Dünya
582
26 Feb 2025 | 17:20

"Ukraynaya nüvə silahını verilməsi problemin həlli deyil" - ABŞ Dövlət katibi

"ABŞ müharibədən sonra Rusiya ilə münasibətləri bərpa etməyi planlaşdırır..."
 
Ukrayna prezidenti Vladimir Zelenskinin NATO-ya üzvlük prosesi illərlə, hətta onilliklərlə uzanarsa, ölkənin Rusiya təcavüzündən müdafiə olunması üçün nüvə silahı ilə təmin edilməli olduğu barədə bəyanatları ciddiyə alınmamalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərlə müsahibəsində bəyan edob. Məlumatı "dw.com" nəşri yayıb.
 
"Mən düşünmürəm ki, kimsə bunu Ukrayna tərəfindən irəli sürülən ciddi təklif kimi qəbul edir. Həmçinin onların nüvə silahı ilə təmin olunmasının problemi həll edəcəyini də düşünmürəm", - o, deyib. 
 
Rubionun sözlərinə görə, o, Zelenskinin birbaşa olaraq "əgər Ukrayna NATO-ya qəbul edilməzsə, ona nüvə silahı verilməlidir" tələbi ilə çıxış etdiyini eşitməyib. Bununla belə, o, belə bir qərarı dəstəkləməyəcəyini vurğulayıb.
 
“Mən bunun real bir tələb olduğunu düşünmürəm. Bizə daha çox nüvə silahına sahib olan ölkə yox, daha azı lazımdır. Üstəlik, bu, onların dediyi problemi həll etməyəcək. Məncə, Zelenskinin əsas problemi başqadır və bu, başa düşüləndir: münaqişənin elə bir sonluğuna nail olmaq ki, bu, uzunmüddətli olsun, sabit qalsın və bir il, iki il, üç il sonra yeni bir müharibəyə gətirib çıxarmasın. Bu, istənilən danışıqlarda müzakirə olunacaq bir məsələdir. Amma mən düşünmürəm ki, nüvə silahı bu suala cavabdır", - ABŞ Dövlət katibi əlavə edib.
 
Bundan əlavə, Rubio bildirib ki, ABŞ və Rusiyanın birgə işləmək üçün imkanları var. Jurnalistlə söhbətində o vurğulayıb ki, Vaşinqton
Rusiyanın dondurulmuş aktivləri, səfirliklərin açılması və Rusiya bazarını tərk etmiş Amerika şirkətlərinin gələcəyi məsələlərini müzakirə etmək istəyir. "Bu, bizim münasibətlərimizi yenidən qurmaq barədə daha geniş bir müzakirənin bir hissəsi olacaq", - ABŞ Dövlət katibi qeyd edib.
 
Ukrayna üçün nüvə silahı- digər xəbərlər
 
Bundan öncə "The Telegraph" nəşri yazıb ki, əgər Ukrayna nüvə silahını bərpa etsə, "Avropanın İsraili" ola bilər. Qeyd olunur ki, Ukraynanın nüvə silahı yaratmaq üçün bütün imkanları mövcuddur.
 
Bundan əlavə, ABŞ müdafiə naziri Pit Heqset Ukraynanın nüvə silahı əldə etməsinin istisna olunmadığını bildirib. O, əlavə edib ki, nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar yalnız bir nəfərdən - ABŞ prezidenti Donald Trampdan asılıdır.
Link kopyalandı!
Son xəbərlər