Dünya
284
25 Feb 2025 | 22:12

"Fransa Avropanı qorumaq üçün nüvə qalxanından istifadə etməyə hazırdır" - "The Telegraph"

"Fransanın bir neçə nüvə silahına malik qırıcı təyyarəsini Avropada yerləşdirmək çətin vəzifə deyil..."
 
Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının müdafiə məsələlərini Almaniyanın gələcək kansleri Fridrix Merslə müzakirə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Fransa nüvə qüvvələrini Avropanın müdafiəsi üçün səfərbər etməyə hazırdır.
 
Nəşrin mənbəsinə görə, ABŞ-ın Avropadan qoşunlarını çıxarmaqla hədələməsi fonunda Fransanın bir neçə nüvə silahına malik qırıcı təyyarəsini Almaniyada yerləşdirmək çətin bir vəzifə deyil.
 
Fransız rəsmisi nəşrə bildirib ki, bu cür yerləşdirmə Rusiya prezidenti Vladimir Putinə bir mesaj olacaq. Berlindəki diplomatlar isə hesab edir ki, bu addım Böyük Britaniyanın baş naziri Kira Starmerə də təzyiq göstərəcək ki, o da oxşar tədbirlər görsün.
 
"Fransanın bir neçə nüvə qırıcısını Almaniyada yerləşdirmək çətin olmamalıdır və bu, güclü bir siqnal olardı"-  mənbə bildirib.
 
Bu arada Almaniyada keçirilən seçkilərdə qalib gəldikdən sonra kansler olmağa hazırlaşan Fridrix Mers Böyük Britaniya və Fransanı nüvə müdafiəsini gücləndirməyə çağırıb. O, Avropanın Donald Trampın rəhbərlik etdiyi ABŞ-dan asılı olmamasını istəyir.
 
Makron isə Ağ Evə səfəri ərəfəsində Merslə görüşərək, Trampa Avropanın təhlükəsizlik və Ukraynanın müdafiəsinə dair planını təqdim edib.
 
Trampla keçirdiyi mətbuat konfransında Makron vurğulayıb ki, sülh "Ukraynanın təslim olması demək olmamalıdır" və Avropa İttifaqı ölkələrini qitənin müdafiəsi üçün daha çox səy göstərməyə çağırıb.
 
Nəşr xatırladır ki, Fransanın nüvə arsenalı "səfərbərlik qüvvələri" proqramı çərçivəsində təxminən 300 nüvə başlığından ibarətdir və bunlar həm dənizdən, həm də havadan buraxıla bilər.
 
Eyni zamanda, Böyük Britaniyanın nüvə qüvvələri "Traydent" sisteminə əsaslanır və hər biri 16 nüvə başlığı daşıya bilən dörd "Avanqard" sinifli sualtı qayıqdan ibarətdir.
 
Ukraynada nüvə silahının peyda olması ehtimalı
 
Bundan öncə "The Telegraph" yazıb ki, əgər Ukrayna nüvə silahını bərpa etsə, "Avropanın İsraili" ola bilər. Məqalədə qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzvlüyünü faktiki olaraq istisna etdikdən sonra Kiyevdə öz nüvə proqramını yaratmaq məsələsi daha çox müzakirə olunmağa başlayıb.
 
Ukraynanın keçmiş xarici işlər naziri, diplomat Vladimir Oqrzıko bildirib ki, Ukraynada ən azı "çirkli bomba" tipli nüvə silahının hazırlanması üçün bütün şərtlər mövcuddur. Onun fikrincə, əgər Ukraynanın NATO-ya üzvlüyü gündəmdən çıxarsa, ölkə özünü Rusiya təhlükəsindən qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək.
Link kopyalandı!
Son xəbərlər