Dünya
326
01:46, Bu gün

"Avropa İttifaqı dalandadır və onu yalnız Türkiyə xilas edə bilər" - Ərdoğan

"Avropa demokratiyalarında yaranan boşluğu ultrasağçı demaqoqlar doldurur..."
 
Türkiyə prezident Rəcıb Tayyib Ərdoğan Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra bəyanatla çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
 
O, vurğulayıb ki, keçən həftə Cənub-Şərqi Asiyaya səfərinin Türkiyənin xarici siyasəti həm sahibkarlıq yönümlü, həm də tarixi və mədəni dərinliklə uzlaşan, mərkəzində isə insan və vicdan dayanan bir siyasəti olduğunu göstərib.
 
Ərdoğan bildirib ki, ümumilikdə 650 milyon əhalisi olan Malayziya, İndoneziya və Pakistan kimi regionun aparıcı ölkələrinə səfəri son dərəcə məhsuldar olub. Onlar ticarət, iqtisadiyyat, müdafiə, mədəniyyət və insan resursları sahələrində əlaqələri daha da gücləndirmək üçün 48 sənəd imzalayıb.
 
Türkiyənin Avropa İttifaqına üzvlüyü və Avropanın böhranı
 
Prezident Avropa İttifaqına üzvlük məsələsinə toxunaraq, qitədəki ciddi problemlərlə bağlı fikirlərini bölüşüb. Onun sösözlərinə görə, XX əsrin ən cəlbedici ideologiyası hesab olunan liberal demokratiya dərin böhrana düşüb.
 
Ərdoğan Qərb, xüsusən Avropa ölkələrində miqrantlara və İslama qarşı yönəlmiş ultrasağçı hərəkatların güclənməsinə uzun müddətdir diqqət çəkdiyini xatırladaraq, son seçkilərin onun bu narahatlıqlarının doğru olduğunu bildirib.
 
O, ultrasağçı qüvvələrin Avropa siyasətinə təsir edən əsas amilə çevrildiyini vurğulayıb. Mərkəzçi siyasətin zamanın ruhunu düzgün dəyərləndirə bilməməsini əsas səbəblərdən biri kimi göstərən Ərdoğan deyib:
 
"Bu gün aydın bir faktdır ki, XX əsrin ən cəlbedici ideologiyası olan liberal demokratiya ciddi böhran içindədir. Bir zamanlar bütün problemlərin həlli kimi təqdim edilən bu sistem artıq əvvəlki gücünü, nüfuzunu və təsirini itirib", - o, vurğulayıb.
 
"O, nə cəmiyyətə istiqamət verə bilir, nə siyasətə məna qata bilir, nə də insanlara ümid və inam aşılayır. Siyasət həyat kimi boşluğu qəbul etmir. Qərbdə hazırda məhz belə bir vəziyyət yaranıb. Son seçkilərdən göründüyü kimi, ultrasağçı demaqoqlar Avropanın demokratiyalarında yaranan boşluğu doldurur", - Ərdoğan qeyd edib.
 
Avropanın içində olduğu dalandan - iqtisadiyyatdan tutmuş müdafiəyə, siyasətdən beynəlxalq nüfuza qədər yalnız Türkiyənin tamhüquqlu üzvlüyü çıxış yolu ola bilər".
 
Qəzza, Livan və Suriya məsələləri
 
Ərdoğan İsrailin Fələstinə qarşı davam edən təcavüzünə diqqət çəkib və bəzi Qərb ölkələrinin bu məsələdə tutduğu mövqeni tənqid edib. O, vurğulayıb ki, Qərb təşkilatları və liderləri Qəzzada 61 mindən çox dinc sakinin, əsasən qadın və uşaqların qətliamına səssiz qalaraq insanlıq sınağından uğursuz çıxıb.
 
"Biz fələstinlilərin Qəzzada öz torpaqlarında sülh içində yaşaması, Livanın təhlükəsizliyi və Suriyanın ərazi bütövlüyünün qorunması məsələlərində güzəştə getməyəcəyik. Türkiyə bu bölgələrdəki hadisələri diqqətlə izləyəcək və bu xalqlara bütün gücü ilə dəstək verəcək. Türkiyə ölkəmizin böyüklüyünə yaraşan şəkildə haqları qorumağa, sülh və həmrəylik üçün çalışmağa davam edəcək".
 
Rusiya-Ukrayna müharibəsi
 
Ərdoğan bildirib ki, Türkiyə müharibənin sülhlə nəticələnməsi üçün danışıqlar da daxil olmaqla hər cür dəstəyi göstərməyə hazırdır. 
 
"Bu müharibə yüz minlərlə insanın həyatına son qoyub və hər iki ölkəyə ağır bədəllər ödətdirib. 2022-ci ilin martında biz İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqlar təşkil etdik", - o, deyib.
 
"Tərəflərlə apardığımız danışıqlar nəticəsində Qara Dəniz Taxıl Təşəbbüsünü həyata keçirdik və taxılın dünya bazarlarına Türkiyə boğazları vasitəsilə çatdırılmasını təmin etdik. Bununla qlobal ərzaq böhranının qarşısını aldıq".
 
Ukrayna danışıqlara daxil edilməlidir
 
Ərdoğan Rusiya-Ukrayna böhranında yeni bir mərhələnin yarandığını vurğulayıb və əlavə edib: "ABŞ prezidenti cənab Trampın müharibəni danışıqlar yolu ilə bitirmək istəyini alqışlayırıq. Müharibəni danışıqlar masasında bitirmək Türkiyənin son dörd ildə yürütdüyü siyasətə tam uyğundur.
 
Ancaq bir faktı unutmaq olmaz: ədalətli və davamlı sülhə yalnız bütün tərəflərin iştirak etdiyi proseslə nail olmaq mümkündür. İndiyə qədər İstanbul prosesi istisna olmaqla, Rusiya bütün danışıqlardan kənarda saxlanılıb və nəticə əldə olunmayıb. Əgər yeni proses uğur gətirəcəksə, Ukraynanın da bu danışıqlara daxil edilməsi və qarşılıqlı müzakirələr yolu ilə müharibəyə son qoyulması lazımdır.
 
Mən bu məsələdə haqlı mövqeyimizi həm Ukrayna prezidenti cənab Zelenskiyə, həm Fransa prezidenti cənab Makrona, həm də bu gün telefonla danışdığım cənab Lavrova çatdırdım. Biz müharibənin sülhə çevrilməsi üçün danışıqlar da daxil olmaqla hər cür dəstəyi verməyə hazırıq". Türkiyə prezidenti vurğulayıb ki, ölkəsi həm Rusiya, həm də Ukraynanın etimadını qazanan dövlət kimi ədalətli və davamlı sülhün təmin edilməsi üçün əlindən gələni edəcək.
Link kopyalandı!
Son xəbərlər