"Rusiya çoxdandır ki, ABŞ-ı Avropanın təhlükəsizlik arxitekturasından çıxarmaq və Şərqi Avropanı onun ixtiyarına buraxmaq niyyətini güdür..."
Rusiya Səudiyyə Ərəbistanında NATO qüvvələrinin Şərqi Avropadan çıxarılmasını tələb edib. Amerika nümayəndə heyəti Moskvanın tələbinə rədd cavabı verib, lakin Vaşinqtonun bu güzəştə getməyəcəyinə dair heç bir təminat yoxdur.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Nəşr yazır ki, Rusiya ABŞ-la Ər-Riyadda Ukraynada müharibənin dayandırılması ilə bağlı aparılan danışıqların ilk raundundan NATO qüvvələrinin alyansın şərq cinahından çıxarılmasını tələb etmək üçün istifadə edib. Qeyd olunur ki, Avropa paytaxtlarında Tramp administrasiyasının sülh sazişinin bağlanmasına razılaşa biləcəyinə dair narahatlıq yaranıb.
Rumıniya prezidentinin aparat rəhbəri və müdafiə və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kristian Diakonesku bildirib ki, Amerika nümayəndə heyəti Moskvanın tələbini rədd edib. Bununla belə, Vaşinqtonun Rusiya diktatoru Vladimir Putinə bu güzəştə gedib-getməyəcəyi barədə heç bir təminat yoxdur.
"Mənim başa düşdüyüm qədər, vəziyyət saatbasaat və ya günbəgün dəyişə bilər", - Diakonesku deyib. O, bununla Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskini kəskin tənqid etməsini və Amerika liderinin danışıqlar başlamazdan öncə Rusiyaya verdiyi güzəştləri nəzərdə tutub.
Rumıniyalı məmur əlavə edib ki, bu həftənin əvvəlində Ər-Riyadda keçirilən danışıqlarda Rusiya nümayəndə heyəti NATO qüvvələrinin çıxarılması ilə bağlı amerikalıları inandıra bilməyib. Bundan əlavə, Böyük Britaniya və Fransa liderlərinin gələn həftə Vaşinqtona edəcəyi səfərlər məhz Trampı Kremlin bu tələbini yerinə yetirməməyə inandırmağa yönəlib.
"Lakin Tramp administrasiyasının son günlərdə Moskvaya verdiyi güzəştlər- Ukraynanın NATO üzvlüyündən imtina edilməsindən tutmuş ABŞ-ın Rusiya ilə münasibətləri normallaşdıracağına dair vədlərinə qədər Alyansın cəbhə bölgəsində yerləşən şərq dövlətləri hökumətlərini ABŞ prezidentinin niyyətləri narahat edir", - məqalədə qeyd olunur.
Regiondan olan, adının açıqlanmasını istəməyən yüksək vəzifəli məmur nəşrə bildirib ki, onlar "mesajlarının ünvanına çatıb-çatmadığına əmin deyil": "Biz Vaşinqtonu müxtəlif səviyyələrdə ətraflı şəkildə məlumatlandırmışıq, amma Trampa çatıb-çatmadığını bilmirəm. Buna görə də risk və narahatlıq qalır ki, Rusiya Ukraynaya təzyiq göstərərək Vaşinqtonu nəyəsə razı salmağa məcbur edə bilər".
Rusiya prezidenti artıq uzun müddətdir ki, ölkəsinin Şərqi Avropadakı nüfuz dairəsini bərpa etməyə çalışır. O, bunu ABŞ, Böyük Britaniya və SSRİ-nin İkinci Dünya müharibəsinin sonunda Yalta sülh konfransında əldə etdiyi razılaşmalara uyğun hesab edir.
Rumıniya prezidenti İlie Boloyan Parisdə fransalı həmkarı Emmanuel Makronla görüşündən sonra Avropa liderlərinin ABŞ-la təmaslarında bölgəyə təsir edən bütün təhlükəsizlik tədbirlərində iştirakın zəruriliyini vurğulayacaqlarını bildirib. Diakoneskunun sözlərinə görə, hazırkı vəziyyət "son dərəcə mürəkkəb və ciddi" görünür.
O, dəmir pərdə arxasında yaşamayan gənc avropalıları xəbərdar edərək bu anın "cəhənnəm qapılarına" qayıdış ola biləcəyini bildirib: "Benzin növbələri, yoxsulluq, xəstəxanalarda ölən qadınlar, istiliksiz qalan insanlar... ali rəhbərə saatlarla davam edən televiziya tərifləri. Yalta məhz bunu ifadə edir."
Rumıniyalı hərbi analitik, Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı və kəşfiyyat zabiti Sandu-Valentin Matey bildirib ki, Avropa yenidən tarixi bir yol ayrıcındadır. Onun sözlərinə görə, Avropa dayanacaq və təhlükəsizlik razılaşmalarının növbəti dəfə pozulmasına yol verməyəcək.
"Biz burada Rusiyanın köhnə ideyasını görürük- ABŞ-ı Avropanın təhlükəsizlik arxitekturasından çıxarmaq və Şərqi Avropanı onların ixtiyarına buraxmaq, öz təsir dairəsinə daxil etmək.
İndiyə qədər ABŞ-ın cavabı "yox" olub, amma əminəm ki, Rusiya bu siyasətini davam etdirəcək. Bu, onların strategiyasıdır, Putinin hakimiyyətə gəlməsindən sonra əsas siyasətidir", - analitik əlavə edib.