Qlobal istiləşmə: Dünyanın hansı yerləri yaşayış üçün yararsız olacaq?
Dünya
408
23 Feb 2025 | 23:38

Qlobal istiləşmə: Dünyanın hansı yerləri yaşayış üçün yararsız olacaq?

"2100-ci ilədək dəniz səviyyəsi 1-2 metr qalxacaq, böyük ərazilər su altında qalacaq və yüz milyonlarla insan məcburi köçkün vəziyyətinə düşəcək..."
 
Əgər Yer kürəsində orta temperatur sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə Selsi üzrə 2 dərəcə yüksəlsə, milyonlarla insan açıq havada yaşamağın mümkün olmadığı zonalarda tapılacaq.
 
Moderator.az xəbər verir ki, London Kral Kollecinin alimləri bu qənaətə gəlib. Araşdırma "Nature Reviews Earth and Environment" jurnalında  dərc edilib. Məlumatı "zakon.kz" nəşri yayıb.
 
Hazırda qlobal temperatur artıq Selsi üzrə 1, 5 dərəcə yüksəlib, lakin hətta Paris Sazişində nəzərdə tutulan və 2 dərəcəlik məhdud istiləşmə belə quru ərazilərinin üçdə birini normal həyat üçün həddən artıq isti edə bilər. Xüsusilə 60 yaşdan yuxarı insanlar üçün risk böyükdür-  təhlükəli ərazilərin sahəsi 21 faizdən 35 faizə yüksələcək.
 
Temperatur 4 dərəcə artarsa, vəziyyət daha da ağırlaşacaq: bu halda quru ərazilərinin 40 faizi "kompensasiya olunmaz istilik" zonasında olacaq. Bu o deməkdir ki, insan bədəni hətta kölgədə və ya küləyin təsiri altında belə, artıq özünü soyuda bilməyəcək. Belə şəraitdə açıq havada uzun müddət qalmaq həddindən artıq isinmə və istilik vurması ilə nəticələnəcək.
 
Ən böyük təhlükə artıq indi də həddindən artıq isti olan bölgələrə aiddir. Bu regionlara Fars körfəzi və Ərəbistan yarımadası, Hind-Qanq düzənliyi, ABŞ-ın cənub ştatları və Meksika daxildir. Bu ərazilərdə artıq gənc və sağlam insanlar üçün belə, fizioloji hədləri aşan temperatur göstəriciləri qeydə alınır. Əgər istiləşmə davam edərsə, kölgədə, yaxşı ventilyasiya şəraitində və suyun olduğu yerlərdə belə, istilik ölümcül olacaq.
 
Alimlər vurğulayır ki, ən ağır nəticələrin qarşısını almaq üçün karbon qazı emissiyalarının təcili azaldılması, bərpa olunan enerji mənbələrinə keçid, karbon qazını udmaq qabiliyyəti olan təbii ekosistemlərin qorunması vacibdir.
 
Bundan əlavə, insanları həddindən artıq istidən qoruyan infrastrukturun yaradılması ilə iqlim dəyişikliyinə uyğunlaşmaq lazımdır.
 
Qlobal istiləşmə səbəbindən hansı şəhərlər su altında qalacaq?..
 
Dünyadakı buzlaqlar istiləşmə səbəbindən sürətlə əriyir. Onların yox olması dəniz səviyyəsinə ciddi təsir göstərir. Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Andrey Qlazovski dəniz səviyyəsinin yüksəlməsi fonunda hansı şəhərlərin su altında qala biləcəyini açıqlayıb.
 
Mütəxəssis qeyd edir ki, dünya üzrə əksər buzlaqlar XX əsrin əvvəllərindən geri çəkilməyə başlayıb. Onların ərimə sürəti son 30 ildə qlobal havanın temperaturunun artması ilə sürətlənib. Xüsusilə Himalay, Alp, And dağları və Alyaska dağlarındakı buzlaqlar intensiv şəkildə əriyir.
 
Buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur ki, bu da sahilyanı ekosistemlərin su altında qalmasına, mangrov meşələrinin məhv olmasına və sahilyanı düzənliklərdə yeraltı suların duzlaşmasına gətirib çıxara bilər.
 
Ən sürətli ərimə prosesləri planetin şimal və cənub qütblərində, Arktika və Antarktidada müşahidə olunur. Araşdırmalar göstərir ki, 2002-2020-ci illər arasında Antarktida hər il təxminən 140 milyard ton buz itirib.
 
Ən kritik vəziyyət Qərbi Antarktidada müşahidə olunur. Burada sürətlə geri çəkilən iki buzlaq- Payn-Aylend və Tveytz yerləşir. Alimlər Tveytz buzlağını hətta "Qiyamət günü buzlağı" adlandırır, çünki o, olduqca sürətlə əriyir. Hər il Tveytz buzlağı 80 milyard ton itirir ki, bu da alimləri ciddi narahat edir. Hesablamalara görə, bu buzlaq tamamilə əriyərsə, dünya okeanının səviyyəsi 65 santimetr yüksələcək.
 
Arktikada isə temperaturun artım sürəti dünya üzrə orta göstəricidən iki dəfə çoxdur. Buna görə də Qrenlandiya buz örtüyü (Yer kürəsində Antarktidadan sonra ikinci ən böyük buz kütləsi) okeana Antarktidadan iki dəfə artıq buz itirir. 1980-ci illərdən bəri Arktika dəniz buzlarının sahəsi hər onillikdə təxminən 13 faiz azalır.
 
Alim əmindir ki, buzlaqların əriməsi səbəbindən tam və ya qismən su altında qalmaq təhlükəsi olan şəhərlərin siyahısı çox genişdir. O, ən həssas şəhərlərdən bəzilərini sadalayıb:
 
Mayami (ABŞ) - Hal-hazırda belə dəniz səviyyəsinin qalxması səbəbindən mütəmadi olaraq daşqınlar yaşayır.
 
Nyu-York (ABŞ) - Qasırğa dalğaları və dəniz səviyyəsinin yüksəlməsi təhlükəsi ilə üzləşib.
 
Şanxay (Çin) - Dünyanın ən böyük meqapolislərindən biri olduğu üçün milyonlarla insan risk altındadır.
 
Mumbay (Hindistan) - Həmçinin yüksək əhali sıxlığı olan və su altında qalma təhlükəsi ilə üzləşən sahil şəhərlərindən biridir.
 
Venesiya (İtaliya) - Artıq uzun müddətdir ki, tədricən suyun altına gedir və mütəmadi daşqınlara məruz qalır.
 
Dəkkə (Banqladeş) - Dəniz səviyyəsinin yüksəlməsi və çay daşqınlarına qarşı xüsusilə həssasdır.
 
Cakarta (İndoneziya) - Dünyanın ən sürətlə batan şəhəri hesab edilir. Burada təkcə dəniz səviyyəsinin yüksəlməsi deyil, yeraltı su ehtiyatlarının çıxarılması da çökməyə səbəb olur.
 
Bundan əlavə, tam və ya qismən su altında qalmaq riski daşıyan digər şəhərlər bunlardır: Yeni Orlean (ABŞ), Ho Şi Min (Vyetnam), Banqkok (Tailand), Yanqon (Myanma), Bəsrə (İraq), Abadan (İran), Dunkerk (Fransa), Haaqa (Niderland), Amsterdam (Niderland), Hamburq (Almaniya), Qdansk (Polşa). Sakit okeandakı bir çox ada və dövlətlər də təhlükə altındadır.
 
Mütəxəssislərin hesablamalarına görə, 2050-ci ilə qədər dəniz səviyyəsi 2000-ci illə müqayisədə 0,3–0,5 metr qalxa bilər ki, bu da sahil şəhərlərində daşqınların daha tez-tez baş verməsinə səbəb olacaq. 
 
2100-cü ilə qədər, əgər indiki ərimə sürəti davam edərsə, dəniz səviyyəsinin 1–2 metr qalxması mümkündür. Bu isə daha böyük ərazilərin su altında qalmasına və yüz milyonlarla insanın məcburi köçkün vəziyyətinə düşməsinə gətirib çıxara bilər.
Link kopyalandı!
Son xəbərlər