"Layihə mətnindən Amerikanın ən mübahisəli tələbləri çıxarılıb..."
Zelenski ABŞ-la faydalı qazıntılar üzrə sazişin imzalanması üçün şərtlər irəli sürüb. Hazırda belə bir sazişin məzmunu kifayət qədər qeyri-müəyyəndir.
Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.
Qeyd edilir ki, Ukrayna prezidenti Vladimir Zelenski faydalı qazıntılar üzrə çərçivə sazişindən sonra imzalanmalı olan iqtisadi razılaşmanı, əgər o, Ukrayna üçün daha geniş təhlükəsizlik təminatları ehtiva etməzsə, imzalamağı planlaşdırmır.
Məlumata görə, ilkin çərçivə sənədi parlament tərəfindən ratifikasiya olunmasını tələb etməyəcək, lakin digər sənəd üçün bu tələb ediləcək.
Hazırda sazişlə bağlı bir çox qeyri-müəyyənliklər qalmaqdadır. Xüsusilə, Amerika tərəfinin yeni fondu necə idarə edəcəyi və onun idarəetmə mexanizmlərinin nədən ibarət olacağı məlum deyil. Bir bənddə ABŞ-ın öz qanunlarına uyğun olaraq "maksimum məbləğə" nəzarət edəcəyi qeyd olunur. Eyni zamanda, bu, investisiyaların mütənasibliyini nəzərdə tutan digər bir bəndlə ziddiyyət təşkil edə bilər.
Bundan əlavə, "The Economist" qeyd edir ki, sazişin ümumi məbləği, çox güman ki, Trampın Ukraynadan tələb etdiyi 500 milyard dollarlıq "təminat ödənişindən" xeyli az olacaq. Bu məbləğin olduqca şişirdilmiş olduğu vurğulanır, çünki ABŞ-ın Ukraynaya hərbi və maliyyə yardımı müstəqil qiymətləndirmələrə görə 120 milyard dolları ötür.
"Layihə mətnindən Amerikanın ən mübahisəli tələbləri çıxarılıb. Rəsmi şəxslərin sözlərinə görə, bu tələblər tez-tez düşməncəsinə qəbul edilib. Bir halda ukraynalılara imza üçün cəmi bir saat vaxt verilib, başqa bir halda isə cəmi altı dəqiqə. Hazırkı saziş mətnində hər iki tərəfin Ukraynaya investisiya yatırmaq üçün birgə fond yaratmaq öhdəliyi var. Gözlənilir ki, Ukrayna bu fonda gələcək dövlət resurs hasilatı layihələrindən, o cümlədən minerallar, karbohidrogenlər, neft, qaz və LNG terminalları və limanlar kimi infrastrukturdan əldə olunan gəlirlərin 50 faizni köçürəcək," - məqalədə qeyd olunur.
Eyni zamanda, bu, artıq Ukrayna büdcəsinə böyük gəlirlər gətirən iri neft və qaz layihələrinə təsir etməyəcək. Məqalədə əlavə olunur ki, bu saziş daha çox nəzəri xarakter daşıyır, çünki Ukraynadakı faydalı qazıntıların real həcmi məlum deyil.
"Müasir kəşfiyyat metodlarından istifadə edilərək ciddi yataq qiymətləndirilməsi aparılmayıb. Faydalı qazıntıların əhəmiyyətli hissəsi dərin qatlarda yerləşir və ya hasilatı iqtisadi baxımdan səmərəsiz olan aşağı konsentrasiyalarda mövcuddur. Ola bilər ki, Ukraynanın metal resurslarının 40 faizi hazırda Rusiya tərəfindən işğal olunmuş ərazilərdə yerləşir," - nəşr vurğulayır.
Bundan əlavə, sazişdə emal və zənginləşdirmə müəssisələri ilə bağlı detallar yoxdur. Məhz burada əsas dəyər yaradılmalıdır. Nəticə olaraq məqalədə bildirilir: "Sazişdə hələ də bir çox boşluqlar var. Bununla belə, Ukrayna müəyyən bir razılığa gəlib, Trampa bir nəticə təqdim edib, uçurumun kənarından geri çəkilib və vaxt qazanıb. Bu isə onun gözlənilmədən düşdüyü dünyada çox şey ifadə edir".