Fransanın nüfuzlu "Le Point" jurnalının "2025 - Yeni dünya düzəni" başlıqlı xüsusi buraxılışının üz qabığında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpinin birgə təsvir edilməsi qlobal siyasi arenada baş verən dəyişiklikləri və güc balansındakı yenidən formalaşmaları əks etdirən simvolik bir mesajdır. Bu üz qabığı ciddi siyasi və geosiyasi mesajlar ehtiva edir.
Gəlin, jurnalın üz qabığını qısa şəkildə siyasi-hüquqi müstəvidə təhlil etməyə çalışaq.
Burada əsas diqqət yetirilməsi lazım olan məqam dörd əsas liderin – Vladimir Putin (Rusiya), Rəcəb Tayyib Ərdoğan (Türkiyə), Donald Tramp (ABŞ) və Si Cinpin (Çin) – təsviri olsa da, şəkildə həmçinin süni peyklər, döyüş təyyarəsi, tank və dünya xəritəsi kimi vizual elementləri də unutmamaq lazımdır.
Fotoda birincisi, söz yox ki, qlobal güc dəyişikliklərinə işarə edilir. Belə ki, üz qabığında ənənəvi qərb mərkəzli dünya nizamına alternativ güc mərkəzləri ön plana çıxarılıb. Əsas diqqət ABŞ, Rusiya, Çin və Türkiyənin liderlərinə yönəlib. Hesab edirik ki, bu seçim təsadüfi deyil. Çin və Rusiya son illərdə qərbin hegemonluğuna meydan oxuyan və yeni çoxqütblü dünya nizamının əsas aparıcı qüvvələri kimi çıxış edən ölkələrdir. Türkiyə qərb ittifaqının bir hissəsi olmasına baxmayaraq, müstəqil və çoxvektorlu siyasət yürüdən, regionda hərbi və siyasi gücünü artıran bir aktor kimi diqqət çəkir. Və ABŞ ikinci dünya müharibəsindən sonra dünyanın super gücü. Bu məqamda əlavə şərhə ehtiyac yoxdur.
Deməli, jurnalın üz qabığı ənənəvi qərb sistemindən uzaqlaşma və yeni güc mərkəzlərinin formalaşması kimi yozula bilər.
Fotoda liderlərin yerləşdirilməsi və rəng seçimləri də dərin məzmunlu sublimesajlarla doludur. Aydın görünür ki, Tramp mərkəzi fiqur kimi göstərilib, fonu isə qırmızı və mavi dünya xəritəsi ilə əhatələnib. Bütün dünya ölkələrinin qırmızı rənglə təsviri dünyada aqressiyanın hər bölgəyə yayıldığını və münaqişələrin hər yerdə var olduğunu göstərir.
Trampın sarı qalstuk taxması diqqətçəkəndir. Sarı rəng güc, sərvət və ambisiyanı simvolizə edə bilər.
Onun yanında təsvir edilən tank şəkli hərbi gücün və müdafiə qabiliyyətinin ənənəvi simvollarından biridir. Fotoda tankın olması qlobal güc balansında hərbi komponentin hələ də əsas faktor olduğunu vurğulayır. Bu, xüsusilə Ukrayna müharibəsi, Tayvan böhranı və Yaxın Şərqdəki gərginliklər fonunda daha da aktuallaşır.
"Yeni dünya düzəni" kontekstində tank, beynəlxalq münasibətlərin getdikcə daha çox güc siyasəti üzərində qurulduğunu və hərbi amilin diplomatiyaya üstün gəldiyini göstərə bilər. Bu, müharibələrin təkcə regional deyil, qlobal təsirlər doğurduğunu və dövlətlərin artıq təkcə iqtisadi və diplomatik deyil, eyni zamanda hərbi vasitələrlə də təsir dairələrini genişləndirmək istədiyini vurğulaya bilər.
Putin sol tərəfdə, peyk və kosmosla bağlı elementlərin yanında təsvir edilib. "Sol tərəf" simvolik olaraq sosialist rejimə eyham vura bilər. Peyk detalı isə şübhə yoxdur ki, Rusiyanın kosmik yarışındakı roluna və eyni zamanda Rusiyanın kiber-hücum sahəsindəki texnoloji gücünə, habelə informasiya müharibəsinə işarə edə bilər.
Ərdoğan yuxarıda qırmızı və mavi dalğalı fonla birlikdə yer alır. Bu, onun müasirlik və türklük ideologiyası fonunda geosiyasi manevr qabiliyyətini və çoxşaxəli xarici siyasətini vurğulaya bilər.
Ərdoğanın arxasındakı təyyarə təsviri sözsüz ki, onun arxalandığı və hərbi gücünün əsası sayılan bayrakdara göndərmədir.
Si Cinpin sağ tərəfdə Çin xəritəsinin yanında yerləşdirilib, bu da onun ölkəsinin geosiyasi ekspansiyası və hərbi gücünü əks etdirə bilər.
Bütün bunlar "yeni dünya düzəni"nin əsas güc mərkəzləri barədə subliminal mesajlar verir.
Beynəlxalq hüquq aspektindən yanaşdıqda isə bu foto dünya güclərinin qarşıdurmasını və normativ boşluqları əks etdirir. BMT və digər beynəlxalq təşkilatlar zəiflədikcə, dövlətlərin unilateral (təkbaşına) qərarlar verməsi artır.
Türkiyənin NATO üzvü olmasına baxmayaraq, Rusiya ilə yaxın əlaqələr saxlaması, Çinin "bir kəmər, bir yol" layihəsində iştirakı və qərbdən qismən müstəqil hərəkət etməsi beynəlxalq hüququn dinamikasına təsir edən amillərdir.
Bir detalı da unutmamaq lazımdır. Bu üz qabığı Fransa mərkəzli bir jurnalda dərc edilib. Məlumdur ki, hazırda Fransa və ümumiyyətlə, Avropa, ABŞ-dan asılı olmadan öz qlobal rolunu gücləndirməyə çalışır. "Le Point"in belə bir mövzu seçməsi Avropanın çoxqütblü dünyaya adaptasiyasını göstərən bir addım kimi qəbul edilə bilər.
Beləliklə, bu üz qabığı qlobal güc dəyişikliyi, çoxqütblü sistemin formalaşması və beynəlxalq hüququn yeni çağırışları haqqında mesajlar verir. ABŞ, Rusiya, Çin və Türkiyənin rolunun vurğulanması, Qərb dominantlığının zəiflədiyini və alternativ qlobal oyunçuların yüksəldiyini göstərir. Bu foto beynəlxalq münasibətlərdə hərbi, iqtisadi və informasiya sahəsindəki rəqabətin intensivləşdiyini və ənənəvi dünya düzəninin sarsıldığını simvolizə edir.
Yunis Xəlilov
Hüquqşünas