Dünya
1907
19 Feb 2025 | 17:00

"Rusiya İranla münasibətlərə böyük önəm verir" - Dmitri Peskov

"İranın nüvə proqramı məsələsi tərəflərin siyasi iradəsi olduğu halda diplomatik yolla həll edilə bilər..."
 
Rusiya İranla münasibətlərə böyük önəm verir və onların inkişafını, o cümlədən vacib məsələlərin həllinə kömək etməyi planlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "İRNA" agentliyinə müsahibəsində bəyan edib. Məlumatı "Anadolu Ajansı" agentliyi yayıb.
 
"Moskva və Tehran arasındakı qarşılıqlı əlaqə prosesi Rusiya-Amerika münasibətləri ilə heç bir şəkildə bağlı deyil. Moskva İranla olan yaxşı tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və onları hərtərəfli inkişaf etdirmək niyyətindədir. Xüsusilə, nüvə proqramı kimi ən kəskin məsələlərin həllinə kömək etməyə hazırdır", - Peskov ABŞ prezidenti Donald Trampın Rusiyadan İranla əməkdaşlığı dayandırmağı tələb edəcəyi təqdirdə Moskvanın mövqeyi barədə suala cavab verərkən qeyd edib.
 
Müxbir Peskovdan Kremlin bəyanatını şərh etməyi xahiş edib. Həmin bəyanata görə, sonuncu telefon danışığı zamanı Putin və Tramp İranın nüvə proqramını müzakirə edib. Rusiya prezidentinin nümayəndəsi bildirib ki, bu mövzu əsas müzakirə mövzularından biri olmayıb və vurğulayıb ki, telefon danışıqlarının əsas mövzusu "Rusiya-Amerika münasibətlərinin kompleks şəkildə bərpası" olub.
 
"Biz hesab edirik ki, bütün maraqlı tərəflərin siyasi iradəsi olduğu halda, İranın nüvə proqramı məsələsi diplomatik yolla həll oluna bilər və həll olunmalıdır. Rusiya və ABŞ prezidentlərinin telefon danışığına qayıdaraq, qeyd etmək lazımdır ki, Yaxın Şərq nizamlanması məsələsi söhbətdə toxunulsa da, detallar müzakirə edilməyib", - Kremlin sözçüsü bildirib.
 
Xatırladaq ki, fevralın 17-də İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai vurğulayıb ki, İranın nüvə proqramı BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiya ilə müzakirə olunan məsələlərdən biridir. O, əmin olduğunu bildirib ki, İran mütləq Rusiya ilə bu ölkənin ABŞ-la İranın nüvə proqramı üzrə təmaslarını müzakirə etməyə davam edəcək.
Link kopyalandı!
Son xəbərlər