Dünya liderləri Oval ofisdəki mübahisəyə münasibət bildirirlər
Dünya
781
09:45, Bu gün

Dünya liderləri Oval ofisdəki mübahisəyə münasibət bildirirlər

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş verən mübahisəyə müxtəlif ölkələrin rəhbərləri münasibət bildiriblər.
 
Makron: Hücuma məruz qalan xalq var, o da Ukraynadır
 
“Təcavüzkar olan Rusiya və hücuma məruz qalan xalq var, o da Ukraynadır. Biz üç il əvvəl Ukraynaya kömək etməkdə, həmçinin, Rusiyaya sanksiya qoymaqda və bunu davam etdirməkdə haqlı idik".
 
Bunu Fransa Prezidenti Emmanuel Makron “BFMTV” telekanalına açıqlamasında deyib.
 
"Biz kömək edənlərin hamısına təşəkkür etməliyik və əvvəldən mübarizə aparanlara hörmət etməliyik".
 
 
Berbok: Ukrayna Almaniyanı dəstəyinə arxalana bilər
 
"Ukrayna tək deyil. Almaniya Avropadakı müttəfiqlərimizlə birlikdə Ukraynanın yanındadır və Rusiyanın təcavüzünə qarşıdır".
 
Bunu isə Almaniyanın xarici işlər naziri Annalena Berbok X sosial şəbəkəsindəki hesabında yazıb.
 
“Ukrayna Almaniyanın, Avropanın və digər ölkələrin sarsılmaz dəstəyinə arxalana bilər”,
 
Tusk: "Siz tək deyilsiniz"
 
Polşanın Baş naziri Donald Tusk isə X hesabında bunları yazıb:
 
“Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”.
 
"Ukrayna, İspaniya səninlədir”
 
İspaniyanın Baş naziri Pedro Sançes də “X” hesabında Ukraynanı dəstəkləyib: "Ukrayna, İspaniya səninlədir”
 
AK Prezidenti: Siz heç vaxt tək olmayacaqsınız, Zelenski
 
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə belə yazıb:
"Sizin ləyaqətiniz Ukrayna xalqının şücaətinə şöhrət qazandırır.
 
Güclü olun, cəsarətli olun, qorxmaz olun.
Siz heç vaxt tək olmayacaqsınız, əziz Prezident Zelenski.
Biz ədalətli və davamlı sülh naminə sizinlə işləməyə davam edəcəyik".
 
 
Orban: "Prezident Tramp cəsarətlə sülhün tərəfdarı oldu"
 
 
Macarıstanın Baş naziri Viktor Orban isə X hesabında yazaraq, ABŞ Prezidenti Donald Trampı dəstəkləyib, onun Ağ Evdə Volodimir Zelenski ilə görüşündə sülhü müdafiə etdiyini bildirib.
 
“Güclü insanlar sülhə imza atır, zəiflər müharibəyə başlayır. Bu gün Prezident Donald Tramp cəsarətlə sülhün tərəfdarı oldu. Çoxları üçün həzm etmək çətin olsa belə. Sağ olun, cənab Prezident!,” – Orban qeyd edib.
 
Medvedev: "Əsas məsələ Qərbin Kiyevə hərbi yardımını dayandırmaqdır"
 
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenski ilə danışıqlar zamanı ritorikasını “cəzalandırma” kimi qiymətləndirib.
 
Onun təbirincə "Bu, özlüyündə faydalıdır, lakin əsas məsələ Qərbin Kiyevə hərbi yardımını dayandırmaqdır".
 
Onun fikrincə, Tramp Zelinskinin üzünə ilk dəfə həqiqəti söyləyib: " Kiyev III Dünya Müharibəsi ilə oynayır. Sahiblərindən ona möhkəm sillə dəydi. Bu, faydalıdır. Ancaq bu kifayət deyil, biz nasist maşınına hərbi yardımı dayandırmalıyıq”, - Medvedev “Telegram” kanalında belə yazıb.
 
Bu, Rusiya rəsmilərindən Oval ofisdəki mübahisəyə verilən ilk reaksiya olub.
 
Trüdo: Kanada Ukraynanı dəstəkləyir
 
Kanadanın Baş naziri Castin Trüdo isə qeyd edib ki, ukraynalılar üç ildir cəsarət və dözümlülüklə mübarizə aparırlar: "Onların demokratiya, azadlıq və suverenlik uğrundakı mübarizəsi bizim hamımız üçün əhəmiyyətlidir. Kanada, Ukraynanın və ukraynalıların ədalətli və daimi sülhə nail olmaq üçün yanında olmağa davam edəcək".
 
Aİ: Ukrayna Avropadır, biz Ukraynanın yanındayıq.
 
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas isə Ukraynaya dəstəyin artırılacağını yazıb.
 
"Biz Ukraynaya dəstəyimizi artıracağıq ki, onlar işğalçıya qarşı mübarizəni davam etdirə bilsinlər. Bu gün aydın oldu ki, azad dünyanın yeni bir liderə ehtiyacı var. Bu vəzifə biz avropalıların üzərinə düşür".
Link kopyalandı!
Son xəbərlər