Müğənni Keti Perri tamamilə qadınlardan ibarət ekipajın tərkibində kosmosa uçacaq
Dünya
821
03 Mar 2025 | 12:20

Müğənni Keti Perri tamamilə qadınlardan ibarət ekipajın tərkibində kosmosa uçacaq

"Bu ekipaj 1963-cü ildə Valentina Tereşkovanın təkbaşına uçuşundan sonra ilk tam qadınlardan ibarət kosmik missiya olacaq..."
 
Bu baharda tarixdə ilk dəfə olaraq kosmosa tamamilə qadınlardan ibarət ekipaj yollanacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, NASA alimləri ilə yanaşı, ekipajın tərkibində jurnalistlər, kinoprodüser və məşhur şou-biznes ulduzu Keti Perri də yer alacaq. Bu heyətin seçimi missiyanın feminist və humanist dəyərlərini əks etdirir.
 
Ceff Bezosun "Blue Origin" şəxsi kosmik şirkəti bu gün "New Shepard" missiyasının 31-ci uçuşu üçün ekipajın tərkibini açıqlayıb. 11-ci pilotlu uçuş olan "New Shepard, NS-31" bu bahar Ayaşa Bou, Amanda Nquyen, Qeyl Kinq, Keti Perri, Kerianne Flinn və Loren Sançes ilə start götürəcək. Missiyanın təşkilatçısı Loren Sançesdir və "Variety" nəşrinin məlumatına görə, o, Bezosun nişanlısıdır.
 
Şirkətin rəsmi saytında bildirilir ki, bu ekipaj 1963-cü ildə Valentina Tereşkovanın təkbaşına uçuşundan sonra ilk tam qadınlardan ibarət kosmik missiya olacaq.
 
Ayaşa Bou- keçmiş NASA alimi, "STEMBoard" mühəndislik şirkətinin baş direktoru və 5 min ən sürətlə inkişaf edən Amerika şirkəti siyahısına iki dəfə düşən sahibkar. O, həmçinin LINGO adlı təhsil texnologiyaları şirkətinin qurucusudur.
 
Amanda Nquyen-  bioastronavtika sahəsində tədqiqatçıdır. Harvard Astrofizika Mərkəzi, Massaçusets Texnologiya İnstitutu, NASA və Beynəlxalq Astronavtika İnstitutunda çalışıb. Cinsi zorakılıq qurbanlarının müdafiəsinə görə Nobel Sülh Mükafatına namizəd olub və "TIME" jurnalı tərəfindən "İlin Qadını" seçilib.
 
Qeyl Kinq- mükafatlı jurnalist, dərin və həssas müsahibə üslubu ilə tanınır. O, "CBS Mornings" proqramının aparıcısı, "Oprah Daily" jurnalının redaktoru və "SiriusXM" radiosunda "Gayle King in the House" verilişinin aparıcısıdır.
 
Keti Perri- "Capitol Records" tarixində ən çox satılan musiqiçi və ümumilikdə dünya üzrə ən çox satılan ifaçılardan biridir. 115 milyarddan çox dinlənmə ilə pop-musiqi ulduzu olan Keti eyni zamanda fəal xeyriyyəçi və UNICEF-in xoşməramlı səfiridir.
 
Onun "Firework Foundation" fondu aztəminatlı icmalardakı uşaqları incəsənət vasitəsilə ruhlandırır. Keti "Blue Origin"in ilk qadın komandasında yer almaqdan qürur duyduğunu və bu təcrübənin qızı da daxil olmaqla, başqalarını həm sözün əsl, həm də məcazi mənasında ulduzlara çatmağa ruhlandıracağını ümid etdiyini bildirib.
 
Keriann Flinn- moda, təhsil və qeyri-kommersiya sahələrində çalışıb, lakin daha çox kinoprodüser kimi tanınır. Onun istehsal etdiyi :This Changes Everything" (2018) filmi Hollivudda qadınların tarixinə həsr olunub, "Lilli" (2024) isə ədalətli əmək haqqı uğrunda mübarizə aparan Lilli Ledbeter haqqında çəkilib.
 
Loren Sançes- "Emmy" mükafatlı jurnalist, "Bezos Earth Fund" təşkilatının sədr müavini və üç uşaq anasıdır. 2016-cı ildə Sançes lisenziyalı helikopter pilotu kimi "Black Ops Aviation" şirkətini qurub. Bu, qadınlar tərəfindən idarə olunan ilk hava çəkiliş şirkətidir. 2024-cü ildə Sançes "New York Times"-ın bestselleri olan "Kosmosa uçan milçək" adlı ilk uşaq kitabını nəşr etdirib.
 
Bu missiya "New Shepard: proqramı çərçivəsində 11-ci pilotlu uçuş və ümumilikdə 31-ci missiya olacaq. İndiyədək proqram çərçivəsində 52 nəfər beynəlxalq səviyyədə tanınan Karman kosmos sərhəd xəttini keçib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər