Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ və Avropa İttifaqı (Aİ) arasında münasibətlər getdikcə daha da gərginləşir. Trampın Vaşinqtonun istənilən an NATO və BMT-dən çıxa biləcəyi barədə verdiyi bəyanatlar qoca qitədə rezonans doğurub.
Moderator.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib ki, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask ABŞ-ın NATO-dan çıxması ideyasını dəstəklədiyini qeyd edib. D.Tramp İ. Maskin mövqeyini dəstəkləyəcəyi şübhəsizdi:
“Əgər, ABŞ NATO -dan çıxarsa, bu, alyansın zəifləməsinə və V. Putinin strateji planınına xidmət kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, NATO beynəlxalq münasibətlər müstəvisində bir qurum kimi de-fakto fəaliyyətsizdi. Alyansın əsas əsgəri gücü ABŞ və Türkiyəyə məxsusdur. ABŞ-ın bu təşkilatdan çıxması, Alyans daxilində Böyük Britaniya və Türkiyə tandemini güclənməsinə gətirib çıxara bilər. D. Tramp fəaliyyətininin yüz günündə xalqa hesabatlılığı onun prezident kimi uğurlu bir siyasi planın olmadığı aydın olacaq. Bir müddətdən sonra, D.Tramp verilən qərarların onun prezident kimi reytinqinə mənfi təsir edəcəyi mümkündür. D.Trampın davam etdirdiyi siyasəti onun partiyasının Kongres seçkilərində məğlub olmasına səbəb olacaq. D.Tramp həm beynəlxalq müstəvidə, həm də daxildə mənfi imici formalaşıb. ABŞ prezidentinə dəstək verən Rusiya prezidenti V. Putin və İsrailin baş naziri B. Netanyahudur. Hər iki şəxsdə hərbi cinayətlər həyata keçirib. Və beynəlxalq məhkəmə tərəfindən həbs edilməsi üçün order verilib. ABŞ administrasiyası beynəlxalq siyasi nizamı demontaj etməklə, öz daxili siyasətində ciddi strateji səhvlər edir. Əgər, təkcə beynəlxalq nizamı pozurdusa, hazırda daxildə dövlətin milli təhlükəsizliyini də təhdid edir. ABŞ kəşfiyyat Mərkəzi, Dövlət Departamenti və Pentaqonda ixtisarlar daxildə D. Trampa qarşı etiraz dalğasını formalaşdıracaq”.
Siyası şərhçi Samir Hümmətov isə hesab edir ki, əgər ABŞ bu təşkilatları tərk edərsə, bu, ABŞ -ın ciddi strateji və təsir imkanlarını itirmək anlamına gələcək. Belə bir addımın real perspektivi yoxdur:
“Əgər ABŞ bu təşkilatlardan çıxarsa belə, bu, mümkünsüz bir vəziyyətə gətirməyəcəkdir. Bu vəziyyətdə, Avropa İttifaqı və Ukrayna təhlükəsizliklərini təmin etmək üçün öz imkanları ilə bir müdafiə sistemi qurmaq məcburiyyətində qalacaqlar. Bu, çox çətin bir işdir, çünki hər iki tərəf üçün bir çox resurs və siyasi vahidlik tələb edir. Lakin, burada həm də Trampın özünə qarşı, xüsusilə "dərin dövlət" tərəfindən təzyiq edilə biləcəyi bir vəziyyət yaranır. ABŞ-ın daxili siyasətində dəyişikliklər olsa, Trampın bu istiqamətdəki siyasəti dəyişə bilər. Bəli, ABŞ böyük təşkilatlara, xüsusilə BMT və NATO-ya ciddi maliyyə dəstəyi verir, amma bu təşkilatları tərk etməklə ABŞ, təsir imkanlarını tamamilə əldən verməz".
Mehin Mehmanqızı