"Avropa İttifaqı Suriyadakı vəziyyəti diqqətlə izləyəcəyini və sanksiyaların dayandırılmasının məqsədəuyğunluğunu yoxlayacaq..."
Fevralın 24-də, bazar ertəsi günü Avropa İttifaqı (Aİ) Suriyaya qarşı tətbiq olunan bir sıra sərt sanksiyaları dayandırdığını elan edib.
Moderator.az xəbər verir ki, bu barədə "kun.uz" nəşri məlumat yayıb
Məlumatda deyilir ki, Brüsseldə keçirilən iclasda Avropa diplomatları ölkənin təxminən 14 illik vətəndaş müharibəsindən sonra iqtisadi bərpasına və yenidənqurmasına kömək etmək qərarına gəlib.
"Avropa İttifaqı Suriya iqtisadiyyatının əsas sektorlarına qarşı məhdudlaşdırıcı tədbirləri dayandırıb," - Aİ Şurasının bəyanatında deyilir.
Xüsusilə, beş maliyyə qurumu- "Sənaye Bankı", "Xalq Kredit Bankı", "Əmanət Bankı", "Kənd Təsərrüfatı Kooperativ Bankı" və "Suriya Ərəb Hava Yolları" üzərindəki aktivlərin və iqtisadi resursların dondurulması qadağası ləğv edilib. Həmçinin Suriya Mərkəzi Bankına maliyyə vəsaitlərinin və iqtisadi resursların verilməsinə icazə verilib.
Bundan əlavə, enerji (neft, qaz və elektrik enerjisi) və nəqliyyat sahələrindəki məhdudiyyətlər də aradan qaldırılıb. Aİ bu sektorlara aid maliyyə əməliyyatlarını və ölkənin bərpası üçün humanitar məqsədlərlə bağlı tranzaksiyaları da təsdiqləyib.
Bununla yanaşı, Aİ Bəşər Əsəd rejimi ilə əlaqəli sektorlar, eləcə də kimyəvi silah istehsalı və narkotik ticarəti ilə bağlı fəaliyyətlərə qarşı sanksiyaları qüvvədə saxlayıb.
"Silah ticarəti, ikili təyinatlı mallar, daxili repressiyalar üçün avadanlıqlar, rabitə və izləmə proqram təminatı, habelə Suriyanın mədəni irsi mallarının idxalı və ixracı ilə bağlı məhdudiyyətlər qüvvədə qalacaq", - Aİ Şurasının açıqlamasında bildirilir.
Aİ Suriyadakı vəziyyəti diqqətlə izləyəcəyini və sanksiyaların dayandırılmasının məqsədəuyğun olub-olmadığını yoxlayacağını bəyan edib. Aİ-nin baş diplomatı Kaya Kallas yanvar ayında "əgər proses yanlış istiqamətdə getsə, sanksiyaların geri qaytarılmasına hazır olduqlarını" bildirib.
Bu yeni qərarlarla bağlı rəsmi hüquqi sənədlər sabah Aİ-nin rəsmi bülletenində dərc ediləcək və dərhal qüvvəyə minəcək.
Xatırladaq ki, Avropa liderləri dekabr ayında, "Həyat Təhrir əş-Şam" (HTŞ) islamçı qruplaşmasının rəhbərlik etdiyi üsyançı qüvvələrin Bəşər Əsədi devirməsindən sonra Suriyaya qarşı sanksiya siyasətinə yenidən baxmağa başlayıb.
Bu ilin əvvəlində ABŞ Maliyyə Nazirliyi də Bəşər Əsəd hakimiyyəti dövründə Suriyaya qarşı tətbiq olunan bəzi sanksiyaların müvəqqəti və qismən ləğv edildiyini elan edib. 2012-ci ildən etibarən həm Aİ, həm də ABŞ Suriya hökumətinə və hərbi qurumlarına qarşı iqtisadi sanksiyalar tətbiq edib.
Bu sanksiyalar neft embarqosu, investisiya məhdudiyyətləri, Suriya Mərkəzi Bankının aktivlərinin dondurulması və represiyalar üçün istifadə oluna biləcək avadanlıqların və texnologiyaların ixracına qadağa qoyulmasını əhatə edib.