ABŞ hərbi yardımı dayandırır: Ukrayna bunu belə hiss edəcək - SENSASİYA
Dünya
365
11:00, Bu gün

ABŞ hərbi yardımı dayandırır: Ukrayna bunu belə hiss edəcək - SENSASİYA

"Amerikanın səsi" nəşrinin jurnalisti Ostap Yaroşun məlumatına görə, Vaşinqtonun Ukraynaya hərbi yardımı dayandırması əsasən planlaşdırılmış, lakin hələ icra edilməmiş tədarükləri əhatə edir.
 
Bu, xüsusilə uzunmüddətli USAI (Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü) proqramı çərçivəsində nəzərdə tutulmuş silah tədarüklərinə aiddir. İlk növbədə söhbət hava hücumundan müdafiə sistemləri üçün raketlər, HIMARS reaktiv yaylım atəşi sistemləri və artilleriya üçün sursatlardan gedir.
 
Yaroşun sözlərinə görə, Donald Tramp 2019-cu ildə Ukraynaya silah tədarükünü dayandırdığını elan etdikdə bu, Nümayəndələr Palatasında demokratların ona impiçment elan etməsinə səbəb olmuşdu (baxmayaraq ki, Senat sonradan Trampı bəraət qazandırmışdı). Bu dəfə isə həm Nümayəndələr Palatası, həm də Senat respublikaçıların nəzarətindədir.
 
Demokrat senator Cin Şaqin bu qərarı sərt tənqid edib: “Azadlıq və demokratiyanın ön cəbhəsində dayanan müttəfiqimizə qarşı bu cəza aktı yalnız utancverici deyil, həm də təhlükəlidir. Mən administrasiyanı bu kursu dəyişməyə və Amerikanın dəyərlərinin azad dünyaya aid olduğunu xatırlamağa çağırıram”.
 
Digər demokrat qanunvericilər də bənzər bəyanatlarla çıxış ediblər. Bununla yanaşı, respublikaçı konqresmen Çip Roy CNN-ə müsahibəsində Trampın bu yardımı daha əvvəldən dayandıra biləcəyini bildirib:
 
“Prezident məhz bunu etməlidir. Düzünü desək, o, bunu Zelenski ilə cümə günü baş verən mübahisədən əvvəl də edə bilərdi. Prezident deyir ki, üç yol var: ya məğlub olmaq, ya bizi müharibəyə cəlb etmək, ya da atəşkəs imzalamaq. O, atəşkəs yolunu seçməkdə haqlıdır”.
 
Trampın qərarını respublikaçıların MAGA qanadından olan siyasətçilər də dəstəkləyib. Bununla belə, partiyada bu addıma qarşı çıxanlar da olub. Respublikaçı senator Syuzan Kollins bu qərara etiraz edərək bildirib:
 
“Bu, Ukrayna üçün kritik bir zamandır. Mən düşünmürəm ki, bu səylərimizi dayandırmalıyıq. Ukraynalılar qan tökür... Mən dəstəyimdən imtina etmirəm”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər