Dünya
1617
20 Feb 2025 | 15:35

"ABŞ Ukraynanın NATO üzvlüyünü nəzərdən keçirir, lakin bir şərtlə" - "NBC News"

"ABŞ-ın iştirakı olmadan Ukrayna üçün Avropanın təhlükəsizlik zəmanətləri yetərli olmayacaq..."
 
ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən biri, sülh sazişinin bir hissəsi kimi, Rusiyanın yenidən hücum edəcəyi təqdirdə Ukraynaya avtomatik NATO üzvlüyünün verilməsidir.
 
Moderator.az xəbər verir ki, bu barədə "NBC News" nəşri məlumat yayıb.
 
Planlaşdırılır ki, bu zəmanət Ukrayna və onun müttəfiqləri üçün əsas problemi- Rusiyanın yenidən qruplaşaraq təkrar hücum etməsi təhlükəsini həll etsin.
 
Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskinin bəzi güzəştlərə getməkdə tələsməməsindən narazıdır. ABŞ və Avropa rəsmiləri bu güzəştləri öz aralarında artıq zəruri hesab edib.
 
"O, Ukraynanın ABŞ və Rusiya arasında aparılan müharibənin dayandırılması danışıqlarından kənarda qalmasından açıq şəkildə şikayətlənməsinə görə qəzəblənib", -  jurnalistlər qeyd edir. "Məyusluq var", - Ağ Evin nümayəndəsi bildirib və Zelenskinin, eləcə də bəzi Avropa liderlərinin Trampın səylərini "gözdən salmağa" çalışdığını iddia edib.
 
Nəşr qeyd edir ki, Tramp administrasiyasının bəzi rəsmiləri Vaşinqton və Kiyev arasındakı əlaqələrin tamamilə pozulmasının qarşısını almağa çalışıb. Fevralın 12-də Brüsseldə çıxış edəcək Pentaqon rəhbəri Pit Hegsetin komandası məsləhət görüb ki, o, Ukraynanın NATO-ya üzv olmayacağını açıq şəkildə deməsin.
 
Lakin mənbələrin sözlərinə görə, o, bu tövsiyəni nəzərə almayıb. O, bildirib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri "NATO üzvlüyü vasitəsilə təmin edilməməlidir". Bununla belə, ertəsi gün ritorikasını yumşaldaraq "bütün variantlar masadadır və müzakirə olunur" deyib.
 
Ancaq necə olursa-olsun, həm Hegset, həm də vitse-prezident Cey Di Vens Avropaya səfərləri zamanı açıq şəkildə bildirib ki, Avropa öz müdafiəsinə görə məsuliyyət daşımalıdır, çünki Tramp administrasiyasının ABŞ-ın cənub sərhədi və Hind-Sakit okean regionu kimi fərqli prioritetləri var.
 
Ukrayna üçün təhlükəsizlik zəmanətləri
 
Fevralın 16-da Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, ABŞ Avropa ölkələrindən Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflər istəyib. Bu, müharibənin dayandırılması yollarının diplomatik axtarışları fonunda baş verib.
 
Bundan öncə Avropa İttifaqı bəyan edib ki, ABŞ-ın dəstəyi olmadan Ukraynaya sülhməramlı qüvvələr göndərməyə hazır deyil. Prezident Vladimir Zelenski isə xəbərdarlıq edib ki, yalnız Avropa ölkələrindən alınacaq təhlükəsizlik zəmanətləri ABŞ-ın iştirakı olmadan Ukraynanın uzunmüddətli müdafiəsi üçün "kifayət qədər" olmayacaq.
Link kopyalandı!
Son xəbərlər