Argentina prezidenti İlon Maska qeyri-adi hədiyyə təqdim edib
Dünya
1569
21 Feb 2025 | 22:40

Argentina prezidenti İlon Maska qeyri-adi hədiyyə təqdim edib

"Trampın ardınca Mask Zelenskiyə qarşı ritorikanı gücləndirib..."
 
Argentina prezidenti Xavyer Miley ABŞ Dövlət Effektivliyi Departamentinin rəhbəri, amerikalı iş adamı İlon Maska qeyri-adi hədiyyə verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dzen.ru" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, siyasətçi ixtiraçıya benzin mişarı bağışlayıb, bu alət vaxtilə Mileyin seçki kampaniyasının rəmzinə çevrilib. Hədiyyə ABŞ-ın Merilend ştatında keçirilən illik Mühafizəkar Siyasətçilər Konfransında təqdim olunub.
 
Mask və Miley bu hədiyyəni orijinal şəkildə təqdim edib. Əvvəlcə səhnəyə başında "Make America Great Again" ("Amerikanı yenidən əzəmətli edək") yazılmış qara papaq olan İlon Mask çıxıb. O, ictimaiyyət qarşısında çıxış edərək bildirib ki, Xavyer Miley onun üçün bir hədiyyə hazırlayıb. Bundan sonra tədbirin aparıcısı Argentina prezidentinin səhnəyə çıxdığını elan edib.
 
Siyasətçi əlində işlək vəziyyətdə olan benzin mişarı ilə səhnəyə çıxıb. Alətin üzərində ispan dilində "Viva la libertad, carajo!" yazııb ki, bu ifadə sərbəst tərcümədə "Azadlıq yaşasın, lənət şeytana!" mənasına gəlir. Mask hədiyyəni qəbul edərək bildirib ki, bu alət ona bürokratiya ilə mübarizədə lazım olacaq. O, səhnədə bir neçə dəfə mişarı işə salıb, tamaşaçılar isə bunu böyük coşqu ilə qarşılayıb.
 
Görünən odur ki, Mask hədiyyəni həqiqətən bəyənib. O, "X" sosial platformasında əlində benzin mişarı tutduğu bir neçə şəkil paylaşıb və hətta onlardan birini profilinin əsas fotosu kimi yerləşdirib. "Mileyin mişarı" onun prezidentlik kampaniyasının əsas rəmzlərindən biri olub. Seçkiləri qazanan namizədin sözlərinə görə, bu alət onun Argentinada "problemləri kökündən həll etmək" istəyini ifadə edir.
 
Rusdilli insanlarda belə bir hədiyyə daha çox "büdcə oğurluğu" ilə əlaqələndirilə bilər, lakin Qərbdə mişarlarla bağlı belə assosiasiyalar yoxdur. Amerikalılar üçün benzin mişarı daha çox qorxu filmləri və karikatura maniyakları ilə bağlı obraz yaradır. Lakin bu hədiyyənin argentinalı siyasətçi tərəfindən təqdim edildiyini nəzərə alsaq, onun mənası ilkin kontekstində qalır və Mileyin seçki kampaniyası zamanı dəfələrlə izah edilib.
 
Bu arada isə Mask Trampın ardınca Zelenski əleyhinə ritorikanı gücləndirib. O, öz sosial şəbəkəsində Zelenskinin həyat yoldaşı Yelena ilə birlikdə dünyanın aparıcı "glamour" nəşri olan "Vogue" jurnalı üçün çəkdirdiyi fotosessiya ilə bağlı paylaşımı təkrarlayıb. "O bunu elə bir vaxtda edib ki, uşaqlar cəbhə xəttində səngərlərdə ölürdülər", - Mask Zelenski cütlüyünün "Vogue"dakı şəkilini belə şərh edib.
 
Maskın "X" platformasındakı auditoriyası kifayət qədər ağıllıdır və bir çoxları onun Ukrayna prezidentinə yönəltdiyi bu açıq-aşkar "qaralama kampaniyası"nın obyektiv reallığa uyğun olmadığını qeyd edərək təəccüblənib.
 
"Salam, İlon. Bir çox məsələdə haqlısan, amma bir çox məsələdə də tamamilə səhv edirsən. Belə çətin bir dönəmdə Zelenskiyə hücum etməyin xüsusilə məyusedicidir. Amma heç olmasa öz təcrübəndən görürsən ki, insanlar kor-koranə sənin dediklərini hətta solçu hökumətdən boğaza yığışsalar belə, qəbul etmir", - bir istifadəçi cavab olaraq yazıb.
Link kopyalandı!
Son xəbərlər