PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb
Dünya
442
10:05, Bu gün

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb

Terror təşkilatı PKK atəşkəs elan edib.
 
Moderator.az-ın Türkiyənin NTV kanalına istinadla xəbərinə görə, bu barədə qondarma PKK İcraiyyə Komitəsi bəyanat yayıb.
 
Açıqlamada təşkilatın rəhbəri Abdullah Öcalanın çağırışına əməl edildiyi bildirilib.
 
"Aponun (Abdullah Öcalan) sülh və demokratik cəmiyyətə çağırışının həyata keçirilməsinə zəmin yaratmaq üçün bu gündən etibarən qüvvəyə minən atəşkəs elan edirik", - deyə sənəddə vurğulanıb.
 
Qeyd edək ki, İmralı həbsxanasında olan Abdullah Öcalan bir müddət əvvəl bununla bağlı çağırış edib. Onun bəyanatını DEM Partiyasının İmralı heyəti yayıb.
 
Bildirilir ki, Öcalan PKK-nın artıq məqsədini itirdiyini və təşkilatın özünü buraxmasının zəruri olduğunu vurğulayıb.
 
"Cənab Dövlət Bağçalının etdiyi çağırış, cənab prezidentin iradəsi və digər siyasi partiyaların çağırışa müsbət yanaşmaları ilə yaradılan bu mühitdə tərk-silaha çağırır və bu çağırışın tarixi məsuliyyətini öz üzərimə götürürəm", - deyə Öcalan bildirib.
 
Onun bu mesajı 27 fevralda İstanbulda keçirilən mətbuat konfransında ictimaiyyətə açıqlanıb.
 
Qeyd edək ki, proses MHP lideri Dövlət Bağçalının 22 oktyabr 2024-cü ildə etdiyi açıqlamadan sonra başlayıb. O, Öcalanın TBMM-də danışaraq təşkilatın sona çatdığını elan etməsinə çağırış etmişdi. Ardınca DEM Partiyasına Öcalanla görüş icazəsi verilməsi gündəmə gəlib.
 
2024-cü ilin noyabrın 26-da DEM Partiyası (Xalqların Bərabərlik və Demokratiya Partiyası) Ədliyyə Nazirliyinə İmralıda Öcalanla görüşmək üçün müraciət etdi və dekabrın 27-də nazirlik bu müraciətə müsbət cavab verdi. İlk görüş 28 dekabrda, ikinci görüş isə cari ilin yanvarın 22-də baş tutdu.
 
Bu müddət ərzində DEM Partiyası müxtəlif siyasi partiyalarla, eləcə də 16-17 fevral tarixlərində İraq Kürd Regional Rəhbərliyi və Kürd siyasi liderləri ilə görüşlər keçirib. Nəticədə Öcalanın çağırışı əsasında Kandil atəşkəs elan etdiyini bildirib.
Link kopyalandı!
Son xəbərlər