Məşhur sovet şahmatçısı vəfat edib
Dünya
390
10:38, Bu gün

Məşhur sovet şahmatçısı vəfat edib

"Boris Spasski şahmat tarixində həm öz dövrünün ən güclü qrossmeysterlərindən biri, həm də sovet şahmat məktəbinin nüfuzuna ən ağır zərbə vuran şəxs kimi yadda qalacaq..."
 
Moskvada məşhur şahmatçı Boris Spasski 88 yaşında vəfat edib. O, dünya çempionatının onuncu qalibi kimi şahmat tarixinin əfsanələri arasına həm qələbələri, həm də məğlubiyyətləri ilə daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "sport-weekend.com" nəşri yazıb.
 
Nəşr yazır ki, onun karyerasının zirvəsi şahmatın intellektuallar arasında son dərəcə populyar olduğu dövrə- XX əsrin 60-cı illərinə təsadüf edib. Sovet və Qərb şahmatçıları arasındakı qarşıdurmalar isə, xüsusilə sovet rəhbərliyi üçün, təkcə idman mübarizəsi deyil, həm də siyasi qələbə və məğlubiyyətlər anlamına gəlib.
 
1950-ci illərin ortalarında Boris Spasski gənclər arasında dünya çempionu olub, sonra iki dəfə SSRİ çempionatının qalibi adını qazanıb və Sovet İttifaqının ən güclü qrossmeysterlərindən birinə çevrilib.
 
1966-cı ildə Spasski dünya çempionu titulu uğrunda sovet şahmatçısı Tiqran Petrosyanla qarşılaşıb və məğlub olub. Lakin 1969-cu ildə revanş alaraq Petrosyanı məğlub edib və dünya çempionu titulunu qazanıb.
 
Həmin dövrdə Spasski artıq yalnız kombinasiyalı hücum üslubu ilə deyil, həm də mövqeli oyun və endşpildə qazandığı ustalıqla zirvəyə çatıb.
 
1972-ci ildə Spasski çempionluğunu müdafiə etmək üçün amerikalı şahmatçı Robert (Bobby) Fişerlə qarşılaşmalı olub. Fişer o dövrdə artıq dünya şahmat elitasını, o cümlədən Petrosyanı asanlıqla məğlub edib. Spasski ciddi hazırlaşsa da, Fişerlə daha öncəki oyunlarında ya qalib gəldiyi, ya da heç-heçə etdiyi üçün çox narahat olmayıb.
 
Reykyavikdəki bu qarşılaşma Sovet İttifaqı ilə Qərb arasında ideoloji mübarizənin rəmzinə çevrilib. Spasskinin arxasında sovet şahmat elitasının seçmə nümayəndələrindən ibarət bir heyət dayanıb. Fişer isə tək olub, lakin qalib gəlib.
 
Sovet nümayəndə heyəti Fişeri elektron qurğular və kimyəvi maddələrlə Spasskiyə təsir göstərməkdə günahlandırıb. İslandiya polisi oyun zalında axtarış aparıb. DTK isə "zəhərlənmə" ehtimalını araşdırmaq üçün Reykyavikə xüsusi qrup göndərib.
 
Fişer 21 oyundan 12,5 xal toplayıb və Spasskini 8,5 xalla məğlub edib. Matçın mükafat fondu 250 min dollar (bu günün alıcılıq qabiliyyəti ilə təxminən 2 milyon dollar) idi. Spasski məğlubiyyətə baxmayaraq 93 min dollar qazanıb, lakin onu sovet məzənnəsi ilə rubla çevirmək məcburiyyətində qalıb (1 dollar 82 qəpiyə bərabər olub). Aldığı məbləğə o, "Volqa" markalı avtomobil alıb.
 
Sovet rəhbərliyi üçün bu məğlubiyyət ideoloji fəlakətə çevrilib. 1948-ci ildən bəri keçirilən dünya çempionatlarında yalnız sovet şahmatçıları finala yüksəlib və çempion olub. Spasskinin "dəli amerikalı tənha" Fişerə məğlubiyyəti bu hegemonluğun sonunu gətirib.
 
Buna baxmayaraq, 1973-cü ildə Spasski yenidən SSRİ çempionu olub və gələcəyin şahmat ulduzu Anatoli Karpov da daxil olmaqla bir çox güclü rəqibini məğlub edib.
 
1974-cü ildə dünya çempionatının seçmə mərhələsində Spasski Karpova uduzub. Daha sonra Fişer FİDE-nin şərtlərini qəbul etmədiyi üçün titul mübarizəsindən çəkilib və Karpov mübarizəsiz çempion elan edilib.
 
Bundan sonra Spasskinin şahmat karyerası tənəzzülə uğrayıb. 1975-ci ildə həyat yoldaşı Larisa ilə boşanaraq fransız vətəndaşı Marina Şerbaçova ilə evlənib. O, Fransaya köçsə də, sovet vətəndaşlığını (o cümlədən idman vətəndaşlığını) qoruyub saxlayıb. 1984-cü ildən isə FİDE siyahılarında Fransa şahmatçısı kimi qeyd edilib.
 
Spasski sonralar etiraf edib ki, Fişerə məğlubiyyətindən sonra SSRİ-də çox qala bilməyəcəyini anlayıb. O, dissident fikirlərini açıq ifadə etsə də, Aleksandr Alyoxin kimi sovet hakimiyyəti ilə münasibətlərini qorumağı bacarıb.
 
1977-ci ildə o, Viktor Korçnoya 16 oyundan ibarət matçda məğlub olub. Korçnoy bir il əvvəl "geriyə dönməz" statusu alaraq İsveçrəyə sığınıb.
 
1992-ci ildə Spasski Yuqoslaviyada Fişerlə revanş matçına çıxıb və yenə məğlub olub- Fişer ilk on oyunu qazanaraq qarşılaşmanı yekunlaşdırıb. Spasski 5 milyon dollarlıq mükafat fondunun 1,7 milyonunu alıb.
 
Bir il sonra o, macar şahmatçısı Judit Polqara 10 oyundan ibarət matçda uduzub. Daha sonra veteran şahmatçılarla gənc istedadlı qadın şahmatçılar arasında keçirilən turnirlərdə müntəzəm iştirak edib.
 
Sovet İttifaqının dağılmasından sonra Spasski Rusiyaya tez-tez səfər edir, şahmat həyatında fəal rol oynayıb. 2000-ci illərin ortalarından etibarən sağlamlığı pisləşməyə başlayıb.
 
2006-cı ildə San-Fransiskoda mühazirə oxuyarkən insult keçirib və Parisdə beyin damarlarımdan əməliyyatı olunub. 2010-cu ildə Rusiyada ikinci insult keçirib və bir neçə həftə sonra oğlu onu Parisə apararaq reabilitasiyaya yerləşdirib.
 
2012-ci ilin avqustunda Spasski yenidən Moskvaya qayıdıb və dərhal xəstəxanaya yerləşdirilib. Qohumları onun naməlum şəxslər tərəfindən Rusiyaya qaçırıldığını iddia etsələr də, Spasski özü sonradan Moskvaya öz istəyi ilə gəldiyini bildirib. Onun sözlərinə görə, Fransada yaxınları onu ev dustağı kimi saxlayıb və şahmat dünyasından uzaqlaşdırıb.
 
Spasski Fransa Şahmat Federasiyasını tərk edərək Rusiya federasiyasına qoşulub, baxmayaraq ki, artıq onun üçün bunun praktik əhəmiyyəti olmayıb.
 
O, millətçi baxışları ilə tanınıb və postsovet dövründə özünü monarxist kimi təsvir edib. 2005-ci ildə "5000 məktub"a imza atıb, bu sənəddə yəhudi icmasının fəaliyyətindən narazılıq ifadə olunub. Sonradan bu imzanın "səhvən" atıldığını desə də, onun yəhudilərə və bolşevizmə qarşı antipatiyası açıq-aşkar olub.
 
Hər halda, Spasski şahmat tarixində həm öz dövrünün ən güclü qrossmeysterlərindən biri, həm də sovet şahmat məktəbinin nüfuzuna ən ağır zərbə vuran şəxs kimi yadda qalacaq.
Link kopyalandı!
Son xəbərlər