Bizi sosial şəbəkələrdən izləyin:
Trampın Ukrayna sərvətlərinə olan marağı artıq Avropada da yaranıb. Avropa ölkələri də Ukraynanın sərvətlərinin əldə olunmasında əsas oyunçu olmaq istəyir. Qoca Qitə, ABŞ-dən fərqli olaraq, Zelenskinin qəbul edəcəyi təklif irəli sürüblər. Belə ki, Qitə ölkələri Ukraynanın mineral ehtiyatlarının işlənilməsi və nadir torpaq metallarının Vaşinqtondan ayrıca çıxarılmasını istəyir. Bununla bağlı artıq danışıqlar başlanılıb. ABŞ, Çindən asılılığını, Avropa isə ABŞ-dən asılılığını kompensasiya etməyi düşünürlər. Bəs təbii sərvətlər uğrunda mübarizədə kim qalib gələcək? ABŞ, yoxsa Avropa? Çünki hansı ölkə bu sərvətlərə sahib olsa, hərbi və texnologiyanı təmin etmiş hesab ediləcək.
Politoloq Elçin Xalidbəyli Moderator.az-a açıqlamasında bildirib ki, Tramp administrasiyası Ukraynanı artıq gizli sövdələşmə ilə bölüşdürüb və bu ABŞ və Rusiya arasında baş verib:
“Ukraynanın taleyi artıq gizli danışıqlarla müəyyən olunub və bu prosesdə Ukraynanın özü və Avropa Birliyi iştirak etmir. Amerika Birləşmiş Ştatları, Avropa Birliyinin Rusiya ilə aparılan danışıqlarda yer almasına icazə vermir. Bu səbəbdən, Avropa Birliyi Ukraynadakı bu prosesdən tamamilə kənarda qalıb. ABŞ-ın Avropa Birliyini bu danışıqlardan kənarda saxlamasında ciddi strateji məqsədləri mövcuddur. Bu məqsədlərdən biri də Ukraynanın zəngin təbii sərvətlərinə nəzarətin ələ keçirilməsidir. İşğal olunmuş ərazilərdəki sərvətlər Rusiya tərəfindən nəzarət altında saxlanacaq, qalan ərazilərdə isə Ukraynanın təbii sərvətləri ABŞ-ın nəzarətində qalmalıdır. Rəsmi Kiyev, bu plana ciddi müqavimət göstərmədən, təhlükəsizlik təminatları qarşılığında ABŞ-ın təbii sərvətlərə nəzarət etməsini qəbul edir. Ukrayna, ABŞ ilə müqaviləni imzalamaq üçün NATO üzvlüyü və təhlükəsizlik təminatlarını tələb edir. Lakin, bu şərtlər yerinə yetirilmədikcə, Zelenski rəhbərliyi müqaviləni imzalamağa razı olmur. ABŞ, Ukraynanın təbii sərvətlərini çox tez ələ keçirmək istəyir. Prezident Tramp açıq şəkildə bildirib ki, ABŞ-ın Ukraynaya xərclədiyi milyardlar qarşılığında bu sərvətləri əldə etmək istəyir. Bu durum, Ukraynanın təbii sərvətlərinin bölüşdürülməsi prosesində Avropa Birliyi və digər ölkələrin iştirakı ehtimalını demək olar ki, sıfıra endirir. ABŞ bu prosesdə təkbaşına dominant rol oynamağı planlaşdırır. Yəqin ki, bu proses yalnız ABŞ-ın istədiyi istiqamətdə inkişaf edəcək".
Mehin Mehmanqızı