Dünya
298
28 Feb 2025 | 23:18

"Bu, kürd məsələsinin həllinə və davamlı sülhə nail olmaq üçün bir fürsətdir" - "CNN Türk"

"Biz NATO-nun yaxın müttəfiqi və terrorizmlə mübarizədə tərəfdaş olan Türkiyə xalqı üçün sülh və təhlükəsizliyə doğru irəliləyişi alqışlayırıq..."
 
1999-cu ildən Türkiyədə ömürlük həbsdə olan Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdulla Öcalan təşkilatın buraxılmasına çağırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "CNN Türk" nəşri məlumat yayıb.
 
"Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti üzərimə götürürəm. Bütün qruplar silahı yerə qoymalı, PKK isə özünü buraxmalıdır", - Öcalanın bəyanatında deyilir.
 
Fevralın 27-də kürdyönümlü Əmək Demokratiya Partiyasının nümayəndələri İstanbul yaxınlığındakı İmralı adasında həbsxanada olan Öcalanla görüşüb. Görüşdən sonra onlar Öcalanın bəyanatını türkcə və kürdcə ictimaiyyətə təqdim edib.
 
Türkiyədə reaksiyalar
 
Türkiyədə Öcalanın çağırışı əsasən müsbət qarşılanıb. Müxalifət lideri, CHP sədri Özgür Özəl bu məsələnin açıq şəkildə və cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə Türkiyə Böyük Millət Məclisində müzakirə olunmasının vacibliyini bildirib: "Terror təşkilatının silahı yerə qoyması və özünü buraxması əhəmiyyətlidir. Ümid edirik ki, PKK bu çağırışa uyğun hərəkət edəcək".
 
Kürdyönümlü "Xalqların Bərabərliyi və Demokratiya" partiyasının nümayəndəsi Sırrı Süreyya Önder bu hadisəni "tarixi dönüş nöqtəsi" kimi qiymətləndirib, lakin dayanıqlı sülh üçün demokratik siyasi mexanizmlərin tanınmasının vacibliyini vurğulayıb.
 
Türkiyə hökuməti isə Öcalanın bəyanatına ehtiyatla yanaşıb. Rəsmi Ankara PKK-nın birtərəfli silahı yerə qoymasını tələb etsə də, bu açıqlamanın sülh danışıqlarının başlanğıcı olduğunu inkar edir. Ədalət və İnkişaf Partiyasının yüksək rütbəli nümayəndəsi isə nəticələri gözləyəcəklərini bildirib.
 
Beynəlxalq reaksiyalar
 
İraq Kürdüstanının prezidenti Nəçirvan Bərzani Öcalanın çağırışını isti qarşılayıb və sülh prosesinə vasitəçilik etməyə hazır olduqlarını bildirib: "Biz Kürdüstanda sülh prosesini tam dəstəkləyirik və bu prosesin irəliləməsi üçün lazım olan hər cür yardımı göstərməyə hazırıq".
 
Suriya Demokratik Qüvvələrinin (SDF) komandiri Məzlum Abdi də bu çağırışı müsbət qiymətləndirib, lakin vurğulayıb ki, bu, yalnız PKK ilə bağlıdır və SDF-yə aid deyil. "Əgər Türkiyədə sülh olarsa, bu, bizə qarşı hücumları davam etdirmək üçün heç bir bəhanə saxlamaz", - o, qeyd edib.
 
Almaniya və Böyük Britaniya da Öcalanın çağırışını dəstəklədiklərini bildirib. Almaniya kansleri Olaf Şolts bunu "kürd məsələsinin həllinə və davamlı sülhə nail olmaq üçün bir fürsət" adlandırıb. Böyük Britaniya Xarici İşlər Nazirliyi isə Türkiyədə və regionda sabitliyin təmin olunmasına dəstək verdiklərini bildirib:
 
"Biz NATO-nun yaxın müttəfiqi və terrorizmlə mübarizədə tərəfdaş olan Türkiyə xalqı üçün sülh və təhlükəsizliyə doğru irəliləyişi alqışlayırıq. Bütün tərəfləri qanunun aliliyinə hörmət edən dinc və konstruktiv prosesdə iştirak etməyə çağırırıq".
 
PKK təkcə Türkiyədə deyil, həm də Almaniya, Böyük Britaniya, Kanada və Avstraliya tərəfindən terror təşkilatı kimi tanınıb. 2002-ci ilin iyununda Avropa İttifaqı da PKK-nı terrorçu qruplar siyahısına daxil edib.
 
Türkiyənin PKK problemi
 
Son illərdə Türkiyə ilə PKK arasında şiddətli qarşıdurmalar davam edib. 2015-ci ildə atəşkəsin pozulmasından sonra Türkiyə ordusu pilotsuz uçuş aparatları və hava hücumları vasitəsilə PKK-ya qarşı intensiv hərbi əməliyyatlar həyata keçirib.
 
Beynəlxalq Böhran Qrupu bildirir ki, son illərdə bu münaqişədə 7152 nəfər, o cümlədən 646 mülki şəxs, 4 mindən çox PKK döyüşçüsü və 1500-ə yaxın türk təhlükəsizlik əməkdaşı həlak olub.
 
Ekspertlər hesab edir ki, Öcalan PKK-nın hazırda zəif durumda olduğunu nəzərə alaraq bu çağırışla çıxış edib. Vaşinqtondakı Yaxın Şərq İnstitutunun analitiki Gönül Töl qeyd edir ki, Öcalan silahlı mübarizəni dayandırmaqla öz siyasi mirasını qorumaq niyyətindədir.
 
PKK daxilində bu çağırışa necə reaksiya veriləcəyi isə hələlik qeyri-müəyyəndir. Qrupun bəzi liderləri silahı yerə qoymağın yalnız PKK-nın siyasi fəaliyyətinə icazə verildiyi halda mümkün ola biləcəyini söyləyib. Bu isə təşkilatın həqiqətən buraxılıb-buraxılmayacağı ilə bağlı sualları açıq saxlayır.
Link kopyalandı!
Son xəbərlər