"Görüşdə iki ölkə arasında səfirliklərin fəaliyyətinin bərpası, mövcud "narazılıq doğuran amillərin" aradan qaldırılması yolları müzakirə edilib..."
Cümə axşamı, fevralın 27-də İstanbulda ABŞ və Rusiya arasında səfirliklərin fəaliyyətinin bərpası ilə bağlı danışıqlar keçirilib. Məlumata görə, görüş təxminən altı yarım saat davam edib. Tərəflər mətbuat üçün heç bir açıqlama verməyib və danışıqların məzmunu barədə hələlik heç bir detal məlum deyil.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
Məlumatına görə, danışıqlarda ABŞ nümayəndə heyətinə ABŞ Dövlət katibinin müavini Sonata Coulter, Rusiya nümayəndə heyətinə isə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev rəhbərlik edib. Darçiyev eyni zamanda Rusiyanın ABŞ-a yeni səfiri vəzifəsinə namizəd kimi də qeyd olunub.
ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat verilir ki, danışıqların gündəliyində kadr təminatı, vizalar, diplomatik bank əməliyyatları və digər texniki məsələlər olub. Ukraynanın və eləcə də siyasət və təhlükəsizlik məsələlərinin müzakirə olunmadığı bildirilir. Mətbuata heç bir açıqlama verilməyib.
Bundan öncə Rusiya xarici işlər naziri Sergey Lavrov görüş zamanı Moskva və Vaşinqtondakı səfirliklərin, eləcə də Nyu-York və Hyustondakı Rusiya konsulluqlarının fəaliyyətinin müzakirə ediləcəyini bildirib. Onun sözlərinə görə, danışıqların nəticələri "nə qədər sürətli və effektiv irəliləyə biləcəyimizi göstərəcək".
"Biz elan etdik ki, yüksək səviyyəli diplomatlarımız və ekspertlərimiz görüşəcək və əvvəlki ABŞ administrasiyasının qanunsuz fəaliyyətinin nəticəsində yaranmış sistemli problemləri nəzərdən keçirəcək. Həmin administrasiya Rusiya səfirliyinin işinə süni maneələr yaradıb. Biz, təbii ki, qarşılıqlı cavab verdik və Moskvadakı Amerika səfirliyinin işi üçün də əlverişsiz şərait yaratdıq", Lavrov bildirib.
Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, İstanbulda ikitərəfli dialoqda hələ də mövcud "narazılıq doğuran amillərin" aradan qaldırılması yollarını araşdırmaq məqsədilə ekspert görüşü keçirilir. O, bu problemlərin əvvəlki ABŞ administrasiyalarının destruktiv addımları nəticəsində yarandığını vurğulayıb.
"Biz ümid edirik ki, bugünkü görüş bu cür ekspert məsləhətləşmələrinin ilk addımı olacaq və ABŞ tərəfi ilə fikir ayrılıqlarının aradan qaldırılması və qarşılıqlı etimad tədbirlərinin möhkəmləndirilməsinə daha da yaxınlaşacağıq", - Zaxarova bildirib.
Bundan öncə ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio bildirib ki, Moskva və Vaşinqtondakı səfirliklərin işçi heyətinin bərpası ilə bağlı razılıq əldə olunub. 2016-cı ildən bəri hər iki ölkə qarşılıqlı olaraq yüzlərlə diplomatı qovulub və hazırda səfirlik və konsulluqlar məhdud rejimdə fəaliyyət göstərir.
Cümə axşamı Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FTX) kollegiya iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni administrasiyası ilə ilkin təmasların "müəyyən ümidlər yaratdığını" bildirib.
O, ABŞ rəhbərliyini tərifləyərək, onların "stereotiplərdən, qaydalardan və messianist ideoloji klişelərdən imtina etdiyini" qeyd edib. Putin həmçinin bəyan edib ki, bəzi "Qərb elitaları" Rusiya və ABŞ arasında dialoqun bərpasını istəmir və onu pozmağa çalışır. O, belə cəhdlərin qarşısını almaq üçün "diplomatiyanın və xüsusi xidmət orqanlarının bütün imkanlarından istifadə etməyə" çağırıb.
"Vyorstka" nəşri mənbələrə istinadən yazır ki, Rusiya prezident administrasiyası Kremlə bağlı KİV-lərə ABŞ prezidenti Donald Trampı "şəxsi olaraq tərifləməməyi", bunun əvəzinə, təşəbbüsün Rusiyadan gəldiyini və ABŞ-Rusiya danışıqlarının pozitiv xarakter daşıdığını vurğulamağı tövsiyə edib.
Xatırladaq ki, iki ölkə nümayəndə heyətlərinin ilk görüşü fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub. Bundan öncə ABŞ prezidenti Donald Tramp yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını açıqlayıb.
Onun sözlərinə görə, görüşün əsas mövzusu Ukraynadakı münaqişənin dayandırılması olacaq. Tramp əlavə edib ki, bu görüş Səudiyyə Ərəbistanında da baş tuta bilər. Eyni zamanda, Türkiyə öz tərəfindən sülh səylərinə hər cür dəstək göstərməyə, o cümlədən danışıqların təşkilinə hazır olduğunu bir daha təsdiqləyib.