Dünya
830
27 Feb 2025 | 16:25

"Ukrayna dövləti itirməmək üçün səfərbərliyi daha da sərtləşdirməlidir" - "The Economist"

"Ukraynanın Trampın mümkün "pis razılaşmasına" müqavimət göstərmək üçün gəncləri səfərbər etməkdən başqa yolu yoxdur..."
 
Ukrayna ordusunda şəxsi heyət çatışmazlığı var, çünki Rusiya qüvvələri cəbhədə əhəmiyyətli üstünlüyə malikdir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Qərb tərəfdaşları Ukrayna ordusunda sayla bağlı problemi həll etmək üçün səfərbərlik yaşının azaldılmasına çağırış edib.
 
Səfərbərlik problemləri
 
Ukrayna Silahlı Qüvvələri, xüsusilə səfərbərlik sahəsində müxtəlif çətinliklərlə üzləşir. Ölkədə hərbi xidmətə çağırışla bağlı gərginlik artır, hətta səfərbərlik mərkəzlərinə hücumlar baş verir.
 
"The Economist" nəşri Poltava vilayətində bir çağırış məntəqəsi əməkdaşının öldürülməsini və bu hadisənin ardınca bir neçə oxşar hücumun baş verdiyini xatırladır. Ukrayna xüsusi xidmət orqanları bunu Rusiya diversantlarının işi adlandırsa da, yerli rəsmilər hadisələrin daxili səbəblərlə də bağlı ola biləcəyini düşünür.
 
Bundan əlavə, ABŞ prezidenti Donald Trampın mümkün siyasəti Ukraynanın şəxsi heyət problemlərini daha da çətinləşdirə bilər. Döyüşlər davam edir və potensial çağırışçılar hərbi xidmətə getməmək üçün müxtəlif yollar axtarır.
 
"Biz səfərbərlikdə uğursuz olmuşuq", - 46-cı briqadanın zabiti etiraf edib. Onun sözlərinə görə, siyasət hərbi tələblərə mane olur. Xüsusilə Kuraхovoda Ukrayna bölmələrinin kifayət qədər canlı qüvvə olmaması səbəbindən geri çəkildiyi bildirilir. "On nəfər rus əsgərinə qarşı bir ukraynalı düşüb", - zabit əlavə edib.
 
Ukrayna səfərbərlik  problemini necə həll edə bilər?
 
Ukrayna bu boşluğu doldurmaq üçün çətin seçim qarşısındadır. Səfəfbərlik yaşının 25-dən 18-ə endirilməsi variantlardan biridir, lakin cəmiyyət bunu qəbul etmir. "Bir çox valideynlər məhz övladlarının döyüşməməsi üçün vuruşur", - zabitlərdən biri bildirib.
 
Lakin Qərb bunu dəstəkləyir və hesab edir ki, bu, ordunun gücünü artırmaq üçün vacib addımdır. ABŞ rəsmilərindən biri qeyd edib ki, Ukraynanın Trampın mümkün "pis razılaşmasına" müqavimət göstərmək üçün gəncləri səfərbər etməkdən başqa yolu yoxdur.
 
Eyni zamanda, səfərbərlik iqtisadiyyatın təzyiqi altında çətinləşir. Hökumət artıq 1 milyona yaxın "kritik əhəmiyyətli" işçini hərbi xidmətə çağırışdan azad edib. Avropa rəsmiləri isə bildirir ki, prezident Zelenski iqtisadiyyatı qurban verməsə, dövlətin varlığını qorumaq çətin olacaq.
 
Ukrayna gəncləri üçün könüllü xidmət proqramı təklif edilib. Lakin bu, Rusiyadakı kimi "top yemi" prinsipi ilə deyil, yüksək səviyyəli hazırlıq keçmiş elit briqadalar üçün nəzərdə tutulub.
 
Bununla belə, Ukraynanın keçmiş müdafiə naziri bildirib ki, insan resursları təkbaşına qələbəni təmin edə bilməz. Onun fikrincə, Ukrayna döyüş taktikasını dəyişməli və az sayda heyətlə daha effektiv əməliyyatlar aparmalıdır. "Biz Rusiya Rusiya ilə itki yarışına girərək qalib gələ bilmərik", - o, vurğulayıb.
 
"The Economist" yekun olaraq qeyd edir ki, əgər müharibə davam edərsə, Ukrayna səfərbərliyi daha da sərtləşdirmək məcburiyyətində qalacaq. "Sərtlik davam edəcək, çünki daha yaxşı həll yolu yoxdur", - Ukraynanın yüksək rütbəli rəsmisi bildirib.
 
Bununla belə, nəşr xəbərdarlıq edir ki, bu strategiya Ukrayna cəmiyyətində daha dərin parçalanmalara və hərbi xidmətə çağırış prosesinə qarşı zorakılığın artmasına səbəb ola bilər.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər