Dünya
1585
20 Feb 2025 | 22:08

"Aralıq dənizində Rusiya ilə əlaqəli gəmilərdə müəmmalı partlayışlar baş verib" - "Reuters"

"Bu üç gəmi son vaxtlar Rusiya limanlarına daxil olub, partlayışların terror hücumları nəticəsində baş verdiyi güman edilir..."
 
Son bir ay ərzində Aralıq dənizində üç tankerdə naməlum səbəblərdən partlayışlar baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" informasiya agentliyi məlumat yayıb.
 
Məlumata görə, bu hadisələr son onilliklər ərzində Aralıq dənizinin mərkəzi hissəsində partlayış nəticəsində zədələnən hərbi olmayan gəmilərlə bağlı ilk insidentlərdir.
 
Belə ki, fevralın 15-də, şənbə günü, İtaliya limanında dayanan Yunanıstana məxsus "Sidjuel" tankerində iki partlayış baş verib. Birinci partlayış gəminin gövdəsində, su xəttindən aşağıda bir metrlik dəlik açıb. İkinci partlayış 20 dəqiqə sonra qeydə alınıb, lakin ciddi ziyan vurmayıb. "Reuters" xəbər verir ki, İtaliya prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.
 
Yanvarın sonunda Türkiyənin Ceyhan limanı yaxınlığında həmin yunan şirkətinə məxsus başqa bir xam neft tankeri də partlayış nəticəsində zədələnib.
 
Üçüncü partlayışdan zərər çəkən Kiprə aid "Grace Ferrum" tankeri fevral ayında Liviya sahillərində zədələnib. Məlumata görə, gəmi hətta xilasetmə əməliyyatına ehtiyac duyub.
 
Gəmiizləmə məlumatlarına və mənbələrin açıqlamalarına əsasən, jurnalistlər bildirir ki, bu üç gəmi "son vaxtlar Rusiya limanlarına daxil olub".
 
Xatırladaq ki, dekabrın sonunda Aralıq dənizində partlayışlardan sonra Ursa Major ("Böyük Ayı") adlı Rusiya yük gəmisi suya qərq olub. Maraqlıdır ki, bu gəmi uzun illər Rusiya hərbi qüvvələrinin Suriyadakı qruplaşmasını təmin etmək üçün yüklər daşıyıb.
 
 "Oboronloqistika" gəmisinin operatoru sonradan bəyan edib ki, gəmi qəsdən təşkil olunmuş terror hücumuna məruz qalıb: "Gəminin sağ bortunun arxa hissəsində ardıcıl üç partlayış baş verib, bundan sonra gəmi sürətlə meyllənib və nəticədə batıb". 
 
"Oboronloqistika" həmçinin vurğulayıb ki, gəmidə yüklənmə ilə bağlı heç bir problem olmayıb və o, Sankt-Peterburqdan Vladivostoka 806 ton çəkisi olan layihə yükü ilə hərəkət edib. Hadisənin arxasında kimin dayana biləcəyi barədə heç bir məlumat verilməyib.
Link kopyalandı!
Son xəbərlər