"Xüsusi xidmət orqanları onu faşizmdə ittiham edir..."
Polis rusiyayönümlü namizəd Kelin Corceskunu saxlayıb və onun seçki kampaniyasını araşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, prezidentlik yarışında lider olan Kelin Corceskunun Ukrayna barədə "uydurma dövlət" ifadəsi işlətməsi xoş qarşılanmayıb, xüsusi xidmət orqanları onu faşizmdə ittiham edir.
Məhkəmə mənbələrinə istinadən məlumat verilir ki, Corcesku konstitusiya quruluşuna qarşı fəaliyyət, ictimaiyyətə açıq şəkildə təhrikçilik, faşist təşkilatın yaradılması və kampaniyanın maliyyə mənbələri barədə yalan bəyanatlar verməklə bağlı işlər üzrə dindirilir.
Qeyd edilir ki, Corceskunu dəstəkləyən ultrasağçı "Rumıniyanın Birləşməsi Alyansı" (AUR) prokurorluq qarşısında etiraz aksiyası elan edib. Hüquq-mühafizə orqanları onun bəzi müttəfiqlərinin və polis əməkdaşlarının fəaliyyətini də araşdırır. Corceskunun özü isə şərh verməkdən imtina edib.
Xatırladaq ki, dekabr ayında Rumıniyada Rusiyanın müdaxiləsi ittihamları səbəbindən prezident seçkilərinin birinci turunun nəticələri ləğv olunub. Xüsusi xidmət orqanlarının məlumatına görə, o, Rusiyanın təşkil edə biləcəyi ədalətsiz sosial media kampaniyasından faydalanıb. Təkrar seçkilər mayın 4-nə təyin edilib.
Hazırda Corcesku Rumıniyada ictimai rəy sorğularında liderlik edir. O, Ukrayna ərazilərinin sülh müqaviləsindən sonra qonşu ölkələr arasında bölüşdürüləcəyini iddia edib. Həmçinin, Ukraynanı "uydurma dövlət" adlandırıb və bəzi ərazilərin Rumıniyaya məxsus olduğunu söyləyib.