"Heç kim almanları Moskvaya bayram tədbirlərinə dəvət etməyib..."
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80 illiyi 9 mayda Moskvada qeyd olunacaq. Ənənəyə uyğun olaraq, parad üçün dünya liderləri dəvət edilib, lakin hamısı bu tədbirdə iştirak etməyə razı olmayıb.
Moderator.az xəbər verir ki, bu barədə "news.ru" nəşri yazıb.
Kimlər Moskvaya getməkdən imtina edib?
Mayın 9-da Moskvada Qələbə Paradını ziyarət etməkdən imtina edən ölkə liderləri
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, 2025-ci ildə Moskvada Qələbə Gününün qeyd olunmasına qatılmayacaq. O, prezident seçildikdən sonra Rusiyaya belə erkən səfər etməyin məqsədəuyğun olmadığını düşündüyünü bildirib. Tramp daha uyğun şərait yarandıqda Rusiyaya səfər etməyə hazır olduğunu, lakin bunun "uyğun vaxtda" baş verməli olduğunu vurğulayıb.
Almaniya da Qələbə Paradında iştirakdan imtina edib. Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf bəyan edib ki, Ukraynadakı müharibə bitməyənə qədər Berlin rəsmiləri bu tədbirdə iştirak etməyəcək. Bu məsələ ilə bağlı Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev isə qeyd edib ki, "heç kim almanları Moskvaya bayram tədbirlərinə dəvət etməyib".
Macarıstan nümayəndələri də 9 mayda Qızıl Meydanda olmayacaq. Ölkənin baş naziri Viktor Orbanın dəftərxanası onun Rusiya prezidenti Vladimir Putinin Moskvaya dəvətini qəbul edə bilməyəcəyini bildirib.
Macarıstanın nazirlik rəhbəri Gerqey Quyaş məsələni belə izah edib: "Düşünürəm ki, bu, müzakirəyə açıq mövzu deyil. Macar xalqı üçün İkinci Dünya müharibəsinin sonu bu müharibədə iştirak etmiş digər ölkələrə nisbətən fərqli bir məna kəsb edir".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd olunmasına "dost olmayan ölkələrin" liderləri dəvət edilməyib.
Qeyd edək ki, "dost olmayan ölkələr" siyahısı Rusiyada 2021-ci ildə tərtib edilib. Bu illər ərzində siyahıya Avropa İttifaqı ölkələri, Avstraliya, Andorra, Böyük Britaniya, San-Marino, Monako, Kanada, İslandiya, Norveç, İsveçrə, Yaponiya və digər dövlətlər daxil edilib.
Qələbə Paradında hansı ölkələrin liderləri iştirak edəcək?
Alman faşizmi üzərində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək tədbirdə Slovakiya baş naziri Robert Fico iştirak edəcək. O, bunu belə izah edib:
"Slovakiya hökumətinin başçısı kimi mənim 9 may 2025-ci ildə Moskvada faşizm üzərində qələbənin qeyd olunması ilə bağlı rəsmi tədbirlərdə iştirak etməyə xüsusi marağım var. Buna görə də Rusiya prezidenti Vladimir Putinin bu vacib tədbirə rəsmi dəvətini böyük məmnuniyyətlə qəbul etdim və Moskvaya gedəcəyəm".
Fico ilə yanaşı Serbiya prezidenti Aleksandar Vuçiç də Qızıl Meydanda olacaq. Bundan başqa, Çin, İsrail, Braziliya və Fələstin liderlərinin də 2025-ci il Qələbə Paradına qatılacağı gözlənilir.
Rusiya prezidenti Vladimir Putin həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərini də Moskvaya dəvət edib.
Bu dəvət əsasında Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Ermənistan baş naziri Nikol Paşinyan və Tacikistan prezidenti Emoməli Rəhmon da 9 mayda Moskvaya səfər edə bilər.