Dünya
406
17:32, Bu gün

"Avropa İttifaqının Ukrayna üçün 200 milyard avroluq "gizli silahı" var - "Politico"

"Bu məsələ hüquqi baxımdan problemli deyil, bunun üçün siyasi iradəyə ehtiyac var..."
 
Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi Avropaya danışıqlar masasında yer qazanmasına kömək edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Nəşr yazır ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibənin bitməsi ilə bağlı danışıqlarda bütün kozırların yalnız onun əlində olduğunu göstərməyə çalışsa da, Avropa İttifaqının 200 milyard avroluq "gizli silahı" var.
 
Bu, Rusiyanın dondurulmuş aktivləridir ki, onların böyük hissəsi Brüsseldəki "Euroclear" maliyyə qurumunda saxlanılır və faiz gəliri gətirir.
 
Qeyd edilir ki, ABŞ cəmi 5 milyard dollar dəyərində Rusiya aktivini müsadirə edib. Nəşrin fikrincə, bu aktivlərdən istifadə edilməsi radikal bir addım olsa da, demək olar ki, Avropaya danışıqlar masasında yer təmin edə bilər.
 
Buna baxmayaraq, Avropa liderləri hələ də Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi məsələsində fikir ayrılığı yaşayır. Onlar Brüsselin hələ də müharibənin nəticəsinə təsir etmək gücünün olduğunu Trampa sübut etmək üçün bu vəsaitlərin müsadirə edilməsinin lazım olub-olmadığı məsələsində tərəddüd edir.
 
Jurnalistlər xatırladır ki, Tramp administrasiyası dəfələrlə ABŞ-ın Ukraynaya dəstəyini azaltmaq niyyətində olduğunu bildirib. Bununla əlaqədar olaraq Avropa siyasətçiləri hesab edir ki, Rusiya aktivlərinin müsadirə edilərək Kiyevə ötürülməsi müharibədən sarsılmış ölkəyə döyüş meydanında üstünlük qazanmağa kömək edəcək.
 
"Əgər Vaşinqton Ukraynaya dəstəkdən imtina edərsə, dondurulmuş Rusiya aktivləri ilə ABŞ yardımını əvəz edə bilərik", - Estoniya xarici işlər naziri Marqus Tsaxhna jurnalistlərə bildirib.
 
O, əlavə edib ki, Avropada ümumilikdə 300 milyard avroluq Rusiya aktivləri dondurulub və bunlardan istifadə olunmalıdır. "Mən bu məsələnin hüquqi baxımdan problemli olması arqumentini qəbul etmirəm. Bunun üçün siyasi iradəyə ehtiyac var", - Litvan xarici işlər naziri Kyastutis Budris nəşrə verdiyi müsahibədə qeyd edib.
 
Jurnalistlər vurğulayır ki, Avropada Rusiya aktivlərinin müsadirəsinin beynəlxalq investorlara mənfi təsir göstərəcəyindən və Avropa İttifaqının danışıqlardakı əsas üstünlüyünü itirəcəyindən narahat olanlar da var. Onların arasında Fransa, Almaniya, İtaliya, İspaniya və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen də var.
 
Bundan əlavə, nəşr məlumat verir ki, Fransa prezidenti Emmanuel Makron fevralın 24-də Oval kabinetdə Tramp ilə görüşü zamanı Qərb müttəfiqlərinin müharibə zamanı dondurulmuş aktivlərin faiz gəlirlərindən qanuni şəkildə istifadə edə biləcəyini bildirib, lakin aktivlərin müsadirəsinin qanunsuz olacağını vurğulayıb. O, aktivlərin dondurulmasının isə mühüm təsir vasitəsi olduğunu qeyd edib.
 
Rusiyanın dondurulmuş aktivləri - mühüm xəbərlər
 
Bundan öncə "Reuters" yazıb ki, Rusiya dondurulmuş aktivlərini Ukraynanın bərpasına müəyyən şərtlər daxilində yönləndə bilər. Belə bir razılaşma sülh sazişinin bir hissəsi ola bilər.
 
Bundan əlavə, "Bloomberg" nəşri xəbər verib ki, Ukrayna ABŞ prezidenti Donald Trampdan Rusiyanın dondurulmuş aktivləri hesabına silah almasına icazə verməsini istəyir. Ukrayna rəsmilərinin fikrincə, belə bir qərar həm ABŞ-a, həm də onun müdafiə sənayesi şirkətlərinə fayda gətirə bilər.
Link kopyalandı!
Son xəbərlər