"Rusiyanın danışıqlar zamanı mövqeyini gücləndirmək üçün hərbi hücumlardan istifadə təcrübəsi var..."
Rusiya sürətli atəşkəs istəmir və müharibənin başa çatması üçün öz şərtlərini irəli sürmək məqsədilə sülh danışıqlarını sonsuzadək uzatmağı planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşr qeyd edir ki, Moskvanın hərbi hücumlardan danışıqlardakı mövqeyini gücləndirmək üçün istifadə etmək üzrə zəngin təcrübəsi var. Moskva bu strategiyanı Suriyadan başlayaraq İkinci Dünya müharibəsi zamanı Yalta danışıqlarına qədər tətbiq edib.
Son günlərdə ABŞ siyasətinin Rusiyanın xeyrinə kəskin şəkildə dəyişdiyi görünür. Lakin bu dəyişikliyi danışıqlar masasında razılaşmalara çevirmək asan olmayacaq. Putin təkcə Ukraynada əldə edilən ərazi qazanclarından kənara çıxan məqsədlər güdür.
"Kremlin daxilində Tramp və onun komandasının həll edilməsi lazım olan məsələlərin bütün çətinlik və mürəkkəbliyini anladığına dair ciddi şübhələr var" - Ağ Evin Rusiya üzrə sabiq müşaviri Tomas Qrem bildirib.
Döyüş meydanındakı uğurlar Putini ruhlandırır
"Rusiyanın döyüş meydanında vəziyyəti yaxşılaşdıqca, onlar yalnız təzyiqləri artırır," - RAND analitik mərkəzinin baş politoloqu Semyuel Çarap deyib. "Təsəvvür edə bilərəm ki, Baş Qərargah zabitləri Putini inandırmağa çalışır ki, indi "qaz əyləcini sıxmaq" və maksimal ərazi qazanclarına nail olmaq üçün ən uyğun zamandır".
Bununla yanaşı, Rusiya, çox güman ki, müharibənin əvvəlində İstanbulda müzakirə edilən şərtlərə bənzər tələblərdə israr edəcək. Həmin danışıqlarda Moskva Ukrayna ərazisinə xarici silahların buraxılmamasını və Ukrayna ordusunun müəyyən həddə qədər azaldılmasını tələb edib.
Rusiya həmçinin Vaşinqton və Kiyev arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılmasını istəyir. Çünki bu, tərəflərdən heç biri tərəfindən rəsmi tanınmasa da, Ukraynaya Rusiyanın ən həssas hədəflərinə zərbələr endirməkdə kömək edir. Bu barədə Rusiyanın mövqeyi ilə tanış olan bir mənbə bildirib.
Tramp strategiyanı dəyişib
Danışıqlar davam etdiyi müddətdə ABŞ-ın Moskvaya təzyiq göstərmək üçün, məsələn, Rusiya neftinin ixracına qoyulan məhdudiyyətlərin sərtləşdirilməsi və ya Kiyevə daha çox hərbi yardım göndərilməsi kimi bəzi vasitələri var. Lakin son vaxtlar Tramp açıq şəkildə göstərir ki, o, daha "nəzakətli üsluba" üstünlük verir və onun köməkçiləri sanksiyalar barədə bəyanatları azaltmağa çalışır.
Tomas Qremin sözlərinə görə, Tramp Kreml ilə sürətli bir razılaşma əldə etməyə çalışarkən danışıqları irəli aparmaq üçün iki seçimi olacaq- ya Moskvaya, ya da Kiyevə təzyiq göstərmək. Trampın son zamanlarda Zelenskini sərt tənqid etməsi onun Kiyevə təzyiq göstərməyi seçdiyini göstərir. Çünki bu, Moskva ilə müqayisədə daha asan hədəfdir.
Bundan əlavə, Putin Tramp administrasiyasının Rusiyanı tez bir zamanda "həll olunmuş problem" kimi görüb, onu unudaraq Çin və digər məsələlərə yönəlməsini istəmir.
"Onlar ABŞ ilə müəyyən müddət ərzində qarşılıqlı əlaqədə olmaq istəyir" - Qrem bildirib. "Onlar ABŞ-ın və ya Trampın düşünməsini istəmirlər ki, bu, iki-üç aya həll olunacaq məsələdir və bundan sonra mən? sadəcə, Çinlə məşğul olub rusları unudacağam".
Atəşkəs danışıqları
Bundan öncə Ağ Evin mətbuat katibi Karolin Livitt bəyan edib ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə razılıq əldə edərək Ukraynadakı müharibəyə son qoymaq bacarığına malikdir. O, hətta ehtimal edib ki, müharibə artıq gələn həftə başa çata bilər. Lakin Ukrayna prezidenti Vladimir Zelenski vurğulayıb ki, bu, Ukrayna üçün təminat olmadan mümkün deyil.