“Bir neçə gün bundan öncə Ağ evdə Trampla Zelenski arasında gərgin keçən görüşdən sonra ABŞ-nin Rusiya – Ukrayna müharibəsi ilə bağlı mövqeyi konkret bəlli oldu. Elə həmin görüşdən dərhal sonra Amerika Dövlət Departamenti Ukraynaya müharibə ilə bağlı bütün yardımları dayandırdıqlarını bəyan etdilər”
Bunu Moderator.az-a açıqlamasında politoloq Yalçın Hacızadə deyib.
Onun sözlərinə görə, Amerikanın dəstəkdən imtinasından sonra Londonda Ukraynaya kömək üçün “Avropa sammiti” keçirildi:
“Müzakirələrdən görünür kü, Avropanın Ukraynaya müharibə aparmaq üçün dəstək vermək imkanları yoxdur. Məsələ ancaq müharibə ilə bağlı atəşkəs razılaşması əldə edildikdən sonra atılacaq addımları özündə əks etdirir. Avropa ölkələrinin əsas narahatlığı atəşkəsdən sonra Rusiyanın hərəkətləri və ona Tramp hakimiyyətinin reaksiyasının necə olacağıdır. Yəni Avropa ölkələri Ukraynadan çox özlərinin gələcək talehi ilə bağlı qorxu içindədirlər. Ona görə ki, bu zamana kimi Amerika onların təhlükəsizlik qarantı olub. Lakin Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin İkinci Dünya müharibəsindən sonra formalaşan xarici və daxili siyasətini dəyişməyə çalışır. Tramp həm daxili siyasətə həm də beynəlxalq münasibətlərə biznes prinsipi ilə yanaşır. Ona görə çox gözəl bilir ki, indiki məqamda Avropa ölkələrinin Amerika ilə əməkdaşlıq etməkdən başqa çıxış yolları yoxdur. Ona görə məcbur şəkildə onun tələbləri ilə razılaşaraq NATO-nun büdcəsinin formalaşmasında əlavə ödənişləri edəcəklər”.

Politoloq atəşkəsdən sonra Avropa silahlı qüvvələrinin Ukraynada yerləşdiriləcəyi məsələsində də hələki qaranlıq məqamların çox olduğunu vurğulayıb.
Mühasibin fikirincə, Rusiya – Ukrayna müharibəsi zonası indi min kilometrə yaxındır. Eyni zamanda, Ukrayna – Belarus sərhəddini də əlavə etdikdə ümumi uzunluq üç min kilometrdən çox olur:
“Bu qədər əraziyə sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün iki yüz minə qədər hərbiçi lazımdır. İndiki məqamda Avropa İttifaqına daxil olan ölkələrin özündə hərbiçi qıtlığı var. Böyük Britaniyanın hərbiçi sayı 70 minə yaxındır. Əlbəttəki, həmin ölkələr bütün silahlı qüvvələrini Ukrayanaya yerləşdirməyi düşünmürlər. Həmçinin, həmin hərbi qüvvələri silah və digər təzhizatla da təmin etmək gərəkəcək. Yəni bütün bunlar Amerikasız mümkün görünmür”.
Y.Hacızadə əlavə edib ki, Tramp demiş Zelenskinin əlində kart yoxdur:
“Avropa İttifaqının da onu təhlükəsizliyinə uzunmüddətli təminat verəcəyi imkanları mövcud deyil. Müharibənin əsas təchizatçısı olan Amerika da müharibənin dayanmasını istəyir və daha çox Putinin mövqeyindən çıxış edir. Putin də müharibə ilə bağlı danışıqlarda Amerikanı tərəf kimi görür. Çünki atəşkəs razılaşmasından sonra Rusiyaya qarşı tədbiq edilən sanksiyaların götürülməsini istəyir. Bu da Amerikasız mümkün deyil.
Ukrayna müharibənin davam etməsini və ya özünün təhlükəsizliyinə təminat istəyirsə, ABŞ ilə münasibətlərini yenidən bərpa etməlidir. Ukraynanın tələblərinin heç bir prespekti yoxdur. Bu tələblərin də reallaşmasında Avropa İttifaqının mühüm rolu yoxdur”.
Mehin Mehmanqızı