Dünya
493
18:25, Bu gün

"NATO Ukrayna üçün ən yaxşı təhlükəsizlik təminatıdır" - Kaya Kallas

"ABŞ-ın Ukraynadakı iqtisadi maraqları təhlükəsizlik zəmanətləri ilə birlikdə olmalıdır..."
 
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Qərbin hərbi alyansı NATO-nu Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti adlandırıb və bununla birbaşa ABŞ prezidenti Donald Trampa etiraz edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
"Biz niyə NATO-da olmalıyıq? Çünki Rusiyadan qorxuruq. Və həqiqətən işləyən, yeganə effektiv təhlükəsizlik zəmanəti NATO-nun müdafiə qalxanıdır", - Kallas Vaşinqtonda AFP agentliyinə verdiyi müsahibəsində bildirib.
 
Avropa diplomatiyasının rəhbəri həmçinin Avropanın Ukrayna ilə bağlı ABŞ və Rusiya arasındakı danışıqlarda iştirak etməsində israr edib. "Əks halda Avropa Rusiyanın artıq üç ildir davam edən təcavüzkar müharibəsinin atəşkəs razılaşmasını dəstəkləyə bilməyəcək", - o, xəbərdarlıq edib.
 
Faydalı qazıntılar sazişini haqqında
 
Kaya Kallas bildirib ki, Amerikanın böyük şirkətləri Ukraynada müharibədən öncə də fəaliyyət göstərib, lakin bu, ölkəni qorumağa kifayət etməyib. ABŞ və Ukrayna arasında faydalı qazıntıların çıxarılması ilə bağlı razılaşma təkcə iqtisadi xarakter daşımamalıdır, çünki müharibə dövründə "təhlükəsizlik zəmanətləri lazımdır".
 
"Əgər bu saziş ABŞ-ın Ukraynadakı iqtisadi maraqlarını gücləndirəcəksə, eyni zamanda bu maraqlar Ukraynada təhlükəsizliyi təmin edəcəksə, bu, çox yaxşı inkişafdır. Siz Ukraynadakı iqtisadi maraqlarınızı müdafiə etməli və qorumalısınız. Amma mənim fikrimcə, bu, təhlükəsizlik zəmanətləri ilə birlikdə olmalıdır", - Kallas bildirib.
 
Kallas həmçinin vurğulayıb ki, Amerikanın şirkətləri Ukraynada həm müharibədən öncə, həm də hazırda fəaliyyət göstərir, lakin bu, ölkəni Rusiyanın genişmiqyaslı işğalından və davamlı bombardmanlardan qorumağa yetərli olmayıb. Onun fikrincə, təkcə biznes kifayət etmir.
 
"Mən belə fikirlər eşidirəm ki, guya, iqtisadi sazişin özü artıq bir təhlükəsizlik təminatıdır. Mən bununla razı deyiləm. Hazırda Ukraynada fəal şəkildə çalışan Amerika şirkətləri var. Amma ölkə hər gün bombalanır. Ona görə də belə düşünmək olmaz ki, əgər burada amerikalılar varsa, rusiyalılar "yaxşı, biz artıq onları bombalamayacağıq" deyə düşünəcək", - diplomat izah edib.
 
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenskinin imzalamağı planlaşdırdığı sazişi Kallas gələcəkdə daha geniş tərəfdaşlığa doğru yaxşı bir addım kimi qiymətləndirib. "Sizə etibarlı təhlükəsizlik zəmanətləri lazımdır. Ukrayna və Amerika arasında razılaşmalar yalnız o zaman uğurlu hesab edilə bilər ki, bu, daha geniş əməkdaşlıq üçün əsas təşkil etsin", - Kallas vurğulayıb.
 
Donald Trampa qarşı tənqid
 
Kallas ABŞ prezidentini "Rusiyanın narrativinə uyması" ilə günahlandırıb. O, Trampın Ukrayna ilə bağlı son açıqlamalarını şərh edərkən, ABŞ prezidentinin Kiyevi ittiham etməsini "tamamilə yalan" adlandırıb. Daha öncə Tramp bildirib ki, Rusiyanın işğalının səbəbi məhz Ukraynanın NATO-ya qoşulmaq istəyi olub. "Düşünürəm ki, yəqin ki, bütün bu hadisələr məhz buna görə başlayıb", -  o, deyib.
 
Hazırda Kaya Kallas Vaşinqtondadır. O, ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında aparılan danışıqlarda Avropanın iştirak imkanlarını müzakirə etməyi planlaşdırıb, lakin bu görüş baş tutmayıb. Bunun əvəzinə, Kallas transatlantik münasibətlər və Rusiyanın Ukraynaya qarşı təcavüzü məsələlərini senatorlar və Konqresin digər üzvləri ilə müzakirə etməyə qərar verib.
 
ABŞ prezidentinin Ukraynadakı müharibə ilə bağlı son açıqlamaları Avropada narahatlıq doğurub. Avropalılar və ukraynalılar Tramp və Putinin Ukraynanın gələcəyi ilə bağlı onların iştirakı olmadan razılığa gələcəyindən və Kiyevi ciddi ərazi güzəştlərinə məcbur edəcək bir atəşkəs sazişi bağlayacağından ehtiyat edir.
Link kopyalandı!
Son xəbərlər