Diplomatiya təkcə sözlərdən ibarət deyil - bəzən geyimlər siyasətçilərin mesajlarını daha güclü ifadə edir.
Siyasətçilər bəzən söz demədən belə, geyimləri ilə mövqelərini və niyyətlərini açıqlayırlar. II Dünya müharibəsi zamanı Böyük Britaniyanın baş naziri Uinston Çörçillin ABŞ prezidenti Franklin Ruzvelt ilə Ağ Evdə görüşə pilot kombinezonunda gəlməsi də məhz bu səssiz, lakin güclü mesajlardan biri idi.
Bu qeyri-adi geyim tərzi təkcə təsadüfi bir seçim deyildi. O dövrdə Avropa alov içində yanır, müharibənin ağırlığı hər kəsin üzərinə çökürdü. Çörçill kombinezonunu geyinərək Amerikaya və onun ictimaiyyətinə açıq mesaj vermək istəyirdi: “Avropada müharibə gedir, biz döyüş meydanındayıq, bu mübarizəyə laqeyd qala bilməzsiniz”.
Uinston Çörçillin geyindiyi tək-tikişli pilot kombinezonu sadəcə hərbi geyim deyildi, bu, psixoloji bir taktikaydı. O, ABŞ-ı müharibədə daha fəal iştirak etməyə səsləyirdi. Çünki Amerika hələ tamamilə Avropa cəbhəsinə daxil olmamışdı və Çörçill yaxşı bilirdi ki, müharibənin taleyini dəyişmək üçün ABŞ-ın dəstəyi həyati əhəmiyyət daşıyır.
Bundan başqa, Çörçillin kombinezonda Ağ Evə gəlməsi bir mesaj da verirdi: “Biz birlikdəyik - hər iki ölkə eyni mübarizənin içindədir”.
Diplomatiyada geyim sadəcə dəb məsələsi deyil, bəzən ən təsirli alətə çevrilir. Çörçillin pilot kombinezonu da təkcə bir parça deyil, tarixə yazılmış simvolik bir jest idi - qətiyyətin, mübarizənin və həmrəyliyin rəmzi.
Bu jest illər sonra, 2022-ci ildə Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evə səfərində də xatırlandı. Zelenski prezident Co Baydenlə görüşə kostyum deyil, hərbi tərzli yaşıl sweatshirt və sadə şalvarda qatıldı. Onun geyimi simvolik idi - Zelenski, Çörçill kimi dünyaya göstərmək istəyirdi ki, “Mən bir döyüş meydanından gəlmişəm, xalqım mübarizə aparır və mən lider olaraq onlarla eyni cəbhədəyəm”.
Zelenskinin rəsmi görüşə ənənəvi kostyumda deyil, hərbi geyimdə gəlməsi müharibə şəraitində olan bir ölkənin liderinin vəziyyətini vurğulayırdı. O, diplomatik protokoldan çox, gerçəkliyi nümayiş etdirdi: “İndi qlamur və rəsmi libaslar deyil, döyüş ruhu və birlik vacibdir”.
Beləliklə, Çörçillin kombinezonu və Zelenskinin sviteri diplomatiyada geyimlərin nə qədər təsirli bir dilə sahib olduğunu göstərir. Bəzən bir söz demədən, tək bir geyimlə bütün dünyaya mesaj vermək mümkündür - mübarizə, birlik və qətiyyət mesajı.
Tarix göstərir ki, bəzən bir kombinezon və ya bir sviter ən təsirli nitqlər qədər iz buraxa bilir.(musavat.com)