"ABŞ prezidenti Zelenskinin yerinə güzəştlərə daha meylli birnin keçməsini istəyir..."
Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evdəki dostlarının siyahısı sülh danışıqlarında gərginliyin artması ilə azalır.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Post" nəşri yazıb.
Nəşr qeyd edir ki, əvvəldən gərgin olan münasibətlər bu həftə açıq düşmənçiliyə çevrilib. Vaşinqton və Kiyev arasındakı münasibətlərin pisləşməsi qəfil görünsə də, Ağ Evdəki müzakirələrə bələd olan bir mənbə bildirib: "Bu, mənim üçün yeni xəbər deyil. Bir neçə ay əvvəl eşitmişdim ki, seçkilərin və yeni rəhbərliyin vaxtı gəlib çatıb".
Trampa yaxın olan ikinci bir mənbə də bu fikirlə razılaşıb və belə bir təklif irəli sürüb: "Zelenski üçün və ümumilikdə sülh naminə ən yaxşı seçim onun dərhal Fransaya getməsidir". Bu arada Ağ Evin bir rəsmisi etiraf edib ki, o, Zelenskini bəyənmir, çünki o, "kilsələri qadağan edir".
Ağ Evdə əvvəllər Ukraynanı müdafiə edənlər, o cümlədən milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts Trampın mövqeyini bölüşərək Zelenskini tənqid edib, lakin Rusiya lideri Putin haqqında heç nə deməyiblər.
"ABŞ prezidentinin açıqlamaları göstərir ki, o, Ukraynada seçkilərin mümkün qədər tez keçirilməsini və Zelenskinin yerinə güzəştlərə daha meyilli birinin keçməsini istəyir. Bu şəxs Tramp və onun müttəfiqlərinin etibar etdiyi biri- ya hərbi lider, ya da biznesmen ola bilər," - nəşr qeyd edir. Bununla belə, mənbələr vurğulayıb ki, Trampın konkret olaraq dəstəklədiyi açıq bir namizəd yoxdur.
Tramp və Zelenski arasındakı gərginlik
İki prezident arasında heç vaxt isti münasibətlər olmayıb. Son günlər isə vəziyyət daha da kəskinləşib. Tramp Zelenskini faydalı qazıntıların çıxarılması ilə bağlı razılaşmanı imzalamadığı üçün tənqid edib.
O, ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanında apardığı danışıqlara Ukraynanın münasibətindən narazılığını ifadə edib. Hətta Tramp Zelenskini "diktator" adlandıracaq qədər irəli gedib.