Dünya
464
16:36, Bu gün

"Bu həftə müharibəni bitirmək mümkün deyil" - Zelenski

"Əgər Ukrayna üçün sülh naminə lazımdırsa, mən vəzifəmi tərk edib bunu NATO üzvlüyünı dəyişməyə hazıram..."
 
Zelenskinin sülh şərtləri, ABŞ-la saziş və Ukraynada seçkilər barədə əsas açıqlamaları
 
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfindən başlanan genişmiqyaslı müharibənin üçüncü ildönümü ərəfəsində mətbuat konfransı keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
O, müharibənin başa çatması və Rusiya ilə sülh bağlanması perspektivlərindən, ABŞ-la danışıqlardan, Donald Trampla münasibətlərindən və Ukraynadakı seçkilər məsələsindən danışıb.
 
Bazar günü axşam jurnalistlərlə söhbətində prezident Zelenski Ukraynada sülh naminə prezident vəzifəsindən getməyə hazır olduğunu bildirib.
 
"Əgər Ukrayna üçün sülh lazımdırsa, əgər sizə çox vacibdirsə ki, mən vəzifəmi tərk edim,  mən hazıram", - Zelenski jurnalistin sualına cavab verib. "Əgər belə bir şərt varsa, bunu NATO-ya üzvlüklə dəyişməyə hazıram", - o, əlavə edib.
 
Zelenski həmçinin bildirib ki, bazar ertəsi, Rusiyanın genişmiqyaslı işğalının ildönümündə onlarla Qərb liderinin, o cümlədən Avropa Komissiyasının tam heyətinin iştirak edəcəyi bir sammit keçiriləcək.
 
Ukraynanın mineral resursları ilə bağlı ABŞ-la saziş
 
Zelenskinin sözlərinə görə, ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxışı ilə bağlı saziş hazırda müzakirə mərhələsindədir və Kiyevi qane etməyən bir neçə variant nəzərdən keçirilib.
 
Prezident həmçinin ABŞ-ın Ukraynaya 500 milyard dollar borc verdiyinə dair iddianı qəbul etmədiyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna müharibəyə 120 milyard dollar xərcləyib, ABŞ 100 milyard dollar, Avropa və digər tərəfdaşlar isə əlavə 100 milyard dollar ayırıb.
 
Zelenski ABŞ-ın verdiyi yardımı borc kimi qəbul etmədiyini bildirib: "Biz qrantları borc kimi tanımamalıyıq. Məsələ rəqəmdə deyil, məsələ ondadır ki, biz bunun borc olduğunu qəbul etmirik", - o, vurğulayıb.
 
O, həmçinin qeyd edib ki, Ukraynanın gələcək nəsilləri üçün ağır maliyyə öhdəlikləri götürməyəcəyini açıq şəkildə bildirib: "Mən elə bir sənədə imza atmaram ki, onu Ukraynanın on nəsli ödəməli olsun."
 
Zelenski ABŞ-ın yeni administrasiyası ilə dialoqa hazır olduğunu və razılaşmaların şərtləri dəyişərsə, müzakirələrə açıq olduğunu deyib.
 
"Əgər bu gün belə bir şərt qoyulursa ki, ABŞ bizə yardım edəcək, ancaq biz bu yardımı ABŞ üçün mənfəətlə qaytarmalıyıq- bu, artıq qrant deyil, sazişdir. Mən belə bir dialoqa hazıram və əminəm ki, bu dialoq müsbət olacaq, çünki bizə sizin yardımınız lazımdır", - Zelenski əlavə edib.
 
"Bu həftə müharibəni bitirmək mümkün deyil"
 
Zelenski bu həftə müharibənin dayandırılması ilə bağlı ABŞ-dan səslənən bəyanatlara da münasibət bildirib. "Bu həftə müharibəni Ukrayna üçün zəmanətlə bitirmək mümkün deyil. Bizim görüşlərimiz olmadan bunu necə etmək olar, bilmirəm", -  prezident bildirib.
 
Onun sözlərinə görə, ABŞ atəşkəs istəyir və bunu müharibənin sonu kimi görür, lakin Ukrayna üçün bu kifayət deyil, ona təhlükəsizlik zəmanətləri lazımdır. "Onlar düşünür ki, bu, böyük bir nailiyyətdir və Putin yenidən hücuma keçməz. Biz isə hesab edirik ki, təhlükəsizlik zəmanətləri olmalıdır", - o, vurğulayıb.
 
Zelenski bildirib ki, zəmanətsiz atəşkəs qeyri-müəyyənlik yaradacaq və Rusiyanın yenidən hücum etmə riski qalacaq. "Qeyri-müəyyənlik bütün dünya üçün təhlükəlidir. Bu, hamının uduzması deməkdir: biz uduzuruq, amerikalılar uduzur, çünki əgər atəşkəs elan edilib və bir il sonra müharibə yenidən başlayıbsa, bu qələbə sayıla bilərmi? Xeyr. Ruslar isə hazırlaşacaq və yeni hücum baş verəcək", - prezident əlavə edib.
 
ABŞ və Donald Trampla münasibətlər
 
Zelenski Donald Trampın onu "seçkisiz diktator" adlandırmasına da cavab verib: "Burada emosiyalara yer yoxdur, ona görə də mən ABŞ-ın hazırkı administrasiyası ilə praqmatik yanaşma sərgiləyirəm və bunu davam etdirəcəyəm", - o, bildirib. O, bu sözlərin "kompliment" olmadığını qəbul etdiyini, lakin buna incimədiyini vurğulayıb: "Diktator" sözü yalnız həqiqətən diktator olan insanı incidə bilər", - deyə əlavə edib.
 
Zelenski özünün qanuni seçilmiş prezident olduğunu və hakimiyyətdə qalmaq üçün yapışmadığını vurğulayıb. "Hərbi vəziyyət bitən kimi seçkilər olacaq və xalq öz seçimini edəcək. Mən on il hakimiyyətdə qalmaq niyyətində deyiləm. Amma Putinin Ukrayna ərazilərində hakimiyyətini tanımayacağıq", - o, bildirib.
 
Ukraynada seçkilər məsələsi
 
Zelenski vurğulayıb ki, hazırda Ukraynada seçkilər keçirmək təkcə qanunvericiliyə görə yox, həm də təhlükəsizlik baxımından mümkün deyil. "Müharibə şəraitində insanlar necə səs verəcək? Cəbhədə olan insanlar evlərinə qayıda bilmirlərsə, necə səs verəcək?" - o, sual edib.
 
O, cəbhə xəttində, müvəqqəti işğal olunmuş ərazilərdə və xaricdə səsvermənin təşkil olunmasının mümkün olmadığını bildirib. "Bu gün 267 dron Ukraynaya hücum edib. ABŞ tərəfdaşları deyir ki, rusiyalılar müharibəni bitirmək istəyir. 267 dron buraxan adam müharibəni bitirmək istəyir?" -Zelenski sual edib.
 
Bundan əlavə, o, beynəlxalq müşahidəçilərin cəbhə bölgəsinə gəlib-gələ bilməyəcəyini də sorğulayıb. "Müşahidəçilər harada olacaq? Onlar cəbhəyə gələcək? Sumı, Xarkov, Kramatorsk və Pokrovskda müşahidə aparmağa hazırdır?" - o, ritorik sual verib. Bütün bu sualların açıq qaldığını bildirən Zelenski vurğulayıb ki, müharibə şəraitində seçkilər keçirmək mümkün deyil.
 
Digər məsələlər
 
Zelenski həmçinin Ukraynanın gələcək təhlükəsizlik zəmanətlərinin tərkib hissələrinin Avropa İttifaqına üzvlük və 800 minlik ordu üçün maliyyələşmə olduğunu qeyd edib. Bundan əlavə, o, müharibənin isti fazasından sonra ordunun tam müqaviləli xidmət modelinə keçəcəyini və bəzi hərbçilərin evə qayıdacağını bildirib.
 
Prezident Ukraynanın hərbi sənayesi barədə də danışaraq bəzi silah layihələrinin uğur qazandığını vurğulayıb: "Palyanitsa" uçur, "Cəhənnəm" uçur, "Ruta" uçur, uğur qazanır, hərbi hədəflərə çatır. Ballistik raketlər isə hazırlanır".
Link kopyalandı!
Son xəbərlər