Bizi sosial şəbəkələrdən izləyin:
Dünən dünya siyasətində iki mühüm görüş baş tutdu. Ər-Riyadda Ukrayna iştirak etmədən ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aparıldı, eyni zamanda Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski arasında görüş keçirildi. Bu iki görüş beynəlxalq münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Qərb dünyasının Ukraynanı tək qoyduğu bir vaxtda Ankara Kiyevə açıq dəstəyini nümayiş etdirdi. Ərdoğan Zelenskini siyasi himayəsi altına alaraq Ukraynanın tək olmadığını dünyaya mesaj verdi. Bu fonda Ər-Riyaddakı ABŞ-Rusiya görüşü diqqət çəkir. Ukraynanın iştirak etmədiyi bu görüşdə hansı ssenarilərin müzakirə olunduğu və Kiyevsiz bir sülh prosesinin mümkün olub-olmadığı sual doğurur. Bəs bu diplomatik hərəkətlilik müharibənin gedişatına necə təsir edəcək?
Bu barədə Moderator.az-a danışan türkiyəli politoloq Hasan Oktay deyib ki, dörd ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi Trampın müdaxiləsi ilə daha da çıxılmaz bir mərhələyə qədəm qoyub:
“Səudiyyə Ərəbistanında keçirilən Rusiya-ABŞ görüşünə Zelenskinin dəvət olunmaması, Ukrayna ilə bağlı hansı sülh prosesinin başlanacağına dair qeyri-müəyyənlik yaradıb. Burada Zelenskinin razılığı olmadan sülhün imzalanması mümkün olmadığı üçün xüsusilə onun prezidentlik müddətinin başa çatdığı və Ukraynada seçkilər keçirilməli olduğu, yeni bir prezidentin seçilməsindən sonra danışıqların aparılmalı olduğu vurğulanıb. Ukrayna böhranının Rusiyanın hücumu ilə başladığını nəzərə almadan bütün məsuliyyəti Zelenskinin üzərinə qoymaq və onu prosesdən kənarlaşdıraraq yeni seçiləcək Ukrayna rəhbəri ilə hər hansı sülh sazişi imzalamaq hazırkı şəraitdə mümkün görünmür. Avropa İttifaqı Səudiyyə Ərəbistanındakı bu görüşü nəzərə alaraq Parisdə təcili toplantı keçirib. İttifaq, ABŞ-ın dəstəyi olmadan Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı ərazilərini qorumaq üçün bir yol xəritəsi üzərində işləyir”.
Politoloq əlavə edib ki, Ər-Riyadda Ukrayna ilə bağlı bir toplantı keçirilsə də, əslində Ukrayna böhranından əvvəl ABŞ, Rusiyanı Çinə qarşı həyata keçirilməsi planlaşdırılan əməliyyata razı salmaq məqsədilə Ukrayna məsələsini təzyiq kimi istifadə edirdi. Yəni, ABŞ, Rusiyanı Çinə qarşı daha geniş bir hərbi əməliyyatla bağlı razı salmağa çalışırdı:
“Rusiya isə Ukrayna torpaqlarına hücum etdi və nəticədə ABŞ əsas məqsədindən uzaqlaşdı. İndi Tramp Rusiyanı öz tərəfinə çəkərək Avropa İttifaqı ilə Rusiyanın Ukraynada qarşı-qarşıya gəlməsinə şərait yaradıb.
Türkiyə isə Ukrayna böhranında əvvəldən tərəfsizlik prinsipini qoruyub, lakin bununla yanaşı, hər fürsətdə Ukraynanın ərazi bütövlüyünü vurğulayıb. Zelenski Türkiyəyə gələrək Rusiya ilə ABŞ arasında balanslı bir siyasət yürüdən Ərdoğanın himayəsinə sığındı. Trabzonda səsləndirilən açıqlamalarla Zelenskinin tək günahkar kimi göstərilməsinə qarşı Ərdoğanın açıq şəkildə Zelenski ilə görüşməsi ona ciddi mənada mənəvi dəstək oldu. Ukrayna xalqı işğala son qoymaq üçün sona qədər mübarizə aparmaq niyyətindədir. Tramp isə "sülh üçün addım atdım, lakin artıq prosesi Avropa İttifaqı idarə edəcək" deyərək Rusiyanı öz tərəfinə çəkəcək və Çinə qarşı böyük bir iqtisadi sanksiyalar tətbiq edəcəkdir”.
Mehin Mehmanqızı