Dünya
307
00:50, Bu gün

"Rejim məni həbsxanada məhv etmək üçün hökmü uzatmağa çalışır" - Saakaşvili

"Ukraynalıların nə qədər tükəndiyini, amma yenə də dözdüklərini gördükdə, mən də dözürəm..."
 
Hazırda Gürcüstanda həbsdə olan Gürcüstanın sabiq prezidenti və Ukrayna vətəndaşı Mixail Saakaşvili hansı şəraitdə saxlanıldığını və sağlamlıq vəziyyətinin necə olduğundan danışıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.ua" nəşri məlumat verib.
 
"Əlbəttə, mən tükənmişəm. Amma ukraynalıların nə qədər yorğun və zəif olduğunu, buna baxmayaraq necə dirəniş göstərdiklərini gördükdə, mən də dözürəm. İndiki rejim məni həbsdə saxlamaq və məhv etmək üçün hökmümə yeni maddələr əlavə etməyə çalışır, amma mən müqavimət göstərirəm, çünki bizim ümumi qələbəmizə inanıram", - siyasətçi deyib.
 
Gürcüstandakı mövcud vəziyyəti şərh edən Saakaşvili mübarizənin davam etdiyini vurğulayıb.
 
"Çoxlu sayda gənclər var. Artıq üç aydan çoxdur ki, bu mübarizə davam edir. Mənim də küçələrdə, repressiyalara və sərt qanunlara baxmayaraq mübarizəni dayandırmayan çoxlu tərəfdarım var. Bu qanunlar məhz qaçaq Ukrayna prezidenti Yanukoviçin tətbiq etdiyi repressiv qanunları xatırladır. Gürcü xalqı bu mübarizədən əl çəkməyəcək. Biz mütləq qalib gələcəyik", -  Saakaşvili əlavə edib.
 
Xatırladaq ki, Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 1992-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2015-2016-cı illərdə Ukraynanın Odessa vilayətinin qubernatoru və prezidentin müşaviri olub. 26 may 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib.
 
Gürcüstanda ona qarşı bir neçə cinayət işi açılıb. O, hakimiyyətdən sui-istifadə və siyasi rəqiblərin təqibində ittiham edilir. Saakaşvili Gürcüstana qayıtmamışdan öncə qiyabi olaraq altı il həbs cəzasına məhkum edilib. O, bu ittihamların siyasi motivli olduğunu bildirir.
 
1 oktyabr 2021-ci ildə Saakaşvili Gürcüstana qayıtdığını elan edib. Həmin gün o, həbs edilib və həbsxanaya salınıb. Gürcüstan prokurorluğu ona qarşı sərhədi qanunsuz keçmə ittihamı ilə yeni cinayət işi açıb.
 
Həbsdə olduğu müddətdə Saakaşvili bir neçə dəfə aclıq aksiyası keçirib. 2022-ci ilin may ayında tibbi müayinədən keçmək üçün Tbilisidəki "Vivamed" mülki klinikasına köçürülüb və hələ də orada saxlanılır.
 
2023-cü il aprelin 2-də Saakaşvilini müayinə edən həkimlər onun sağlamlıq vəziyyətinin pisləşdiyini bildirib. Sonuncu müayinə ilə (19 fevral) müqayisədə o, daha 4 kq arıqlayıb və 1,95 m boya malik olmasına baxmayaraq, cəmi 60 kq çəkiyə düşüb.
 
Həmçinin, onda əzələ atrofiyası, hərəkət məhdudiyyəti, təzyiqin kəskin enməsi (120/90-dan 78/40 mm c.s. düşməsi), ayağa qalxarkən tarazlıq və koordinasiya itkisi, psixi funksiyaların əhəmiyyətli dərəcədə zəifləməsi və depressiya qeydə alınıb.
 
3 may tarixində Saakaşvili huşunu itirdiyini və ölümdən zorla xilas olduğunu bildirib. 3 iyul 2023-cü ildə o, bir neçə aylıq fasilədən sonra ilk dəfə olaraq onlayn şəkildə məhkəmə iclasına qatılıb. Siyasətçinin xeyli arıqladığı və xəstə göründüyü diqqət çəkib.
Link kopyalandı!
Son xəbərlər