Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı ritorikasını sərt tənqid edib. O, Trampın bu məsələdə “yanlış mövqe” tutduğunu bildirib və ABŞ-ın Kiyevə daha çox dəstək verməli olduğunu vurğulayıb.
Musavat.com xəbər verir ki, Conson bu fikirləri ukraynalı jurnalist Dmitri Qordonla müsahibəsi zamanı səsləndirib. O, Konqresdəki Respublikaçıları və tanınmış jurnalist Taker Karlsonu sərt şəkildə tənqid edərək, onların Ukrayna ilə bağlı mövqelərinin yolverilməz olduğunu bildirib.
Consonun Trampa mesajı: “Ukraynaya hərbi yardımı dərhal artırardım”
Jurnalist Dmitri Qordon Consona “Əgər siz Trampın yerində olsaydınız, nə edərdiniz?” sualını verib. Keçmiş Britaniya baş naziri suala açıq və sərt cavab verib:
“Mən Konqresdəki Respublikaçılara deyərdim ki, axmaqlığı dayandırsınlar.”
“Taker Karlsona isə yaxınlıqdakı gölə baş vurmasını tövsiyə edərdim.”
“Ukraynaya hərbi dəstəyi dərhal artırardım.”
“Faydalı qazıntılarla bağlı müqavilə bağlayardım, amma o qədər yırtıcı şərtlərlə yox.”
Conson Trampın siyasətini açıq şəkildə tənqid edərək, Ukraynanın azadlığını və müstəqilliyini qorumağın strateji baxımdan əhəmiyyətli olduğunu bildirib.
“Trampın ritorikası səhvdir, amma ABŞ-ın Ukrayna ilə irəliləyiş şansı var”
Boris Conson, Prezident Trampın Ukrayna ilə bağlı ritorikasını “yanlış” adlandırsa da, ABŞ-ın Kiyevlə əməkdaşlıq üçün hələ də imkanlarının olduğunu bildirib:
“Mən bilirəm ki, bəzi ukraynalılar Trampın bəyanatlarına görə narahatdır. Amma siz faktlara baxmalısınız. ABŞ-ın Ukrayna ilə irəliləyiş üçün real şansı var.”
Onun sözlərinə görə, Tramp administrasiyası Kiyevə yardımı davam etdirməli və bunu uzunmüddətli strategiyanın bir hissəsinə çevirməlidir.
Qeyd edək ki, Boris Conson Trampın Böyük Britaniyadakı ən yaxın dostudur.