Dünya
333
15:51, Bu gün

"Ağ Ev Rusiyaya qarşı sanksiyaların yumşaldılması planını hazırlayır" - "Reuters"

"Bu, Trampın Moskva ilə əlaqələri bərpa etmək və Ukraynada müharibəni dayandırmaq istəyi fonunda baş verir..."
 
Trampın göstərişi ilə Dövlət Departamenti və Maliyyə Nazirliyinə hansı sanksiyaların yumşaldıla biləcəyini müəyyən edən siyahı hazırlamaq tapşırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, ABŞ prezidenti Donald Trampın Moskva ilə əlaqələri bərpa etmək və Ukraynadakı müharibəni dayandırmaq istəyi fonunda ABŞ Rusiyaya qarşı sanksiyaların mümkün yumşaldılması planını hazırlayır.
 
Qeyd edilir ki, Ağ Ev Dövlət Departamenti və Maliyyə Nazirliyinə hansı sanksiyaların yumşaldıla biləcəyinə dair siyahı hazırlamaq göstərişi verib.
 
Mənbələrin sözlərinə görə, məhdudiyyətlərin yumşaldılması gələcəkdə ABŞ administrasiyası ilə Moskva arasında diplomatik və iqtisadi münasibətlərin yaxşılaşdırılması ilə bağlı daha geniş müzakirələr zamanı müzakirə edilə bilər. Jurnalistlərin həmsöhbətləri bildirib ki, artıq bəzi hüquqi və fiziki şəxslərə, o cümlədən bəzi rusiyalı oliqarxlara qarşı sanksiyaların ləğvi ilə bağlı təkliflər hazırlanır.
 
"Məmurlar adətən sanksiyalarla bağlı təklif olunan sənədlər hazırlayır, lakin Ağ Evin son günlərdə məhz belə bir sənəd üçün konkret sorğu göndərməsi Tramp və onun müşavirlərinin Moskva ilə mümkün razılaşma çərçivəsində Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına hazırlığını vurğulayır", - materialda deyilir.
 
Diqqətçəkən məqam odur ki, hələ yanvar ayında Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlara getməyəcəyi təqdirdə sanksiyaları sərtləşdirməklə hədələyib. "Reuters" qeyd edir ki, Ağ Ev Dövlət Departamenti və Maliyyə Nazirliyinin rəsmilərindən ötən həftə Trampın Ukrayna ilə bağlı fövqəladə vəziyyəti uzatmasından əvvəl mümkün sanksiya yumşaldılması planı hazırlamalarını istəyib.
 
Fövqəladə vəziyyət müəyyən aktivlərə və Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Bu tədbirlər hələ 2014-cü ilin martında, Rusiya Ukraynanın Krım yarımadasını işğal etdikdən sonra Barak Obama administrasiyası tərəfindən tətbiq edilib.
 
Hələlik Tramp administrasiyasının ilk növbədə hansı sanksiyaların yumşaldılmasını nəzərdən keçirəcəyi bəlli deyil. Bundan əlavə, Tramp Rusiyaya qarşı bəzi sanksiyalarının yumşaldılması prosesinə başlamağa imkan verən fərman imzalaya bilsə də, bəzi məhdudiyyətlərin ləğvi üçün Konqresin razılığını almalı olacaq. Bunu ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin keçmiş rəhbəri Con Smit bildirib.
 
ABŞ - Rusiya münasibətləri
 
ABŞ müdafiə naziri Pit Heqset ABŞ-ın kiberkomandanlığına Rusiyaya qarşı hücum əməliyyatlarını dayandırmağı əmr edib. "The New York Times" yazır ki, bu addım çox güman ki, Rusiyanı müharibə ilə bağlı danışıqlara cəlb etmə səylərinin bir hissəsidir.
 
Bu arada ABŞ prezidenti Donald Tramp bildirib ki, əsas diqqət ölkədə qeyri-qanuni miqrantlarla mübarizəyə və cinayətkarlığın qarşısının alınmasına yönəldilməlidir, Rusiya diktatoru Vladimir Putinə görə narahat olmağa ehtiyac yoxdur.
Link kopyalandı!
Son xəbərlər