Dünya
390
28 Feb 2025 | 23:47

"Tramp Amerikanın Qorbaçovu, MAGA-yenidənqurmasıdır" - "The Times"

"Ruslar Trampın liberal dəyərlərə qarşı hücumlarının ABŞ-ın parçalanmasına səbəb olacağını düşünür..."
 
Tramp ilə Qorbaçov arasındakı oxşarlığı görməmək mümkün deyil. Hər iki lider Moskva ilə Vaşinqton arasındakı münasibətləri yaxınlaşdırmaq üçün illərlə davam edən siyasətdən imtina edib, bu isə köhnə müttəfiqlərlə əlaqələrin soyumasına səbəb olub. Avropa hələ də ABŞ-ın Ukrayna məsələsindəki mövqeyindən şoka düşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
 
"Make America Great Again" (MAGA) amerikalı siyasətçi Donald Tramp tərəfindən irəli sürülən populyar siyasi şüardır və "Amerikanı yenidən böyük edək" mənasını verir.
 
Bu liderlərdən biri Sovet İttifaqının sonunu gətirən Sov.İKP MK-nın Baş katibi olub. Digəri isə Ağ Evə qayıdışı Vaşinqtonu və dünya paytaxtlarını silkələyən qalmaqallı Nyu-Yorklu iş adamıdır.
 
Mixail Qorbaçov və prezident Trampı onilliklər və fərqli geosiyasi proseslər ayırır. Bununla belə, Moskvada artıq bu iki lider arasındakı bənzərliklərə diqqət yetirilib.
 
"Tramp Amerikanın Qorbaçovudur" - Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan "Zvezda" media qrupu yazır. "MAGA isə Amerikanın yenidənqurmasıdır" - nəşr Qorbaçovun SSRİ iqtisadiyyatında apardığı islahatları nəzərdə tutaraq əlavə edir.
 
Bu oxşarlıq aşkar görünür. Hər iki lider ölkələrində onillərdir davam edən siyasi kursdan imtina edərək Moskva və Vaşinqton arasında yaxınlaşmaya çalışıb, eyni zamanda ənənəvi müttəfiqlərlə münasibətlərin pozulmasına səbəb olub.
 
Qorbaçovun sovet doktrinasından imtinası Şərqi Almaniya kimi kommunist dövlətləri ilə münasibətlərin qırılmasına gətirib çıxarıb. Trampın Ukrayna münaqişəsində getdikcə daha açıq şəkildə Rusiyaya meyillənməsi isə Avropanı sarsıdıb.
 
Lakin Qorbaçov Qərbdə "soyuq müharibə"ni bitirməkdəki roluna görə alqışlanıb. Eyni zamanda, bir çox rusiyalılar onu SSRİ-nin dağılmasına görə günahlandırır və hətta nifrət edir.
 
Moskvada Tramp ilə Qorbaçov arasında paralellər aparılması heç də tərif kimi səslənmir. Ruslar, çox güman ki, Trampın liberal dəyərlərə qarşı hücumlarının ABŞ-ın parçalanmasına səbəb olacağını düşünür.
 
"XXI əsrdə Amerika cəmiyyətin tamamilə fərqli ehtiyacları və həyat prinsipləri ilə kəskin şəkildə bölünməsi yolundadır. Vətəndaş müharibəsi istisna edilmir", - ötən ay Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy bəyan edib. 
 
Keçən il Rusiyaya yaxın rəsmilər Hollivudun "Imperiyanın süqutu" (Civil War – "Vətəndaş müharibəsi") filmini maraqla izləyib və bəziləri bunu bir işarə kimi qəbul edib. "Hollivud boşuna bu mövzuda film çəkmir", - keçmiş prezident, hazırda Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bildirib.
 
Fevralın 25-də, çərşənbə axşamı günü tanınmış rusiyalı hərbi-siyasi bloqçu Yuri Podolyaka Telegram kanalında yazıb: "Hazırda ABŞ-da müşahidə etdiklərim mənə güclü dejavu hissi yaşadır. Bütün bunları artıq bir yerdə görmüşəm. Nəsə çox tanış gəlir. 80-ci illərin ikinci yarısında bizim İttifaqda baş verənlərə bənzəyir. Trampa arzulaya biləcəyim tək şey UĞURDUR! Ümid edirəm ki, onun "yenidənqurması" ABŞ-da da bizim dövrümüzdə olduğu kimi sona çatar".
 
Tramp və Qorbaçov 1987-ci ildə Vaşinqtondakı Sovet səfirliyində görüşüb. Qorbaçov Qərbdə çox populyar olub, amma Tramp ondan o qədər də təsirlənməyib. Tramp, Qərb liderlərinin "qəhrəman" kimi təqdim etdiyi Ukrayna prezidenti Vladimir Zelenskini də sərt şəkildə tənqid edib. O, həmçinin sovet lideri-islahatçısının idarəçiliyini "fəlakət" adlandırmışdı.
 
"Rusiya nəzarətdən çıxıb və rəhbərlik bunu anlayır. Məncə, problem Qorbaçovdadır. O, kifayət qədər sərt deyil", - Tramp 1990-cı ildə "Playboy" jurnalına deyib.
 
Tramp faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə keçirilən hərbi parad üçün Moskvaya getsə, böyük ehtimalla, Putin Rusiyası onun daha çox xoşuna gələr.  Kreml bəyan edib ki, Tramp mayın 9-da  yüksək səviyyəli qonaq olardı.
 
Trampın Moskvada görünməsi təkcə 1988-ci ildə prezident Reyqanın Qorbaçovla birlikdə Qızıl Meydanda gəzintisini xatırlatmaz, həm də 1990-cı ildə Qorbaçovun ABŞ-a səfəri zamanı izdihamın onu necə coşğu ilə qarşıladığını yada salar.
 
Qorbaçovun Qərblə münasibətləri yaxşılaşdırması beynəlxalq gərginliyin azalmasına və qısa müddətə daha təhlükəsiz dünya ümidinin yaranmasına səbəb olub. Lakin Trampın Putin Rusiyasına yönəlməsi Avropada qorxu yaradıb: əgər Vaşinqton Rusiyanın şərtləri ilə sülh sazişi bağlayarsa, Avropa Putinin növbəti hədəfi ola bilər.
 
Keçən həftə Parisdə Avropa dövlət başçılarının təcili görüşü keçirilib. Polşa baş naziri Donald Tusk orada bəyan edib: "Ukraynanın məcburi kapitulyasiyası bütün Qərb cəmiyyətinin kapitulyasiyası demək olar. Bunun nəticələri isə ağır olacaq. Kimsə bu reallığı görməzdən gəlməsin".
 
Beynəlxalq münasibətlər üzrə politoloq, müasir siyasət eksperti və Nyu-Yorkdakı Yeni Məktəbin professoru, SSRİ-ni 1953-1964-cü illərdə idarə edən Kommunist Partiyası Baş Katibi Nikita Xruşşovun nəticəsi Nina Xruşşova belə sual verir: "Əgər Tramp ilə Qorbaçovu müqayisə etsək, demək, Qərb nizamı "ölüm yatağındadır" ? Əgər belədirsə və "Tramp inqilabı" yenidənqurmanın əksi olacaqsa, onda Amerika və dünya üçün işlər yalnız pisləşəcək".
 
Trampın Rusiya ilə münasibətlərə fərqli yanaşması mütləq mənfi hal kimi qəbul edilməməlidir. Moskva və Vaşinqton arasında qüvvədə olan yeganə nüvə silahları sazişi (SHM- III) gələn il başa çatır və onun uzadılması ilə bağlı danışıqlar hələ də başlamayıb. Razılaşmanın uzadılmaması, böyük ehtimalla, Şərq və Qərb arasında yeni silahlanma yarışına səbəb olacaq.
 
Qorbaçov dövründə Rusiya ilə ABŞ arasındakı yaxınlaşma 1991-ci ildə Strateji Hücum Silahlarının Azaldılması Sazişinin imzalanmasına gətirib çıxarıb. Tramp eyni addımı ata biləcəkmi?
 
Amerikalı nüvə eksperti Con B. Volfstal "Bulletin of the Atomic Scientists" jurnalında yazır ki, "nüvə razılaşması Trampın Nobel Sülh Mükafatına layiq olduğunu düşünməsinə əsas verə bilər. Bu, onun çoxdankı arzularından biridir". Tramp həmçinin Qorbaçovun bir "uğurunu" təkrarlaya bilər: SSRİ-nin sonuncu lideri "soyuq müharibə"ni dinc şəkildə bitirdiyinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
Link kopyalandı!
Son xəbərlər