"Bu tədarük İsrailin təhlükəsizliyini və milli müdafiəsini gücləndirəcək və regionda çəkindirici amil rolunu oynayacaq..."
ABŞ Dövlət Departamenti təcili qaydada İsrailə ağır döyüş sursatları və hərbi texnika satışı üçün təxminən 3 milyard dollarlıq razılaşmanı təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pentaqonun Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin bəyanatına istinadən məlumat yayıb.
Həmin qurum hökumətlərarası müqavilələr çərçivəsində xaricə silah və hərbi texnika tədarükünə cavabdehdir. Dövlət Departamenti İsrailə silah satışını nəzərdə tutan üç fərqli paketin hazırlığı barədə Konqresi təcili qaydada məlumatlandırıb.
Razılaşmaya minlərlə aviasiya bombası və D9 buldozerləri daxildir. Zirehli D9 buldozerləri əvvəllər həm Qəzza bölgəsində, həm də İordan çayının Qərb sahilində, İudeya və Samariyanın ərəb yaşayış məntəqələrində uğurla istifadə olunub.
ABŞ-ın əvvəlki administrasiyası (Co Baydenin rəhbərliyi altında) D9 buldozerlərinin satışını ləngidib, çünki onlar Qəzzada evlərin sökülməsi üçün istifadə olunub. İsrail ordusu isə bu evlərin HƏMAS tərəfindən hərbi və terror məqsədləri üçün istifadə edildiyini əsas gətirib.
Tədarük paketlərinin detalları
Birinci paket (2, 04 milyard dollar):
İsrailə 35.529 ağır bomba- təxminən yarım tonluq MK 84 və ya 900 kq-lıq BLU-117 bombaları satılacaq. 4.000 ədəd I-2000 "Penetrator" döyüş başlığı və müvafiq logistika dəstəyi də bu paketin tərkibinə daxildir. Tədarüklər 2026-cı ildə başlayacaq.
İkinci paket (675, 7 milyon dollar):
201 ədəd 1000 funtluq MK 83 sərbəst düşmə bombası, 4.799 ədəd BLU-110A/B və 5.000 ədəd JDAM (bomba üzərinə GPS sistemi quraşdıraraq onu "ağıllı" mərmiyə çevirən) dəsti daxildir. Bu tədarüklər 2028-ci ilə planlaşdırılıb.
Üçüncü paket (295 milyon dollar):
D9 Caterpillar ağır buldozerləri və əlaqədar avadanlıq. Buldozerlərin tədarükünə 2027-ci ildə başlanacaq.
ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin bəyanatına əsasən, bu satışlar İsrailin mövcud və gələcək təhlükələrə qarşı müqavimətini gücləndirəcək, onun milli müdafiəsini möhkəmləndirəcək və regionda "çəkindirici amil" rolunu oynayacaq.
Təcili prosedur və Konqresin reaksiyası
Qeyd etmək lazımdır ki, bu təcili silah satışı ABŞ-da uzun illər mövcud olan və xarici satışların Nümayəndələr Palatası və Senatın Xarici İşlər Komitələrində uzun müddət müzakirə edilməsini tələb edən proseduru keçməyə imkan verir.
Bu dəfə Tramp administrasiyası artıq Konqresi rəsmi şəkildə xəbərdar edib. İndi qanunverici orqanın 30 gün müddətində bu razılaşmanı nəzərdən keçirmək və bloklamaq hüququ var.
ABŞ-ın İsrailə texnologiya məhdudiyyətləri
Bundan öncə "Microsoft" korporasiyasının prezidenti Bred Smit Ağ Evin yeni administrasiyasına İsraili və bir neçə başqa dövləti ABŞ-dan yüksək texnologiyaların ixracına qoyulan məhdudiyyətlərdən azad etməyə çağırış edib.
Yarımkeçiricilər və süni intellekt texnologiyalarının ABŞ-dan ixracını məhdudlaşdıran yeni qaydalar Co Baydenin prezidentlik müddətinin sonlarına yaxın qəbul edilib.
Donald Tramp hakimiyyətə gəldikdən sonra isə, ehtimal ki, milli təhlükəsizlik səbəbindən bu məhdudiyyətləri ləğv etməyib. İsrailə qoyulan məhdudiyyətlərin səbəbi bu texnologiyaların Çinə ötürülə biləcəyi ilə bağlı narahatlıqlarla izah edilir.