"Yaranmış vəziyyətdə yeganə çıxış yolu Kiyevin ABŞ-dan silah almasına imkan verən maliyyə dəstəyidir..."
Donald Tramp və onun vitse-prezidenti Cey Di Vens beynəlxalq müttəfiqlərə münasibətini açıq şəkildə nümayiş etdirib.
Moderato.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.
Müəllif Robert Şnayder hazırkı vəziyyəti "soyuq müharibə" dövrü ilə müqayisə edir. O vaxt ABŞ müttəfiqlərinə tamamilə fərqli yanaşma sərgiləyib.
1963-cü ildə ABŞ prezidenti Con Kennedi Qərbi Berlin sakinləri qarşısında çıxış edərək, "Ich bin ein Berliner" ifadəsini səsləndirib. Bu, açıq dəstək və müdafiə mesajı olub.
Həmin dövrdə Amerika Almaniyanın təbii sərvətləri ilə maraqlanmayıb, sadəcə, təhlükəsizliyi təmin edib. Bu vəd 1989-cu ildə Berlin divarı yıxılana qədər qüvvədə qalıb.
İndi isə dünya tamamilə dəyişib. ABŞ prezidenti Donald Tramp və onun vitse-prezidenti Cey Di Vens beynəlxalq müttəfiqlərə münasibətlərini açıq şəkildə ortaya qoyaraq Vladimir Zelenskiyə təhlükəsizlik zəmanəti verməkdən imtina edib.
Üstəlik, Vaşinqton açıq şəkildə bildirib ki, dəstək ABŞ-ın iqtisadi maraqlarından asılı olacaq. Tramp Ukraynaya hərbi yardımın dayandırıla biləcəyini açıq şəkildə bəyan edərək, Avropada ciddi narahatlıq yaradıb.
Avropa liderləri Kiyevə dəstəyin davam edəcəyini bəyan etməyə tələsib. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas yardımın artırılmasının vacibliyini vurğulayıb, Olaf Şolts Ukraynanın Almaniyaya və Avropaya arxalana biləcəyini bildirib, Fridrix Mers isə dəstəyin şəraitdən asılı olmayaraq davam edəcəyini söyləyib. Lakin bəyanatlar bir şeydir, reallıq isə tamam başqa.
Avropanın əsas problemi odur ki, ABŞ-ın hərbi yardımı olmadan Ukraynanı tam dəstəkləmək qabiliyyətinə malik deyil. NATO-ya üzv Avropa ölkələrinin silah və sursat ehtiyatları məhduddur, müdafiə sənayesi isə istehsalı sürətlə artıra bilmir. Belə vəziyyətdə yeganə çıxış yolu Kiyevin ABŞ-dan silah almasına imkan verən maliyyə dəstəyidir.
Lakin bu, ya vergilərin artırılması, ya da dövlət borcunun yüksəlməsi deməkdir. Sual isə budur: avropalılar belə bir ssenariyə hazırdırmı?
Daha bir narahatedici həqiqət ondan ibarətdir ki, Rusiyanın işğalından üç il keçməsinə baxmayaraq, Qərb hələ də müharibəni necə başa çatdırmaq strategiyasını müəyyən edə bilməyib.
Cəbhə xətti mövqeli qarşıdurmada donub qalıb, hərbi qələbə perspektivləri qeyri-müəyyəndir, tərəflər arasında diplomatik danışıqlar isə ümumiyyətlə aparılmır.
Robert Şnayder vurğulayır ki, hazırkı vəziyyət Avropanın gücsüzlüyünü açıq şəkildə əks etdirən bir güzgü rolunu oynayır. Trampın siyasətindən narazı qalmaq problemi həll etməyəcək, bunun üçün real hərbi güc və çətin qərarlar qəbul etməyə hazır olmaq lazımdır.