Dünya
274
24 Feb 2025 | 21:04

"ABŞ və Avropa qətiyyətli və ədalətli olmalıdır" - Kir Starmer

"Putini yeni hücumlardan çəkindirməyən sülh sazişi hamı üçün fəlakətli olacaq..."
 
Böyük Britaniya baş naziri Kir Starmer bəyan edib ki, müharibənin pis sülh sazişi ilə dayandırılması hamı üçün fəlakət olardı. Buna görə də Ukraynaya dəstək həm Britaniyanın, həm də Amerikanın maraqlarına uyğundur.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "The Sun" nəşri üçün yazdığı məqalədə bildirib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Starmer Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başlanğıcını xatırladıb. O zaman avropalılar elə bil ki, "tarix dərsliklərindən birbaşa ekrana sıçramış" səhnələrin şahidi olub.. Starmer vurğulayıb ki, ukraynalılar hər gün Kreml rəhbəri Vladimir Putin tərəfindən yaradılmış kabusda oyanıb:
 
"Təsəvvür edin, adi ukraynalılar nə hiss edib. Siz Kiyevdə hər zaman olduğu kimi səhər yeməyi üçün kafedə otura bilərdiniz. Xarkovda övladlarınızı məktəbə aparırdınız. Piyada işə gedirdiniz. Qaçışa çıxırdınız. Birdən raketlər hücum edir, siqnallar eşidirsiniz,  partlayışlar baş verir. Və bütün bunlar uzaqda yox,  televizorda yox, sizin şəhərinizdə, sizin məhəllənizdə baş verir, sizin dostlarınızı öldürürlər.
 
Britaniya baş naziri öz gözləri ilə gördüyü dağıntıları, ukraynalı əsgərlərlə və daim bombardman altında yaşamağa məcbur olan uşaqlarla söhbətlərini xatırlayır.
 
"Mən Buçada olmuşam. Orada Rusiya əsgərləri əlləri qandallanmış mülki insanları soyuqqanlıqla qətlə yetiririb. İnanın, Buça kimi yerlər unudulmur. Xüsusilə bir an yadımdan çıxmır. Həlak olanların cəsədlərini toplayan insanlarla söhbətimi unuda bilmirəm. Onlar öz dostlarını, ailə üzvlərini, qardaşlarını və bacılarını toplayır, onları supermarket arabaları ilə kütləvi məzarlara daşıyırdılar. Çünki ruslar onların basdırılmasına belə imkan verməyib", - o, yazıb.
 
Starmer qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Avropanın öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalı olduğu, müdafiə xərclərini artırmalı və NATO-da daha fəal rol oynamalı olduğu barədə haqlıdır. O, həmçinin Trampın "sülhə sadiqliyindən" təsirləndiyini bildirib. Bununla belə, Starmer əmindir ki, ədalətli sülh yalnız güclə əldə edilə bilər.
 
"Ukrayna öz gələcəyi ilə bağlı danışıqlarda söz haqqına malik olmalıdır. O, davamlı sülh üçün güclü təhlükəsizlik zəmanətlərinə ehtiyac duyur. Hesab edirəm ki, ABŞ bu zəmanətlərin bir hissəsi olmalıdır. Çünki bu, onun maraqlarına uyğundur. Putini yeni hücumlardan çəkindirməyən sülh sazişi hamı üçün fəlakət olar", - məqalədə deyilir.
 
Baş nazir vurğulayıb ki, Britaniya əsgərlərinin Ukraynada yerləşdirilməsi ən ciddi öhdəliklərdən biridir. Ancaq burada təkcə Ukraynanın və Avropanın təhlükəsizliyi deyil, Britaniyanın öz təhlükəsizliyi də söz mövzusudur.
 
"Yeddi il öncə Rusiya agentləri Britaniyanın ürəyi sayılan Solsberidə kimyəvi hücum törədib. Onların casus gəmiləri hələ də bizim sahillərimizi təhdid edib. Onların təyyarələri bizim hava məkanımıza müdaxilə edib. Onların internet botları isə sosial şəbəkələrdə müzakirələrimizə nüfuz edərək, Kremlin təsdiqlədiyi narrativləri yayıb", - Starmer yazıb.
 
Bundan əlavə, o, Avropadakı iqtisadi qeyri-sabitliyin həmişə Britaniyaya təsir etdiyini vurğulayıb. Yaşanılan yaşayış xərcləri böhranının Ukraynadakı qeyri-sabitliklə birbaşa əlaqəsi var. Əgər Ukrayna Putin tiraniyasından kifayət qədər qorunmasa, Avropada vəziyyət daha da pisləşəcək.
 
Starmer bildirib ki, Britaniya Ukrayna ilə həmrəylik göstərməli və sadə ukraynalıların yaşadığı dəhşətləri unutmamalıdır. Onun fikrincə, təhlükəsiz və sabit Ukrayna Britaniyanın milli maraqlarına uyğundur:
 
"Britaniya Ukraynaya verdiyi dəstəklə qürur duya bilər. Hakimiyyətə gələn hökumətlər ardıcıl olaraq demokratiyamızı və azadlığımızı qoruyub. Minlərlə britaniyalı ailə ölkələrindən qaçmış ukraynalılar üçün öz evlərinin qapılarını açıb. Sarı-göy bayraq ölkənin hər yerində- kilsələrdə, şəhər və kənd binalarında dalğalanır".
Link kopyalandı!
Son xəbərlər