"Belə bir hadisə ən azı bir neçə milyon il sonra baş verəcək, lakin Yer kürəsi təhlükəli asteroidlə daha tez qarşılaşa bilər..."
Beynəlxalq fiziklər komandası ilk dəfə olaraq miqyaslı kompüter simulyasiyası vasitəsilə fəlakətli bir prosesi modelləşdirib. Bu proses meteorit zərbələri, supernova partlayışları və ya qamma şüalanması ilə müqayisədə, sadəcə, fişəng partlayışları qədər kiçik görünür.
Moderator.az xəbər verir ki, bu barədə "prokosmos.ru" nəşri yazıb.
Məlumatda deyilir ki, söhbət, əslində, Kainatın sonundan gedir, bəzi alimlərin ehtimal etdiyinə görə, əgər kainat "yalançı vakuum tələsi"ndədirsə, bu son qaçılmaz ola bilər. Məhz bu Armageddon ssenarisini modelləşdirmək üçün tədqiqatçılar "kvant tavlama" adlı texnologiyadan istifadə edib.
Təxminən yarım əsr öncə aparıcı kvant fizikləri belə bir fərziyyə irəli sürüb ki, bizim kainatımız yalnız zahirən sabit görünür. Əslində isə o, "yalançı vakuum" vəziyyətindədir və istənilən an həqiqi vakuuma keçid edə bilər. Bu isə fundamental sabitlərin demək olar ki, ani şəkildə dəyişməsi və nəticədə kainatın hazırkı formasının dərhal məhv olması və yenidən doğulması deməkdir.
Fiziklər dəfələrlə bu hadisəni simulyasiya etməyə çalışıb ki, onun ehtimalını və (əgər sıfırdan fərqlidirsə) baş vermə müddətini hesablaya bilsinlər. Lakin bu, yalnız indi, professor Zlatko Papiçin rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən mümkün olub. Layihə Lids Universiteti, Yulih Araşdırma Mərkəzi və Avstriya Elm və Texnologiya İnstitutu tərəfindən birgə həyata keçirilib.
Əsas məqsəd yalançı vakuumun dağılması prosesinin təməlində hansı mexanizmin dayandığını anlamaq olub. Bu araşdırma isə yalnız 5564 kubitlik qabaqcıl kvant kompüterinin tətbiqi sayəsində mümkün olub.
O, "kvant normallaşdırması" və ya "kvant tavlama" üsulunda ustadır. Bu metod müxtəlif diskret variantlar arasında qlobal minimumu- ən enerji-effektiv həlli tapmağa əsaslanır. Bu araşdırmada həmin texnika yalançı vakuumda yaranan "köpüklərin" davranışını modelləşdirmək üçün istifadə olunub.
Alimlər bu köpükləri, havanın temperaturu şeh nöqtəsindən aşağı düşdükdə əmələ gələn su damlalarına bənzədib. Necə ki, buxar yox olur və şeh otların üzərinə çökür, kainat da, əgər bu "köpüklər" kifayət qədər geniş yayılarsa, enerjiyə daha qənaətcil olan həqiqi vakuum vəziyyətinə keçə bilər.
Kvant tavlama texnikası alimlərə bu prosesin özünəməxsus "rəqsini" real vaxt rejimində müşahidə etməyə imkan verib.Başlanğıcda xaotik görünən bu proses tədricən mürəkkəb bir sistemə çevrilib və tədqiqatçılar nəzarət altında onu yalançı vakuumdan həqiqi vakuuma keçirməyi bacarıb.
Bununla belə, ilkin eksperiment bəzi sadələşdirmələrlə aparılıb, məsələn, simulyasiya olunan dünya bizimkindən fərqli olaraq yalnız bir ölçülü olun. Lakin alimlər hesab edir ki, prinsipial fərqlər olmamalıdır və yaxın gələcəkdə hətta eyni kvant kompüterində üçölçülü məkanda da oxşar təcrübəni təkrarlamağı planlaşdırır.
Bu uğurlu eksperiment Böyük partlayışdan sonra baş verən proseslərin başa düşülməsindən tutmuş, kvant kompüterlərinin optimizasiyasına və kriptoqrafiya ilə materialşünaslıqda inqilabi kəşflərə qədər bir neçə elm sahəsində eyni anda irəliləyiş deməkdir.
Kainatın vakuum Armageddonuna gəldikdə isə, Papiç və onun həmkarları əmin edir ki, belə bir hadisə baş versə belə, ən azı bir neçə milyon il sonra olacaq. Lakin Yer kürəsi təhlükəli asteroidlə daha tez qarşılaşa bilər.