS-ın heç bir üzvü daxil edilməyəcək.
"Əgər HƏMAS Qəzzada yerli idarəetməyə nəzarət edən dominant və silahlı siyasi qüvvə olaraq qalarsa, bərpa və yenidənqurma üçün heç bir iri beynəlxalq maliyyələşdirmə olmayacaq", - Misir layihəsinin məqsədlərini izah edən giriş hissəsində bildirilir.
Misir, İordaniya və Körfəz ölkələri artıq bir aydır ki, Trampın planına alternativ hazırlamağa çalışır. Bir neçə ideya təklif olunub və onların arasında misirlilərinki ən perspektivlisi hesab edilir. Bununla belə, "Reuters" Misirin təqdim etdiyi planın bütün ərəb liderləri tərəfindən dəstəklənib-dəstəklənmədiyini öyrənə bilməyib.
"Reuters" yazır ki, "Misirin layihəsi agentliyə danışıqlarda iştirak edən, lakin hələ ictimaiyyətə açıqlanmadığı üçün anonim qalmaq istəyən bir rəsmi şəxs tərəfindən təqdim edilib. Plan ABŞ-ın fələstinlilərin Qəzzadan kütləvi şəkildə köçürülməsi təklifini qəti şəkildə rədd edir, çünki Misir və İordaniya kimi ərəb ölkələri bunu Yaxın Şərq regionunun təhlükəsizliyinə təhdid kimi görür".