Dünya
594
19:30, Bu gün

"Ukraynanın F-16 qırıcıları daha təhlükəli tapşırıqlara keçir" - "Forbes"

"F-16-lar şərq cəbhə xəttinə daha yaxın dislokasiya edilir..."
 
Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları artıq əvvəlki kimi nisbətən təhlükəsiz vəzifələrlə-Rusiyanın qanadlı raketləri və pilotsuz uçuş aparatlarını (PUA) ələ keçirməklə kifayətlənmir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşrində dərc edilən məqalədə analitik Devid Aks yazıb.
 
O, qeyd edir ki, hazırda bu təyyarələr Ukraynada mövcud olan ən müasir "hava-hava" raketləri, yüksək dəqiqli bombalar və radar əleyhinə müdafiə sistemləri ilə təchiz olunaraq cəbhə xətti boyunca Rusiya qüvvələrinə zərbələr endirməyə başlayıb.
 
Aks qeyd edir ki, sosial şəbəkələrdə F-16-ların, xüsusilə Ukraynanın ən təhlükəli şərq bölgələri üzərində uçuşlarını əks etdirən foto və videoların sayı artmaqdadır.
 
"Onların bəziləri hava hücumundan müdafiə patrulu üçün təchiz olunub- infraqırmızı yönləndiricisi olan AIM-9 raketləri və radar yönləndiricisi olan AIM-120 raketlərinin cütü ilə silahlanıb, əlavə yanacaq üçün isə qanadaltı və gövdəaltı üç çənlə təchiz edilib. Digərləri daha riskli bombardman reydləri üçün hazırlanıb- dörd ədəd 250 funtluq kiçik çaplı bomba daşıyan qoşa pilonlar, AN/ALQ-131 elektron müdafiə kapsulu, dörd hava-hava raketi və iki atılan yanacaq çəni ilə təchiz olunub", - analitik bildirir.
 
Bu yüklənmə F-16-lara həm havadakı, həm də yerdəki Rusiya hədəflərinə zərbə endirmək imkanı verir. "Conflict Intelligence Team" analitik qrupunun məlumatına görə, bu qırıcılar qabaqcıl raket hücumu xəbərdarlıq texnologiyası ilə təchiz olunmuş "uçan hava hücumundan müdafiə" rolunu oynayır.
 
Aksın sözlərinə görə, F-16-lar Ukrayna müharibənin əvvəlində malik olduğu hava müdafiəsi imkanlarından xeyli üstün müdafiə sistemləri ilə təchiz olunub.
 
Bundan əlavə, bu qırıcılar ABŞ Hərbi Hava Qüvvələri mütəxəssisləri tərəfindən proqramlaşdırılmış AN/ALQ-131 radioelektron müdafiə kapsulları, radar və infraqırmızı idarə olunan zenit raketlərindən qorunmaq üçün müdafiə sistemləri, yerdəki radarları sıradan çıxaran elektron müdaxilə cihazı və passiv müdafiə vasitələrinin işə salınmasını təmin edən raket hücumu xəbərdarlıq sistemi ilə təchiz edilib.
 
Bütün bu sistemlər F-16-ları tamamilə toxunulmaz etmir və Ukrayna artıq bir F-16 qırıcısını itirib. Lakin ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi AN/ALQ-131 kapsulunun "strateji əhəmiyyətə və təsirə malik hədəfə çatmaq üçün qısa müddətli hava üstünlüyü təmin edə biləcəyini" qeyd edib.
 
Bununla belə, Aks xəbərdarlıq edir ki, bu özünü müdafiə qabiliyyəti uzun müddət davam etməyə bilər. Ukraynanın AN/ALQ-131 kapsullarını proqramlaşdırmaq üçün hələ də amerikalılara ehtiyac duyub-duymadığı aydın deyil. Əgər bu asılılıq davam edirsə, Donald Trampın prezidentliyi dövründə ABŞ-ın Rusiya ilə yaxınlaşması fonunda Ukraynanın bu kapsulları adaptasiya etmək imkanı məhdudlaşa bilər.
 
Ukraynada F-16 məsələsi
 
Bundan öncə ehtiyatda olan polkovnik Roman Svitan Ukraynada F-16-ların istifadəsini kəskin tənqid edərək, onların "sərçələrin ardınca qaçdığı" qənaətinə gəlib.
 
Onun sözlərinə görə, Ukraynaya az sayda F-16 verilərək, bu təyyarələr üçün əsas silahların çoxu təqdim edilmir. Svitan həmçinin bildirib ki, üç il öncə Ukrayna F-16-ları gözləmək əvəzinə, tamamilə İsveç istehsalı olan "Gripen" qırıcılarının tədarükünə yönəlməsi daha yaxşı olardı.
Link kopyalandı!
Son xəbərlər