Dünya
624
01 Mar 2025 | 17:47

"Ağ Evdəki qalmaqal qlobal böhranın kəskinləşməsidir" - KİV-lər

"İkinci dünya savaşından sonra qurulan beynəlxalq nizam çökür..."
 
Dünən Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü bomba kimi partlayıb. Bəzi şərhçilər Zelenskinin "uyğunsuz davranışına", onun ingilis dilini yetərincə bilməməsinə və tərcüməçidən imtina etməsinə diqqət çəkib.
 
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri yazıb.
 
Lakin əksəriyyət hesab edir ki, ev sahibləri- prezident Tramp və vitse-prezident Vens mafiozlar kimi hərəkət edib. Hər halda, hamı bu hadisənin misli görünməmiş olduğunu qəbul edib.
 
ABŞ və Ukrayna prezidentləri arasında Ağ Evdə baş verən misilsiz qarşıdurma ərəb dünyasında da rezonans doğurub. Səudiyyə Ərəbistanının "Əl-Hədat" kanalına müsahibəsində "Əşarq Əl-Əvsat" qəzetinin Vaşinqton bürosunun rəhbəri Hiba Əl-Qüdsi bu dramatik hadisənin mümkün nəticələrini belə qiymətləndirib:
 
"Bu, həqiqətən də fəlakətli bir görüş olub. O, prezident Trampın qəzəbinə səbəb olub və ABŞ-Ukrayna münasibətlərində kəskin və əhəmiyyətli dəyişikliyə gətirib çıxara bilər. Trampın Rusiya prezidenti Vladimir Putinlə daha da yaxınlaşmasına və Ağ Evin Moskvanın tələblərinə daha həssas yanaşmasına səbəb ola bilər".
 
"İsrael Ha-Yom" qəzetinin beynəlxalq xəbərlər redaktoru David Baron isə hadisələri belə şərh edib:
 
"Sonundan başlayaq: görünməmiş qalmaqala baxmayaraq, ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı razılaşma hələ də imzalana bilər. Çünki Oval kabinetdə emosiyalar alovlansa da, tərəflər bu müqavilədə maraqlıdır: Ukrayna üçün ABŞ-ın müharibədə dəstəyi vacibdir, ABŞ üçün isə Ukraynanın yeraltı sərvətləri önəmlidir. Lakin Ağ Evdə baş verənlərə baxsaq, bu razılaşmanın baş tutmaq şansı olduqca az görünür".
 
Qarşıdurmadan sonra nə olacaq?
 
David Baron yazır ki, bu hadisənin nəticələri hələ də qeyri-müəyyəndir. Çünki isti izlərdə verilən qərarlar və şərhlər həmişə düzgün proqnoz verməyə imkan vermir. Lakin o, üç əsas məqama diqqət çəkir:
 
- Zelenskinin yanaşması uğurlu olmayıb
 
Dünyada Trampın qəlbinə yol tapmaq istəyən liderlər adətən onu tərif və dostcasına münasibətlə öz tərəflərinə çəkməyə çalışıb. Zelenski də məhz bu yanaşmaya üstünlük verib. O, ABŞ-la münasibətləri gücləndirmək üçün yeraltı sərvətləri təklif etməyi də özü düşünüb.
 
Lakin ya Tramp və Vensin Putinə olan inamı, ya da Zelenskinin Ukraynanın haqlarını müdafiə etmək istəyi onun planlarını alt-üst edin. Bəlkə də onun inadkarlığı- Kiyevi tərk etməkdən imtina etdiyi zaman onu ayaqda saxlayan bu keyfiyyət bu dəfə ona pis xidmət göstərib.
 
- Trampın davranışı da nüfuzuna zərbə vurub.
 
Zelenskinin emosiyalarına nəzarəti itirməsi bəlkə də səhv olub, amma Trampın onu təhqir etməsi, geyimindən tutmuş sözlərinə qədər ələ salması, dövlət başçısına söz deməyə icazə verməməsi Oval kabinetin tarixində şərəfli bir səhifə kimi qalmayacaq.
 
- Bu, qlobal dəyişikliklərin əlamətidir.
 
Ağ Evdə baş verənlər, əslində, geosiyasi dünyada gedən dərin dəyişikliklərin növbəti sübutudur.
 
İkinci Dünya müharibəsindən sonra qurulan beynəlxalq nizam çökür. ABŞ prezidenti Avropanın təhlükəsizliyinə zəmanət verməkdən imtina edir, Kiyevə yardımı lazımsız "hədiyyə" kimi görür və Kreml diktatoru ilə Avropa müttəfiqlərindən daha çox ortaq məxrəcə gəlir.
 
Bu mənada Ağ Evdəki görüş, əslində, buzlaqların parçalanıb bir-birindən uzaqlaşdığı kimi iki dünyanın toqquşması olub. Və Tramp Zelenskiyə qapını göstərdikdə, bir mənada, dünənin dünyasını da Ağ Evdən qovmuş olub.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər