"Partlayış Ukraynaya qarşı tammiqyaslı müharibənin 3-cü ildönümündə Rusiyaya "hədiyyə" olub..."
Fevralın 24-ü, bazar ertəsi səhər saatlarında Fransanın Marsel şəhərində yerləşən Rusiya konsulluğunda partlayış baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "La Marseillaise" nəşrinə Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski məlumat verib. Məlumatı "Anadolu Ajansı" agentliyi yayıb.
Fransalı jurnalistlər qeyd edir ki, partlayış Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasının üçüncü ildönümü günündə baş verib.
Naməlum şəxslər konsulluğun ərazisindəki bağa içində yandırıcı qarışıq olan iki qab atıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, yalnız maddi ziyan dəyib.
Konsulluğun yaxınlığında qaçırılmış bir avtomobil tapılıb. Hazırda hadisə yerində xilasedicilər, çoxlu sayda polis və yanğınsöndürənlər çalışır. Hadisənin səbəbləri və şübhəlilər barədə hələlik məlumat verilmir.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Marseldəki partlayış "terror aktı əlamətləri daşıyır". "Akkreditə edən dövlətdən hadisənin hərtərəfli və operativ araşdırılmasını, eləcə də Rusiya xarici nümayəndəliklərinin təhlükəsizliyinin gücləndirilməsini tələb edirik", - Rusiya XİN sözçüsü Mariya Zaxarova bəyan edib.
Rusiya Federasiyasının Marseldəki baş konsulluğu Ambruaz-Par prospektində yerləşir. Hadisədən sonra diplomatik nümayəndəliyin qapıları önündə konsulluğa qəbul üçün növbəyə yazılmış bir çox Rusiya vətəndaşı toplaşıb.
"Qəbula yazılanda tarixin fərqinə varmamışdım, amma bu, müharibənin üçüncü ildönümüdür", -
Astraxandan olan Yevgeniya xatırlayır.
O, Rusiyanın qonşu Ukraynaya "xəyanətkar işğalı"ndan sonra Avropada yaranmış siyasi vəziyyətin ona "böyük stres" yaşatdığını əlavə edib. "Biz bunun sonunu görmürük", - rusiyalı qadın bildirib.