Dünya
283
26 Feb 2025 | 23:36

"Rusiya Ukraynada sülhməramlıların yerləşdirilməsi variantını rədd edir" - Lavrov

"Təmas xəttində münaqişənin dondurulması mümkün deyil, çünki bu, Rusiya Konstitusiyasına ziddir..."
 
Rusiya tərəfi Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsi ilə bağlı heç bir variantı nəzərdən keçirmir.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Qətərə səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bəyan edib. Məlumatı "svoboda.org" nəşri yayıb.
 
Lavrovun sözlərinə görə, hazırda Rusiyadan Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı heç kim soruşmayıb. O, həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla son görüşündə belə bir yerləşdirmənin yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə mümkün olduğunu bildirib.
 
Bununla belə, Lavrov Trampın Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsi məsələsində Rusiya prezidenti Vladimir Putinin razılıq verəcəyinə əminliyini ifadə etdiyini qeyd etməyib.
 
Lavrovun sözlərindən həmçinin belə çıxır ki, Moskva Ukraynanın Rusiya tərəfindən ilhaq edildiyi bütün ərazilərinin- 2014-cü ildə ilhaq edilmiş Krımdan əlavə, hazırda döyüşlərin davam etdiyi dörd bölgənin (Donetsk, Luqansk, Zaporojye və Xerson) nəzarətə götürülməsində israr edir. 
 
Lavrov bildirib ki, münaqişənin mövcud cəbhə xətti üzrə dondurulması mümkün deyil, çünki bu, Rusiya Konstitusiyasına zidd olar (orada bir neçə Ukrayna bölgəsi Rusiya ərazisi kimi göstərilir). O, həmçinin qeyd edib ki, Vladimir Putinin ABŞ-la Rusiyanın təbii sərvətlərinin birgə işlənilməsi barədə əməkdaşlıq təklifi Rusiyanın nəzarətində olan Ukrayna ərazilərini də əhatə edir.
 
Lavrovun bu açıqlamaları ABŞ rəsmilərinin Ukraynada yaxın vaxtlarda sülh razılaşması və ya heç olmasa atəşkəsin mümkünlüyü ilə bağlı bəyanatları fonunda səslənib. Eyni zamanda, Avropa İttifaqı ölkələri və Böyük Britaniya, atəşkəsdən sonra Ukraynada Avropa hərbçilərinin təhlükəsizlik zəmanəti kimi yerləşdirilməsində israr edir.
 
Lavrov həmçinin bildirib ki, 27 fevralda İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında hər iki ölkənin səfirliklərinin fəaliyyəti ilə bağlı problemləri müzakirə etmək üçün görüş keçiriləcək. Onun sözlərinə görə, bu görüşdə Ukraynadakı müharibə məsələsi müzakirə olunmayacaq.
 
Fransa, Böyük Britaniya və bir sıra digər ölkələr atəşkəs razılaşması imzalandıqdan sonra Ukraynaya sülhü təmin etmək üçün qüvvə göndərmək imkanını müzakirə edir. Fransanın maliyyə naziri Erik Lombard "Bloomberg" Television" nəşrinə bildirib ki, Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri atəşkəsə nəzarət etmək üçün qoşun göndərməyə hazırdır və ABŞ prezidenti də bu ideyanı dəstəkləyib.
 
Bununla belə, Avropa ölkələri ABŞ-ın bu missiyaya dəstək verməsini tələb edir. Tramp bu məsələyə hələ açıq şəkildə münasibət bildirməyib. "The Wall Street Journal"  nəşri yazır ki, Makronun Vaşinqtona səfəri zamanı Trampdan bu məsələdə zəmanət ala bilmədiyi, lakin açıq şəkildə rədd cavabı da almadığı bildirilir.
Link kopyalandı!
Son xəbərlər